Avropa İttifaqı koronavirus və postkoronavirus dövründə

Avropa İttifaqı koronavirus və postkoronavirus dövründə

Artıq 2 aydır, Çindən qısa zamanda Asiya və Avropaya yayılan koronavirus dünyadakı qüvvələr balansını və strateji ittifaqları alt-üst edib. Məlum olduğu kimi, pandemiyanın mərkəzi Avropa İttifaqı hesab edilir.

Koronavirus böhranı Avropada indiyə qədər formalaşmış parçalanmanı açıq şəkildə ortaya çıxardı. Avropa dövlətləri bu pandemiyaya qarşı nəinki birgə mübarizə apardı, hətta bir-birilərinə bu işdə mane oldu. Əvvəlcə “maska savaşı” başladı. Çexiya mart ayında İtaliyanın sifariş etdiyi 110 min tibbi maska və tibbi ləvazimatı gömrükdə ələ keçirdi. Uzun diplomatik danışıqlardan sonra maskaların sadəcə yarısı sifarişçilərə, İtaliya və İspaniyaya göndərildi. Belə bir dövrdə Avropaya, xüsusilə İtaliyaya Çin, Rusiya və Türkiyənin yardımları diqqət çəkdi.

Hazırda isə pandemiya üzündən iqtisadi böhranın astanasında olan İspaniya, İtaliya və digər dövlətlər Avropa İttifaqı daxilində borc yükünün paylaşılmasını və dövlətlərin qarşılıqlı dəstəyini tələb edir. İtaliya ötən həftələrdə birgə borclanaq deyərək “korona istiqrazları” paketini Aİ üzvlərinə təklif etdi. Fransa, Kipr, Yunanıstan, İspaniya, Belçika, Fransa və Portuqaliya bu təklifi dəstəkləsə də, iqtisadi baxımdan daha güclü Almaniya, Hollandiya, Avstriya və Finlandiya təklifi qəbul etmədi.

İtaliya və İspaniya bu kimi cavabları olduqca mənfi qarşılayıb. İş o yerə çatıb ki, İtaliyada bəzi yerli bələdiyyə orqanları Avropa İttifaqının bayrağını endirib. İspaniyada da vəziyyət İtaliyadakından fərqli deyil. İspan millətçilər Aİ-yə sərt etirazlar edir. Ötən günlərdə İspaniya Baş Naziri Pedro Sançez Avropa dövlətlərini koronavirusla birgə mübarizəyə səsləyib: “Avropanın gələcəyi təhlükə altındadır. Görünməz bir qüvvə Avropanın birliyini test edir”. Almaniya kansleri Angela Merkel isə koronavirusu Avropa Birliyi tarixində ən ciddi böhran adlandırıb. Kansler qeyd edib ki, bu, Avropa Birliyi yarandığı gündən bu yana ən ciddi imtahandır.

Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa üçün yeni “Marşal planına” ehtiyac olduğunu bildirib. Məsələ burasındadır ki, Avropa İttifaqının büdcəsinə və yatırımlar portfelinə milyardlarla dollar ianəyə ehtiyac yaranıb. Avropa İttifaqı ölkələri təkbaşına bu ianələri toplamayacağının fərqindədir. Ursula fon der Leyen ianənin tapılmayacağı halda vəziyyətin necə olacağını qısa şəkildə izah edib: “Gələcək faciənin qarşısını almaq lazımdır”.

Xatırlatmaq lazımdır ki, bu, Aİ tarixində ilk belə böhran deyil. Aİ vaxtaşırı müəyyən böhran halları ilə üzləşir. 2005-2009-cu illərdə institusional, 2008-2009-cu və 2012-2013-cü illərdə iqtisadi-maliyyə problemləri, son illərdə isə miqrasiya, habelə Vaşinqton və Moskva ilə münasibətlərdə yaranan böhranlar Brüsselin mövqeyinə əhəmiyyətli dərəcədə xələl gətirib.

Eyni zamanda iqtisadi inkişaf səviyyəsinə görə Qərbi Avropadan xeyli geridə olan  Mərkəzi və Şərqi Avropa ölkələrinin 2000-ci illərin əvvəllərindən başlayaraq İttifaqa qəbul edilməsi ilə birliyin təməl prinsipləri sarsılıb, nəticədə həmrəylik anlayışı əvvəlki əhəmiyyətini itirib. İnteqrasiya prosesini əngəlləyən məqamlar sırasında üzv dövlətlərin fərqli inkişaf tempinə və xarakterinə malik olması da var. Habelə azad bazarlar ümumi inkişafı stimullaşdırmaqla yanaşı, dövlətlər arasındakı rəqabəti də gücləndirir. Bu isə öz növbəsində iqtisadi inkişafda qeyri-bərabərlik yaradır və iqtisadi qeyri-bərabərlik siyasi qeyri-bərabərliyə transformasiya olunur.

Avropanın üzləşdiyi böhranlardan biri də “köç dalğası” və İttifaqın aparıcı dövlətlərinin rəhbərlərinin təbirincə desək, “multikulturalizm” siyasətinin iflasa uğramasıdır. Belə ki, Avropa İttifaqının da iştirak etdiyi Liviya və Suriyadakı vətəndaş qarşıdurması nəticəsində bu ölkələrdən və Yaxın Şərqdən böyük köç dalğasının Avropaya yönəlməsi Birlik sıralarında yeni çatlar yaradıb. Bu kontekstdə, ümumiyyətlə, Avropa iki mühüm çağırışla üzləşib. Birincisi, uzun əsrlər boyu milli identiklik üzərində qurulan Avropa cəmiyyəti böyük miqrant axınından sonra yeni həyat tərzinə keçmək məcburiyyətindədir. İkincisi, müsəlmanların Avropada yerləşməsi Qərbdə fərqli dəyərlər sistemi formalaşdırmağa başlayıb.

Beləliklə, yaxın perspektivdə Avropa İttifaqına 3 əlamətin xas olacağı nəzərə çarpır. Birincisi, İttifaqın tamlığı pozulur. Bəzi üzv dövlətlərdə və Birlik çərçivəsində mərkəzdənqaçma meylləri güclənib. Bu özünü xüsusilə postkoronavirus dövründə biruzə verəcək. İkincisi, Donald Trampın prezident seçilməsi ilə Vaşinqton-Brüssel münasibətlərində uzun illərdən bəri formalaşmış “status-kvo” dəyişməyə başlayıb. ABŞ-dakı gələcək prezident seçkilərində Trumpın növbəti dəfə qələbəsi Aİ daxilində böhranın daha da dərinləşməsinə səbəb ola bilər. Və üçüncüsü, qitədə miqrasiya balansının kəskin dəyişməsi, burada sosial-siyasi fəsadların artacağına ciddi zəmin yaradır.

Bununla belə, əksər analitiklərin fikrincə, hazırda, Avropa İttifaqı dünyanın ən mütərəqqi və ən effektiv subyekti kimi  qalmaqdadır. Avropa İttifaqı daxilində nə qədər problemlər olsa belə, dünya idarəediciliyinin ən ideal siyasi və iqtisadi idarəetmə formalarından biri məhz bu üstdövlət institutundadır. Elə buna görə də, İttifaqın güclənməsini istəməyən ABŞ, Britaniya və Rusiya ayrı-ayrı dövlətlər vasitəsilə bütöv Avropa ailəsini dağıtmaqla məşğuldur.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev