ATƏT-in Minsk qrupu və siyasətdə əxlaq varmı?

ATƏT-in Minsk qrupu və siyasətdə əxlaq varmı?

Siyasətdə etika və mənəviyyatın olub-olmaması əsrlərdən bəri bir çox mütəfəkkirin düşündüyü və bir-biri ilə mübahisə etdiyi mövzulardan biridir.

Hətta indiki “ideal cəmiyyətli sivilizasiyanı” kənara qoyub, uzaq keçmişə nəzər saldıqda siyasət və əxlaq terminlərinin hər zaman müzakirə predmeti olduğunu görmüş olarıq. Aristoteldən bəri yaxşı bir siyasətçi olmaqla, yaxşı da bir insan ola bilmək mövzusu bütün dövrlərin gündəmində olub. Biz bu gün bəzi beynəlxalq təşkilatların və onların arxasında dayanan aparıcı dövlətlərin xarici siyasət fəaliyyətinə nəzər saldıqda bəzi filosofların dediyi “əsl siyasət heç bir əxlaqa sığmır” –  fikirlərinin həyata keçirilməsini sezə bilərik. Siyasətin əxlaqsızlığına haqq qazandırmağa cəhd edən filosoflar kimi, bu günün bəzi siyasi işbazları da xalqları bir-birinə toqquşdurmaqla çirkin məqsədlərinə çatır, Makiavellinin “məqsəd vasitəyə haqq qazandırır” şüarı ilə siyasətlərini qururlar.

Təbii ki, bu gün “siyasətdə əxlaq varmı?” sualına cavab tapmağa çalışan azərbaycanlı, gözlərinin qabağına Ermənistanın beynəlxalq hüququ pozmasını, onun cəzalandırmamasını, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin dünyadakı qayda-qanunları heçə saydıqlarını gətirdikdə siyasətçilər haqqında pessimist fikirlərə qərq olacaq. Bu illər ərzində, İkinci Dünya Müharibəsindən sonra, elə özlərinin qurduqları beynəlxalq nizamı kobud şəkildə pozan BMT-nin Təhlükəsizlik Şurasının üzvləri, Minsk qrupunun həmsədr ölkələri timsalında bütün dünyaya haqq və ədalətin beynəlxalq münasibətlərə yad olduğunu sübut etməkdə davam etməkdədir.

On illərdir, uzanan və həllinə nail olunmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın 5 ən güclü dövlətindən 3-ü tərəfindən həllini tapa bilmir. Necə də gülməli və paradoksal səslənir, elə deyil mi? ATƏT-in Minsk qrupunun həmsədr üzvləri münaqişə ilə bağlı ədalət və qətiyyət nümayiş etdirsəydilər, elə onlardan asılı olan Ermənistan çoxdan danışıqlarda tamam fərqli mövqeyi göstərmiş olardı.

Təəssüf ki, illər keçdikcə münaqişənin həllində nəinki heç bir dəyişiklər olmur, hətta Ermənistan özünü daha da aqressiv aparır.

İlin əvvəlindən artan erməni aqressiyası qarşılığında həmsədr dövlətlərin davranışına nəzər salsaq, tamamilə ikrah doğuracaq mənzərə ilə qarşılaşmalı olarıq. Ermənilərin atəşkəsi müntəzəm olaraq pozması, iyul ayında Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi hücum, bir qədər sonra Goranboyda Ermənistan ordusunun hərbi diversiya cəhdi, son iki ayda Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni olaraq Livan ermənilərini köçürülməsi, işğal altındakı torpaqlara aşkar şəkildə ASALA və PKK üzvlərinin yerləşdirilməsi, Ermənistan rəhbərliyinin və separatçıların “yeni müharibə - yeni ərazilər” və ümumilikdə münaqişənin nizamlanmasını pozan bəyanatları əyani şəkildə kimin danışıqları pozduğunu və müharibə istədiyini göstərmiş olur. Bütün bu sadalananlar qarşılığında isə Minsk qrupu dövlətlərinin davranışı “hansı siyasi etikaya”, “siyasi mənəviyyata” sığır?

Bir neçə gün əvvəl biz Minsk qrupu tərəfindən növbəti sirk ilə qarşılaşmalı olduq. Belə ki, Tovuzda qanlı döyüşlərin baş verməsinin üstündən nə az, nə çox, düz 2 ay keçəndən sonra yatıb-yatıb indi ayılan Minsk qrupu əcaba özlərini, yoxsa bizi dolamaqla məşğuldur? Sentyabrın 14-də, yaydakı təxribatlardan kifayət qədər vaxt keçəndən sonra birdən – birə Minsk qrupu iclas keçirmək sevdasına düşüb və bəyanat da səsləndiriblər. Sentyabr ayının ortasında utanmazcasına həmsədrlər Ermənistan-Azərbaycan sərhədində İYUL ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər!!!

Bəyanatdakı bu cümləyə nəzər yetirək: “Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “QEYD-ŞƏRTSİZ” danışıqlara başlamağa çağırıb”.

Gülməlidir, elə deyil mi? Tovuzda Azərbaycana hücum edən, Şuşada yallı gedən, Qarabağla bağlı danışıqları pozan bəyanatlar verən Ermənistana etiraz etmək əvəzinə həmsədrlər 2 ay yataraq, indi ayılaraq hər iki tərəfi danışıqlara səsləyirlər...

Burada Kantın bir ifadəsini xatırlamaq lazım gəlir: "Qayda tətbiq etməyin qaydası yoxdur".

Bu fikrə istinadla həmsədrlərə səslənərək, qeyd edə bilərik ki, etika qaydalar sistemi, siyasət isə bu qaydaların tətbiq olunma meydanıdır. Odur ki, həmsədr dövlətlər üzərlərinə düşən məsuliyyətin ağırlığını dərk etsələr, yaxşı olar.

Beləliklə, Ermənistanın beynəlxalq hüququ pozmasına və aşkar şəkildə Azərbaycanı müharibəyə təhrik etməsinə görə, İrəvana təzyiq etmək əvəzinə ATƏT-in Minsk qrupunun həmsədrləri həmişəki kimi ümumi şablon bəyanatlar verməklə məşğuldurlar. Bir müddət əvvəl çıxışlarının birində Prezident İlham Əliyev bu kontekstdə Vaşinqton, Paris və Moskvaya səslənərək sual edirdi: "Nədir bunların bəyanatındakı əsas tezis?" Və bu sualın dəqiq cavabını da verir: "...hərb variantı mümkün deyil. Kim deyir? Gedin, açın BMT-nin Nizamnaməsini, baxın, görün, özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır".

Təbii, onlar yaxşı bilirlər ki, beynəlxalq təşkilatların arbitr kimi əsas funksiyası münaqişələrin nizamlanmasında ədalətin və beynəlxalq hüququn mövqeyindən çıxış etməkdir. Minsk qrupu tərəfindən təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Bu isə Azərbaycanı artıq digər tədbirlər görməyə sövq edir...

P.S: Sonda bir məsələni də xüsusilə qeyd etmək istərdim. Beynəlxalq təşkilatların bu kimi davranışları bir daha göstərmiş olur ki, zamanında Vilson tərəfindən bəyan edilən “beynəlxalq münasibətlərdə guya liberalist yanaşmanın dünyanı xaos və anarxiyadan, müharibələrdən xilas edəcəyi” ilə bağlı fikirlər yanlışdır. Çünki hər bir beynəlxalq təşkilatın arxasında bu və ya digər qüdrətli dövlətlər dayanır. Həmin qurumlar da, məhz ağası olan dövlətin və ya dövlətlərin milli maraqlarını, geosiyasi və geoiqtisadi ambisiyalarını həyata keçirirlər.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov