BFB Dünya Birjaları Federasiyasının tərəfdaşı statusunu alıb

BFB Dünya Birjaları Federasiyasının tərəfdaşı statusunu alıb
  • Clock-gray 13:20
  • calendar-gray 14 Fevral 2020

Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges – Federasiya) üzv olmaq üçün müraciət etmiş və Federasiyanın Direktorlar Şurasının 15.01.2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusunu əldə edib. Bununla da BFB regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, Federasiya ilə tərəfdaşlıq Bakı Fond Birjasının inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcəkdir. Bu tərəfdaşlıq həmçinin Bakı Fond Birjası ilə Federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaqdır. Nəticə etibarı ilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaq.

Qeyd edək ki, Federasiya maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjalar  (fond, valyuta, əmtəə və universal) tərəfindən 1961-ci ildə yaradılmış ən böyük müştərək təşkilatdır. Federasiyaya üzv və tərəfdaş olan birjaların ümumi bazar kapitalizasiyası 74,4 trln. ABŞ dolları olmaqla illik bazar dövriyyələri 95 trln. ABŞ dollarından çoxdur. Əlavə olaraq, Federasiyaya  daxil olan birjalar mütəmadi olaraq birgə araşdırma və müzakirələr həyata keçirərək kapital bazarlarının inkişafını təmin edən ən yaxşı təcrübə və standartları müəyyənləşdirir. Eyni zamanda Federasiyanın birjalara dair məlumat bazası beynəlxalq maliyyə qurumları və nüfuzlu reytinq agentlikləri üçün istinad rolunu oynayır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date