İranda bu həftə koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı artıb

İranda bu həftə koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı artıb
  • Clock-gray 14:21
  • calendar-gray 18 Sentyabr 2020

“Bütün ölkə “qırmızı” və “risk” zonasına daxil olub. Bu həftə koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı artıb və Tehranda ikiqat çoxalıb”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin Departament rəhbəri İrəc Hərirçi deyib.

O bildirib ki, Tehran vilayəti üzrə gündəlik xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı 700-800 nəfər, sağalanların isə 450-500 nəfərdir: “Təbrizdə gündəlik xəstəxanaya yerləşdirilənlərin sayı 40 nəfərdən az olub, lakin hazırda gündəlik 160 nəfərə artıb. Qum vilayəti üzrə isə vəziyyət partlayış həddinə çatıb, gündəlik 10 nəfərdən 160 nəfərədək artıb. Artıq zonaların “qırmızı”, “narıncı” və “yaşıl” rəngə görə təsnifləşdirilməsi anlayışı əhəmiyyətsizdir və bütün ölkə “qırmızı” və “risk” zonasına daxil olub. Bir neçə aydır ki, ölkə üzrə hər gün 100 nəfərdən çox ölüm halı qeydə alınır”.

İ. Hərirçinin sözlərinə görə, hazırda ölkə üzrə ümumilikdə 35 500 nəfər xəstəxanalara yerləşdirilib və koronavirusun birinci dalğasının pik həddi ilə müqayisədə 10 faiz artım var: “Sosial məsafə qaydasına əvvəllər əhalinin 48 faizi tərəfindən riayət olunurdusa, sonra bu rəqəm 12-14 faizə enib. Görünür, sosial məsafəyə əməl edilməsi nisbəti qarşıdakı 5 ay ərzində 5%-dən də az olacaq. Vəziyyət belə davam edərsə, xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı artacaq”.

Şagirdlərin məktəblərə getmə səviyyəsinin 10-20 faiz olduğunu qeyd edən Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, koronavirusun yayıldığı bölgələrdə məktəblər bağlanmalıdır: “Koronavirusla bağlı təlimatlara əməl olunmazsa, şagirdlər cəmiyyətdə koronovirusun yayılması baxımından ciddi amilə çevriləcəklər”.

Süleyman Fərzəliyev

Digər xəbərlər