Döyüşə Həkimlər gedir

Döyüşə Həkimlər gedir

Məşhur Hippokrat andı bu cümlə ilə bitir: “Andıma sadiq olaramsa, qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti olsun, olmaramsa bunun əksi olsun”.

Bir neçə gün əvvəl koronovirusun yayılmağa başladığı Çinin Uhan şəhərində ölüm-dirim savaşına başlamış həkimlərin peşə borclarını qəhrəmancasına yerinə yetirərək evlərinə yola salınması mərasiminə baxırdıq. Şəhər əhli ayaq üstə onları sürəklə alqışlayır, hərbçilər və polis əməkdaşları onların fəxri qarovuluna düzülmüşdülər. Dünyanın başqa bir qütbündə yerləşən İtaliyada isə virusa yoluxmuş xəstələri müalicə edən həkimlər xəstələrlə təmasda olduqları üçün virusa tutulsalar da, karantinə alınmamaq və xəstələri ilə qalaraq, öz peşə vəzifələrini axıradək yerinə yetirmək üçün testdən keçməkdən imtina edirdilər. Bu epizodlardan təsirlənməmək, göz yaşlarını saxlamaq mümkün deyildi.

Bu gün bütün bəşəriyyət böyük bir savaşa girib. Bu savaş bizim hər gün eşitdiyimiz müharibələrdən fərqlidir. İnsanlığın düşməni daha təhlükəli, dərmanı tapılmayan gözəgörünməz virusdur. Bu savaşda top, tüfəng, tank, aviasiya, dünyanın hegemon dövlətlərinin illərdir bir-biri ilə yarışa girərək xalqının kisəsindən çıxardığı milyardlar hesabına icad etdikləri ən müasir silah növləri aciz qaldı. Düşmənin məhvi üçün yeganə silah, ağ xalatlı şəfa sahibləri-tibb işçiləridir. Ona görə bu müqəddəs müharibədə ön cəbhədə döyüşmək şərəfi həkimlərin taleyinə yazıldı.

Amansız virusla savaşa qoşulan əziz tibb qardaşlarımız və bacılarımız. Müstəqil Azərbaycanın tibbində tarix yazmaq, qəhrəmanlıq salnaməsi yaşamaq Sizin şansınıza düşüb. Bu savaş torpaq savaşı, sərhəd savaşı, sərvət savaşı deyil, insanlığın xilası üçündür. Ona görə bu savaşın qəhrəmanları bir millətin, xalqın, dövlətin yox, bəşəriyyətin qəhrəmanı olacaq. Bu müharibənin çox qəddar qanunları var. Biz Sizi düşmənlə üz-üzə, təkbətək qoyaraq evdə qalmaqla Sizə kömək edə bilirik. Amma qəlbimiz, düşüncəmiz, ruhumuz Sizinlə, Sizin qayğılarla, Sizin yaxınlarla birlikdədir. Hamı Sizi izləyir, Sizi düşünür, həssaslıqla amansız düşmənin məhvi barədə müjdənizi gözləyir. Dünən saat 21 radələrində ölkəmizin bir sıra yerində səhiyyə işçilərinə dəstək nümunəsi olaraq evlərin eyvanlarından insanlar Sizi alqışlayırdı. Düşmənin məhvindən sonra Sizin daha böyük diqqətə layiq görüləcəyiniz şübhəsizdir. Ölkəmiz üçün belə həssas məqamda özünün və peşəsinin lazımlı olmasını hiss etmək, insanların rəğbətini qazanmaq xoşbəxtliyin ən yüksək nümunəsidir. Siz içdiyiniz anda sadiqsiniz.     

Əziz tibb işçiləri, çətin və həssas gündə Sizinlə birgə olduğumuzu hiss edin. Bu şərəfli yolda sizə dözüm, əllərinizdən şəfa diləyirik.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.