Cənubi Koreyada leysan yağışları 31 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada leysan yağışları 31 nəfərin ölümünə səbəb olub
  • Clock-gray 08:11
  • calendar-gray 10 Avqust 2020

Cənubi Koreyada ayın əvvəlindən bəri davam edən güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsində azı 31 nəfərin öldüyü, 11 nəfərin itkin düşdüyü bildirilir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Təbii fəlakətlərə qarşı mübarizə mərkəzində yaradılmış qərargah məlumat yayıb.

Bildirilib ki, keçən həftə sonu Qvanju şəhərində və cənubi, eləcə də şimali Ceolla əyalətlərində 13 nəfər həyatını itirib. 

11 şəhər və vilayətdə təxminən 7 min insan sel nəticəsində dağılma təhlükəsi yarandığından evlərini tərk etmək məcburiyyətində qalıb. 3,4 min nəfər hələ də müvəqqəti sığınacaqlarda məskunlaşıb. 

Ən azı 14 min yaşayış evinə, binalara, həmçinin 4,3 minə yaxın körpü və avtomobil yollarına ziyan dəyib. Ümumilikdə ən az 700 torpaq sürüşməsi qeydə alınıb.

Təxminən 25 min hektar əkin sahəsi su altında qalıb. Leysan yağışları dəmiryolu xətlərində nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

“Çanmi” tayfunu Koreya yarımadasına yaxınlaşdıqca, daha çox yağışın olacağı proqnozlaşdırılır.

Tayfunun çərşənbə axşamı səhər saatlarında Ceju adasına yaxın ərazidə baş verəcəyi, daha sonra ölkənin cənub sahilinə çatacağı gözlənilir. Proqnoza görə, Cənubi Koreya ərazisində yağıntının miqdarının 80-250 mm arasında olacağı gözlənilir.

 

Rəşad Sarıyev

Digər xəbərlər