Ermənistan Azərbaycanın BMT-də qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqda davam edir

Ermənistan Azərbaycanın BMT-də qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqda davam edir

Dünyada cərəyan edən siyasi proseslərə nəzər salsaq, planetar səviyyədə bəşəriyyətin rastlaşdığı kifayət qədər çətinliklərin şahidi olarıq.

Hazırda COVID-19 ilə mübarizə aparan dünya bu bəlanın tüğyan etməsinə baxmayaraq, bir – biriləri ilə geosiyasi mübarizələr aparır, fürsətdən istifadə edərək ayrı – ayrı regionlarda öz məkrli planlarını həyata keçirməkdədirlər.

Bu fonda, Azərbaycan liderinin apardığı xarici siyasət kursu bir çoxları üçün örnək rolunu oynaya bilər. Təsadüfi deyil ki, COVID-19 başlar-başlamaz ölkəmizin pandemiyaya qarşı gördüyü tədbirlər, bizim ayrı-ayrı ölkələrə humanitar yardımlarımız, BMT, ÜST və müxtəlif dövlətlər tərəfindən yüksək qiymətləndirilmiş və örnək olunası siyasət kimi təqdim edilib.

Burada xüsusilə, Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasında baş tutacaq xüsusi sessiya məsələsi üzərində dayanmaq lazımdır. Baxmayaraq ki, bütün dünya çox ciddi şəkildə pandemiyaya qarşı mübarizə aparır, baxmayaraq ki, COVID-19 təkcə insanların fiziki sağlamlığına zərbə vurmur, eyni zamanda ümumdünya iqtisadi düzəninə ciddi təsir edərək ikinci dünya müharibəsindən sonra, ilk dəfə yeni iqtisadi nizam yaradır, lakin nədənsə dünyanın lider dövlətləri bir araya gəlmək barədə düşünmürdülər. Qəribə səslənsə də, fakt budur ki, dünyanın birlikdə mübarizə aparmasının zəruri olduğu bir vaxtda Prezident İlham Əliyevin BMT-də pandemiya ilə bağlı xüsusi sessiyanın keçirilməsini təklif etməsinə qədər dünya liderləri birgə toplantı, iclas haqqında heç düşünmürdülər belə. Qlobal iqtisadi böhranın aybaay dərinləşməsi, pandemiyanın ikinci payız dalğasının gözlənilməsi, ümumiyyətlə, bəşəriyyətin həyat tərzində inqilabi dəyişikliklərə gətirib çıxaran bu pandemiya dövründə Prezident İlham Əliyevin xüsusi sessiyanın keçirilməsinin zəruriliyi haqqında çıxışı dünyanın sadə vətəndaşlarından tutmuş, problemlərin həllində maraqlı olan siyasətçilərə qədər, hər kəsdə böyük rəğbət hissi doğurdu. Dünya müharibələri ilə müqayisə olunan bu pandemiya şəraitində özünütəcrid və ayrı-ayrılıqda bu böhrandan çıxmaq siyasəti əvəzinə qlobal həmrəyliyə böyük ehtiyac var.

Dünyanın üzləşdiyi bu universal bəlaya qarşı həmrəy olmağın zəruriliyi ilk dəfə olaraq  Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının videokonfransı zamanı qeyd edildi. BMT-nin 130-a qədər üzv dövləti, BMT-nin Baş Katibi Antonio Quterreş tərəfindən Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun göstəricisidir.

Beləliklə, 10 iyul 2020-ci il tarixindən başlayaraq, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr edilən xüsusi sessiyasına hazırlıqlar öz işinə başlamış oldu. Bir neçə gün əvvəl, sentyabrın 14 –də isə, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Türkiyədən olan Volkan Bozkır Xüsusi Sessiyanın da prezidenti seçilib.

Azərbaycanın təklifi ilə BMT Xüsusi Sessiyasının keçirilməsi, Türkiyədən olan nümayəndənin Xüsusi Sessiyanın Prezidenti seçilməsi, əlbəttə asan deyildi. Burada biz həmişəki kimi, yenə də erməni maneələrinin, onların ölkəmizə qarşı çirkin oyunlarının şahidi olduq. Belə ki, xüsusi sessiyanın çağırılmasının əleyhinə səs verən Ermənistan, məqsədinin baş tutmamasına baxmayaraq, sentyabr ayında Xüsusi Sessiyanın Prezidenti seçilərkən də öz simasını göstərdi. Mövcud təcrübəyə əsasən, adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq Volkan Bozkırın Xüsusi Sessiyanın Sədri seçilməsi məsələsini səsverməyə çıxarıb. Daha öncə Ermənistan V.Bozkırın BMT Baş Assambleyasının Prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarıb və məğlub olub. İndi də Ermənistan növbəti dəfə məğlubiyyətə uğrayıb. Nəticədə sentyabrın 14- də böyük səs çoxluğu ilə V.Bozkır Xüsusi Sessiyanın Prezidenti vəzifəsinə seçilib.

Hazırda Nyu-Yorkda Xüsusi Sessiyanın baş iclasının keçirilməsiylə bağlı təşkilati işlər davam etməkdədir. BMT üzv dövlətləri tərəfindən noyabrda keçirilməsi nəzərdə tutulan Xüsusi Sessiyayla bağlı qətnamə layihəsi müzakirə olunmaqdadır. Qətnamə layihəsində Xüsusi Sessiyanın “dövlət və hökumət başçıları səviyyəsində” ümumi müzakirələrinin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Ermənistan bu məsələdə də çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və Xüsusi Sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir.

Aydın məsələdir ki, Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə nüfuzunun yüksək olmasını, bizim təkliflərimizin dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanmasını düşmənlərimiz qısqanclıqla qarşılayacaq.  O da aydındır ki, ümumdünya ermənilərinin, Ermənistan dövlətinin və erməni kilsəsinin indiyə qədər və bundan sonra da davam edəcək Azərbaycana və Azərbaycanın beynəlxalq səviyyədə atdığı addımlara qarşı fəaliyyətləri uğursuzluğa düçar olacaq.

Yuxarıda sadalanan amillər bir daha onu göstərir ki, Azərbaycan diplomatiyası son 17 ildə bir çox uğurlara imza atıb, son illərdə isə ölkəmiz təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə vacib beynəlxalq subyektə çevrilib. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT-də mart ayından dayandırılan təşkilatın fəaliyyəti bərpa edilərək, pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsi tezliklə baş tutacaq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov