ABŞ-ın bir neçə şəhərlərində komendant saatı tətbiq olunub

ABŞ-ın bir neçə şəhərlərində komendant saatı tətbiq olunub
  • Clock-gray 06:57
  • calendar-gray 31 May 2020

ABŞ-ın Denver (Kolorado ştatı), Sinsinnati (Ohayo ştatı), Miluoki (Viskonsin ştatı) və Los-Anceles (Kaliforniya ştatı) şəhərlərinin merləri Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra baş qaldıran kütləvi iğtişaşlarla əlaqədar öz ərazilərində komendant saatının tətbiq olunduğunu elan ediblər.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə onlar şəxsi “Twitter” səhifələrində bildiriblər.

“İstəyirik ki, hər kəs təhlükəsizlikdə olsun. Buna görə də bu gecə (30 may) saat 20:00-dan etibarən bazar ertəsi günü, 1 iyun saat 05:00-dək bütün şəhər ərazisində komendant saatı tətbiq olunur”, - deyə Denverin meri Maykl Henkok şəhər ərazisinə müraciətində qeyd edib.

Sinsinnati şəhərinin meri Con Kranli isə etirazlarla əlaqədar şənbə və bazar günlərində saat 22:00-dan 06:00-dək komendant saatının tətbiqini elan edib: “Ötən gecə Sinsinnati polisi vətəndaşların etiraz etmək hüququna qarışmamaqla əsl peşəkarlıq göstərib, ancaq onlar heç bir halda cinayət əməlləri ilə barışa bilməzlər”.

“CNN” telekanalı Sinsinnati şəhərinin hüquq-mühafizə orqanlarına istinadən xəbər verib ki, şəhər ərazisində iğtişaşlar zamanı 11 etirazçı saxlanılıb. Etirazçıların həbsi zamanı bir polis və bir etirazçı xəsarət alıb.

Miluoki şəhərinin meri Tom Barrett, həmçinin mətbuat konfransında şənbə günü saat 21:00-dan şəhər ərazisində komendant saatının tətbiq olunduğunu elan edib. Yerli polisin məlumatına görə, cümə günü baş verən iğtişaşlar zamanı polis əməkdaşlarından birinə odlu silahdan atəş açılıb, ancaq onun əynində gülləkeçirməz gödəkçə olduğundan xəsarət almayıb.

Kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları səbəbindən eyni tədbirlərə Los-Anceles şəhərinin meri Erik Qarsetti də əl atıb.

“Biz hər zaman söz azadlığını və Los-Anceles sakinlərinin qəddarlıq və vandalizm qorxusundan uzaq şəraitdə yaşamaq hüququnu müdafiə edəcəyik. Nümayişçilərin, hüquq-mühafizə orqanlarının və Los-Anceles əhalisinin təhlükəsizliyini artırmaq məqsədilə saat 20:00-dan 05:00-dək komendant saatı tətbiq edirik”, - Qarsetti bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“ABC” telekanalının verdiyi xəbərə görə, Los-Anceles polisi aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan, işıqsaçan qumbaralardan və rezin güllələrdən də istifadə edib. Aksiyalar zamanı polis əməkdaşları arasında xəsarət alanların olduğu da bildirilir.

Qeyd edək ki, kütləvi iğtişaşların yatırılması məqsədilə ABŞ-ın Minnieapolis, Luisvill, Portlend və daha bir neçə şəhərlərində də komendant saatı tətbiq olunub.

Sərxan Kamallı

Digər xəbərlər