“Milli şura”nın uğursuz “siyasi tamaşa”sı və radikal ünsürlərin növbəti özünüifşası

“Milli şura”nın uğursuz “siyasi tamaşa”sı və radikal ünsürlərin növbəti özünüifşası

Dayanıqlı iqtisadi inkişafın və sarsılmaz ictimai-siyasi sabitliyin  təmin olunduğu Azərbaycan tərəqqi yolundan inamla irəliləyir. Ölkəmizin Cənubi Qafqaz regionunun lider dövlətinə, müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu subyektinə çevrilməsini təmin edən çoxsaylı strateji faktorlar mövcuddur. Bu kontekstdə ən mühüm amil, şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara, müasir qlobal çağırışlara əsaslanan uğurlu daxili və xarici siyasətin həyata keçirilməsidir. Praqmatik xarakter daşıyan bu strateji kurs Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və qüdrətinin daha da artmasına xidmət edir.

“Beşinci kolon” anti-Azərbaycan dairələrin siyasi təzyiq aləti kimi…

Əlbəttə, Azərbaycanın dinamik inkişafı, dünya siyasətində yerinin möhkəmlənməsi və rolunun artması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirməsi anti-Azərbaycan, ermənipərəst dairələr tərəfindən həm ciddi narahatlıqla qarşılanır. Belə olan halda, Azərbaycanın müstəqil siyasətinə təsir etmək, müsbət beynəlxalq imicini zədələmək üçün ölkəmizə qarşı “qara piar” kampaniyası aparılır, ictimai rəyi manipulyasiyaya məruz qoymaq məqsədilə müxtəlif cəhdlər edilir. Bu zaman “beşinci kolon”un, yəni xaricdəki “sapı özümüzdən oan balta”ların - antimilli ünsürlərin və ölkəmizdəki radikal, marginal qruplaşmanın xidmətlərindən xüsusi olaraq istifadə olunur. Qərəzli xarici dairələrdən, ermənipərəst mərkəzlərdən daim siyasi direktivlər alan “beşinci kolon” isə virtual müstəvidə “fəallıq” göstərərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar – reallıqları əks etdirməyən informasiyalar (oxu:dezinformasiya) yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düçar olaraq gülünc vəziyyətə düşürlər. Belə hallardan biri də bu günlərdə “Milli şura” adlandırılan qondarma qurumun koordinasiya mərkəzinin videoiclasında qeydə alındı.

Azərbaycan cəmiyyəti radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi və siyasi dünyagörüşünə malik olduqlarına bir daha şahidlik etdi 

Bəhs olunan videoiclasda səsləndirilən qeyri-etik ifadələr, aparılan müzakirənin forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin hansı mənəvi-əxlaqi səviyyədə və siyasi dünyagörüşündə olduqlarını cəmiyyətə nümayiş etdirdi. Adlarını “siyasətçi” qoyan bu şəxslərin müzakirə etdikləri “taleyüklü məsələlər”in mahiyyəti və əhəmiyyəti növbəti dəfə onların siyasi xislətini, o cümlədən bəzi xarici dairələrin maliyyəsi və sifarişləri əsasında hərəkət etdiklərini göstərmiş oldu.

Bu adamların canlı yayım vasitəsilə qapalı iclası xaricə yaymaqla məşğul olduqları da bəlli oldu. Videoiclas zamanı “siyasi fəhmi”ni və mənəvi-siyasi dəyərlərini sərgiləyən Gültəkin Hacıbəyli də qapalı iclasda xaricdəkilərin (oxu:ermənipərəst və anti-Azərbaycan dairələrin) onlara diqqətinin olduğunu və qarşılarında tələblər qoyduqlarını ifadə etməklə hansı qüvvələrə xidmət göstərdiklərini nümayiş etdirdi. Yəni görünən budur ki, hakimiyyətə iddialı olan bu marginal qruplar üçün xalqın rəyi və mənafeyi deyil, anti-Azərbaycan dairələrin tələbləri və göstərişləri birinci dərəcəli məsələdir.

Üzrü qəbahətindən betər və ya “Milli şura” məhz xalqdan üzr istəməli idi!

Bəhs olunan şəxslər bütün bu rəzilliklərdən sonra, heç şübhəsiz ki, xalqdan üzr istəməli idilər. Amma onlar müzakirə predmetinə çevirdikləri azlıqlardan üzr istəməklə xalqa, cəmiyyətə, milli maraqlara və mənəvi dəyərlərə çirkin və sayğısız münasibətlərini ortaya qoydular. Bu, əslində, qrant və ianə üçün bütün tapşırıqlarını yerinə yetirdikləri Avropadakı bəzi qərəzli dairələrə mesaj idi. İsmarıcın mənası isə budur: “Bizim üçün milli mənafe və milli-mənəvi dəyərlər anlayışı yoxdur, biz sizin sadiq xidmətçiləriniz olaraq antixalq və antidövlət mövqeyimizi davam etdiririk”.

Üstəlik, bəhs olunan şəxslər nümayiş etdirdikləri rəzil tamaşanı ört-basdır etmək və ya fərqli formada təqdim etmək üçün hakimiyyəti günahlandırmağa çalışsalar da, buna nail ola – cəmiyyəti aldada bilmədilər. Sonradan tam aydın və məlum oldu ki, özləri məqsədli şəkildə xidmət etdikləri qərəzli dairələrə mesaj vermək üçün qapalı iclası canlı yayıma qoşublar. Bununla da öz daxili aləmlərini və  düşüncələrini, kimlərin müdafiəçisi olduqlarını açıq şəkildə ortaya qoymuş oldular.

Baş verənlərin fonunda qondarma “Milli şura”dan müxtəlif şəxslərin istefası da onların hər hansı ciddi müzakirə aparmaq qabiliyyətində olmadıqlarını, daxili ziddiyyətlərin və konfrantasiyaların məngənəsində boğulduqlarını göstərdi. Bunlar, eyni zamanda, radikal ünsürlər üçün Azərbaycan xalqının rəyinin və mənafeyinin əsas olmadığını, ayrı-ayrı qrupların önəmli olduğu bir daha ortaya qoyuldu. Bəllidir ki, neçə illərdir, bu şəxslər ermənilərin maliyyəsi hesabına istər Azərbaycandan kənarda, istərsə də ölkə sərhədləri daxilində antiazərbaycan təbliğatı aparmaqla, saxta miqrant sənədləri satmaqla məşğuldurlar. Bu, artıq həmin şəxslərin Azərbaycan cəmiyyətində “pasportu”dur.

İflasa məhkum olunmuş marginal qruplaşmanın “siyasi fəaliyyət”i xəyanət prinsipi üzərində qurulub

Ümumiyyətlə, radikal müxalifətin adı bu gün ictimai rəydə xəyanət və satqınlıq anlayışları ilə assosiasiya olunur. 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat tandeminin yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalması, Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsində bu cütlüyün rolu xalqımız tərəfindən unudulmayıb.

Həmin düşərgənin təmsilçiləri bu gün də qrant və ianələr müqabilində ermənilərə, ermənipərəst dairələrə xidmət etməklə Azərbaycan xalqına və dövlətinə qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyirlər. Hətta “gözəgörünməz düşmənlə müharibə” kimi səciyyələndirilən pandemiya şəraitində, milli həmrəyliyin zəruri olduğu bir vaxtda təxribat xarakterli informasiyalar yaymaqla və manipulyativ fikirlər səsləndirməklə dövlətin uğurlarının üzərinə kölgə salmağa, vətəndaş-dövlət birliyini sarsıtmağa çalışırlar. Çünki Azərbaycanın koronavirusla beynəlxalq səviyyədə təqdir olunan nümuvıi mübarizə modeli, dövlət siyasətinə yüksək səviyyədə ictimai dəstəyin göstərilməsi, ən yüksək səviyyədə özünü göstərən milli həmrəylik və digər müsbət amillər radikal qruplaşma və onların xidmət etdikləri anti-Azərbaycan dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. 

Azərbaycan xalqı isə antimilli və xəyanətkar mövqedə olan bu marginal qruplaşmaya öz yerini çoxdan göstərib, onları tarixin tozlu arxivinə göndərib. Radikal ünsürlərin bu cür vasitələrlə siyasi reabilitasiya cəhdləri isə hər zaman olduğu kimi, iflasa məhkumdur!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev