Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb

Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb
  • Clock-gray 17:38
  • calendar-gray 02 Mart 2018

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK) fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının formalaşdırılması məqsədilə Akademiyanın idmançı-əməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı çağırılıb.

 

Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının  1-ci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Velosiped idman növünün veteranı Əli Xəlfəyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər əməkdaşları və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.

 

Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və keçdiyi yola nəzər salınıb, prezident  İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi heyətin idmanla məşğul olması və fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.

 

Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. 2017-ci il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilmiş və Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb. Sonra səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in İdarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. İdarə heyətinin ilk iclasında səs çoxluğu ilə dəfələrlə velosiped idmanı növü üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov VİK-in İdarə heyətinin sədri seçilib, həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiq edilib. Əli Xəlfəyev, Sahib Ələkbərov, İsmayıl İsmayılov, Raqif Abbasov çıxışlarında konfransın işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə qüdrətlənən müasir Azərbaycanda idman sahəsinə göstərilən hərtərəfli diqqət və qayğı sayəsində ölkəmizin qazandığı idman şöhrəti barədə danışıblar. Xüsusi qeyd olunmuşdur ki, Azərbaycanın yüksək idman nailiyyətlərinin əldə edilməsində birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var və bu misilsiz zəhmət qədirbilən xalqımız tərəfindən hədsiz coşqu və böyük rəğbətlə qarşılanır.

 

Çıxış edənlər Azərbaycanın daim öz idmançılarının uğurları ilə fəxr etdiyini, bütün qələbələrin təməlində ilk öncə Vətən sevgisinin, vətəndaş-dövlət birliyinin, xalq-iqtidar həmrəyliyinin durduğunu və bunun idman zəfərlərinə aparan başlıca amil olduğunu vurğulayıblar. Qeyd olunub ki, hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan müstəqil Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılar, habelə Velosiped idman klubunun üzvləri bundan sonra da yüksək nəticələr əldə edərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz layiqli töhfələrini verəcəklər.    

apa-logo-mini

Digər xəbərlər