Türkiyə XİN İdlib mövzusunda Rusiya ilə aparılan danışıqların yekun nəticələrini açıqlayıb

Türkiyə XİN İdlib mövzusunda Rusiya ilə aparılan danışıqların yekun nəticələrini açıqlayıb
  • Clock-gray 03:14
  • calendar-gray 28 Fevral 2020

 

“İdlib mövzusunda Rusiya ilə danışıqlar aparan Türkiyə dərhal atəşkəs və Soçi memorandumunun tam yerinə yetirilməsini təkid edir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi cümə axşamı Ankarada İdlib mövzusunda Rusiya-Türkiyə məsləhətləşmələrinin üçüncü mərhələsinin nəticələrindən sonra deyib.

“Danışıqlar əsnasında nümayəndə heyətləri İdlibdəki vəziyyəti hərtərəfli araşdırdılar. Bildirdik ki, qısa müddətdə barışıq əldə olunmalıdır. Bu məqsədlə müvafiq addımların atılması təklif edildi. Soçi razılaşmasının tam şəkildə həyata keçirilməsinin və humanitar fəlakətin qarşısını almağın vacibliyini və kütləvi miqrasiya imkanlarını qeyd etdik”,  deyə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlamasında vurğulayıb.

Qeyd edək ki, danışıqların ilk mərhələsi 8-10 fevral tarixlərində Suriyanın şimal-qərbindəki gərginliyin artması fonunda Ankarada baş tutdu. İkinci mərhələ isə 17-18 fevral tarixlərində Moskvada keçirilib.

Rusiya nümayəndə heyətinin tərkibinə prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev və xarici işlər nazirinin müavini Sergey Verşinin, həmçinin Müdafiə Nazirliyinin nümayəndələri daxil idi. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date