Azərbaycan Dünya İqtisadi Forumunda: uğurlu islahatlar, qətiyyətli lider, dördüncü sənaye inqilabına hazırlıq

Azərbaycan Dünya İqtisadi Forumunda: uğurlu islahatlar, qətiyyətli lider, dördüncü sənaye inqilabına hazırlıq

Azərbaycan Davosda növbəti Dünya İqtisadi Forumunda da uğurla təmsil olundu. Dünya daha yeni Azərbaycanı - ciddi islahatlara köklənmiş və artıq bu istiqamətdə addımlar atmağa başlamış, konkret və aydın hədəfləri olan Azərbaycanı gördü.

Səmərəli görüşlər, müsbət dəyərləndirilən iş və təkliflər

Azərbaycan Prezidenti İlham Əliyevin forum çərçivəsində bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri ilə - Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xorvatiyanın Baş Naziri Andrey Plenkoviç, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan, Polşa Prezidenti Andjey Duda, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşləri oldu, bu görüşlərdə ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu.

Dövlətimizin başçısının dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşlərini, səsləndirilən təklifləri isə xüsusi vurğulamaq lazımdır.

Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti - İdarə Heyətinin sədri Andrey Kostinlə görüşündə bankın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi. Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

“Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti dövlətimizin başçısı tərəfindən son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirdi və qeyd etdi ki, “Swiss Re” bu islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.

Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.

“Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart xarici investor kimi Azərbaycanda aparılan islahatlara hər zaman dəstək verdiklərini və bu imkanlardan faydalanaraq ölkəmizə investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd etdi.

“Procter and Gamble Europe”in prezidenti Loik Tassel ilə görüşdə fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olan şirkətin regional mərkəz qismində məhz Bakı şəhərini seçdiyi bildirildi.

“Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru, xanım Kelli Kramer, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşlərdə Azərbaycanda aparılan islahatların ümumilikdə uğurlu olduğu, bu islahatlara, inkişaf proseslərinə bundan sonra da dəstək veriləcəyi və bütün bunların nəticəsi olaraq ölkədə biznes və investisiya mühitinin daha əlverişli, cəlbedici olduğu bildirildi.

Göründüyü kimi, aparıcı şirkətlər Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır, ölkə rəhbərliyinə etimadları sarsılmazdır. Bu da xarici kapitalın cəlb edilməsi baxımından olduqca mühüm amildir.

Uzaqgörən, qətiyyətli lider

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlərdən ikisinə xüsusi toxunmağı daha vacib hesab edirik. Bu görüşlərdə səsləndirilən fikirlər dövlətimizin başçısının dünya səviyyəsində qətiyyətli, praqmatik lider kimi qəbul edildiyini göstərir.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Azərbaycan Prezidenti ilə görüşündə İlham Əliyevin beş il əvvəl Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olduğunu, belə bir təşəbbüslə əvvəllər heç kimin çıxış etmədiyini, Azərbaycanın dövlət başçısının uzaqgörən, çox qətiyyətli olduğunu vurğuladı: “...O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü. Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq. Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır”.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende isə bildirib ki, Prezident İlham Əliyev qarşıya hədəf qoyanda onu həyata keçirir.

Məhz bu münasibətin, etimadın nəticəsidir ki, B.Brende ilə İlham Əliyevin görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Daha bir diqqətçəkən məqam B.Brendenin Azərbaycanın dördüncü sənaye inqilabına ən hazır olan ölkələrdən biri olduğunu qeyd etməsidir.

Dördüncü sənaye inqilabı və Azərbaycanın bu inqilaba hazırlığı

Dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) nədir? Qədəm qoyduğumuz bu inqilab çərçivəsində bəşəriyyəti böyük dəyişikliklər gözləyir - insanın iştirakı olmadan idarə edilən avtomobillər, qabaqcıl robot texnikaları, genlərin redaktə edilməsi, əşyaların interneti, nanotexnologiya, biotexnologiya, 3D çap, insan bədəninə implantasiya edilmiş telefon, süni intellekt, blokçeyn vasitəsilə vergi yığımı və s. Yəni bir çox sahədə texnoloji sıçrayış!

Dünya İqtisadi Forumu kimi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanı dördüncü sənaye inqilabına ən hazır ölkələrdən biri kimi görməsi əbəs deyil. Yeni dövr sənaye inqilabı ona vaxtında qoşula bilən ölkələrə sərhədsiz imkanlar açacaq. Azərbaycanın son illərdə, xüsusən, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr isə ölkənin adıçəkilən inqilaba hazır olduğunu göstərir.

Bu istiqamətdən görülən işlərin bəzilərinə nəzər salaq. 2013-cü ilin fevralında ilk peykimiz olan “Azerspace-1” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə buraxıldı. Hazırda “Azerspace-1” peykinin əhatə dairəsinə Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir, peyk üzərindən 100-dək yerli və xarici kanal yayımlanır. “Azerspace-1” peykinin dünyanın 30-a yaxın ölkəsində sabit müştəri bazası mövcuddur.

2014-cü ilin iyununda Yer səthinin məsafədən müşahidə peyki “Azersky” Hindistanın Kosmik Tədqiqat Təşkilatı tərəfindən idarə olunan “Satish Dhawan Space Centre” kosmodromundan “Polar Satellite Launch Vehicle” (PSLV) daşıyıcı raketi ilə uğurla orbitə çıxarıldı.

2018-ci ildə isə “Azerspace-2” peyki orbitə buraxıldı. Hazırda “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri 100% yerli mütəxəssislərdən ibarət komanda tərəfindən uğurla idarə olunur.

Ötən ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazandı. Xatırladaq ki, Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilmişdi.

Xəzər bölgəsində ən böyük İT sərgisi olan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi artıq 25 dəfə keçirilib. Bu illər ərzində sərgiyə 50 ölkədən 3 min şirkət, 160 min ziyarətçi qoşulub.

Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb, bu göstərici ilə Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının “State of Broadband Report” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir.

Ölkədə, demək olar, hər bir sahədə ən son texnologiyalar tətbiq edilir, davamlı olaraq yeni texnologiyalara həsr olunan konfranslar keçirilir, startap layihələri icra edilir və s.

İKT sektorunda uğurlarımızı çox sadalamaq olar. Qısası, real vəziyyət ondan ibarətdir ki, Azərbaycan dördüncü sənaye inqilabından tam istifadə etməyə və iqtisadiyyatını daha da inkişaf etdirməyə tam hazırdır və bu fakt forumda bir daha təsdiqini tapdı.

Dünya ölkələrinə tövsiyə

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun suallarına cavabı isə Azərbaycanın qarşıya qoyduğu hədəflərini, regional hadisələrə mövqeyini açıq şəkildə nümayiş etdirdi.

Dövlətimizin başçısı hökumətin dəyişdiyini, hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunduğunu bildirdi. Məqsəd aydındır - XXI əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz.

Hakimiyyətin əsas hədəfləri sırasında, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əhalinin hər il 100 mindən çox artdığını nəzərə alaraq ildə ən azı 100 min iş yeri açmaq, yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamaq, xarici borcu ümumi daxili məhsulun 10 faizinə qədər endirmək, inflyasiyanı 2,5 faiz, yəni aşağı səviyyədə saxlamaq, insanların gəlirlərinin davamlı olaraq inflyasiyanı üstələməsini təmin etməkdir.

Moderatorun “Azərbaycanda gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz? sualına Prezident İlham Əliyevin cavabını isə bu halın qeydə alındığı ölkələrin rəhbərliklərinə tövsiyə kimi də qiymətləndirmək olar: Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.

Bu gün Azərbaycan sabitliyin sayəsində inkişaf edir, göründüyü kimi, bu inkişafı dünya ölkələri, aparıcı şirkətlər də təsdiq edir. Lakin Azərbaycan münaqişədən əziyyət çəkən ölkədir, torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Azərbaycan qeyri-sabitliyin, regional təhdidlərin nə olduğunu çox gözəl bilir. Məhz bu baxımdan Prezident İlham Əliyev də forumda bəyan etdi ki, Azərbaycan sərhədlərinin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıdır, çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Regionda qeyri-sabitlik əsas kabusdur!

Beləliklə, qətiyyətlə demək olar ki, budəfəki Dünya İqtisadi Forumu da Azərbaycan üçün çox uğurlu oldu, Prezident İlham Əliyev çox səmərəli görüşlər keçirdi, bir sıra razılaşmalar əldə olundu, Azərbaycanın apardığı islahatların uğurlu olduğu, bir sözlə, ölkənin düzgün inkişaf yolunda olduğu bir daha xarici ölkə və tərəfdaşlar tərəfindən vurğulandı.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov