Hacı Əbdül

Hacı Əbdül

Hacı Əbdül də öldü. 90-cı illərin əvvəlində Azərbaycan siyasətində üzdə olan adamlardan idi. O vaxt tez-tez televizorda görərdik, xırıltılı səsi ilə alovlu çıxışlar edərdi. Elə qarışıq dövran idi ki, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək nəinki biz uşaqlar, böyüklər üçün də asan deyildi. Dünən xalqın sevdiyi adam bu gün nifrət obyektinə çevrilir, dünən xalqın alqışladığı bu gün lənətlənirdi. Ona görə də kiminsə haqqında dəqiq fikir demək bir qədər çətin idi.

Biz uşaqların isə qiymətləndirmə meyarı bir qədər fərqliydi (çox vaxt böyüklər üçün də eyni meyar işləyir), kim ekstravaqantlığı, qeyri-adiliyi ilə fərqlənə bilirdisə yadımızda da o qalırdı. Beləcə, Hacı Əbdül də özünün buxara papağı, sərt çıxışları, xırıltılı səsi və gözlənilməz davranışı ilə yaddaşımızda iz buraxmışdı.

Sonralar...

80-lərin axırlarında siyasətə təsadüfən gəlmiş bir çoxu kimi səhnədən çəkildi. Amma haqqında yaranmış əfsanələr hələ bir müddət danışıldı.

Həmin 80-ci illərin axırlarında Hacı Əbdül bir “Tövbə” cəmiyyəti qurmuşdu. Cavanları tövbə edib içkidən, narkotikdən, qumardan və ümumiyyətlə bütün pis vərdişlərdən uzaqlaşmağa çağırırdı. Yetmiş il dindən ayrı düşmüş cəmiyyətdə yenidən İslam dəyərlərini dirildən bir cəmiyyətə-təşkilata böyük ehtiyac vardı, Hacı Əbdül də onu yaratmışdı. İntəhası Hacının “Tövbə” cəmiyyəti insanları İslama bir az başqa cür dəvət edirdi. “Tövbə” cəmiyyəti bir növ yapon mafiyası kimi idi, ora girmək vardı, çıxmaq yox. Yəni tövbə edib içkini, nəşəni, qumarı atanlar sonra təzədən bu pis vərdişlərinə qayıtdıqda şallaqlanırdılar. Bunun üçün Hacının ətrafına yığışmış gənclərdən ibarət xüsusi cəza dəstəsi vardı. Tövbə etmək istəyənlər qusul alıb Hacının axundluq etdiyi “İmam Hüseyn” məscidinə gəlir, orda xüsusi ayin keçirilirdi. Adamlar kəlmeyi-şəhadətlərini deyəndən sonra Quranı öpüb tövbələrini edirdilər. Sonradan tövbəsini pozanlar isə öz xoşlarına məscidə gəlmədikdə, zorla gətirilib orada şallaqlanırdılar.

Sonralar Hacı Əbdüllə görüşüb ona bu barədə sual verəndə də əvvəl xırıltılı səsi ilə gülmüş, sonra da təxminən elə yuxarıda nəql etdiyim  kimi danışıb vurğulamışdı ki, biz gəncləri pis vərdişlərdən qorumağa çalışırdıq...

İnsanların yaddaşında toz basmış xatirəsinin kirini Hacı Əbdül bir də ikimininci illərdə sildi.

Bakı kəndlərinin birində yeni “peyğəmbər” peyda olmuşdu. Adı yadımdan çıxıb. Bir gün həmin “peyğəmbər” mətbuat konfransı keçirdi. Hacı Əbdül də orada iştirak edirdi. Artıq əvvəlki kimi sirayətedici nüfuzu qalmamışdı. Doxsanların ab-havası getmiş, dövran dəyişmişdi. Həmin tədbirdə Hacı “peyğəmbər”ə nəsə sual verdi. Həmin adam deyəndə ki, bəli, Məhəmməd peyğəmbərdən sonra gələn növbəti peyğəmbərəm, sözünü deyib qurtarmamış Hacı onun sifətinə yağlı bir şapalaq ilişdirdi, sözü ağzında qaldı. O şapalaqla Hacı təkcə yalançı peyğəmbərin payını vermədi, həm də çoxdan unudulmuş şallağını xəyalən göydə silkələyib hələ də “öz modunda” olduğunu nümayiş etdirdi. Şallağı əlindən alınsa da, şilləsi qalmışdı. Bu şillə ilə də özü bildiyi kimi əqidəsinə xidmət edirdi; 80-lərin axırında cavanları pis vərdişlərdən uzaqlaşdırırdı, 2000-lərin əvvəllərində isə dini yalançı peyğəmbərlərdən təmizləyirdi.

Hacıdan iki dəfə müsahibə götürmüşəm. Birinci müsahibəyə dostum, jurnalist Fərid Mirzəyevlə getmişdik. Fərid doxsanların ab-havasını, siyasi mühitini əzbər bildiyi üçün söhbət daha çox siyasət mövzusunda olmuşdu. Qəşəng də söhbət alınmışdı. Hacı bir çox məsələyə aydınlıq gətirmişdi. Müsahibəni axundu olduğu “İmam Hüseyn” məscidində görüşmüşdük.

İkinci görüşümüz 2018-ci ildə baş tutdu. Kulisdə “İşdən kənar” adlı rubrika vardı. Orda siyasətçilərlə ədəbiyyat, kino, incəsənət barədə söhbətlər edilirdi. Bir gün qərara aldıq ki, Hacı Əbdülü də danışdıraq, görək kimləri oxuyub, kimləri bəyənir, hansı filmlərə baxır, dünya görüşü necədir və sair və ilaxır. Onu tanıdığıma görə müsahibəyə də özüm gedəsi oldum.

Hacı ilə “Space” telekanalının yanındakı pizza restoranın qarşısında vədələşib görüşdük. Yanında cavan bir oğlan da vardı. Deyəsən, oğlan bir növ Hacının prodüserliyini edirdi. Gözləmədiyim halda məni pizzaxanaya dəvət elədi. Hacının bu dəvəti məni çaşdırdı, düşündüm ki, yəqin yaxınlıqda başqa bir yer olmadığı üçün buranı seçib. 

Lakin içəri girəndə bizi çox hörmətlə qarşılayıb, zalda masa göstərdilər. Mən deyəndə ki, müsahibə üçün sakit bir yer lazımdır, dərhal arxa otaqlardan birində xüsusi bir yer ayırdılar.

Həmin gün Hacı ilə xeyli söhbət elədik. Zəhmli görünüşünün əksinə şən, işıqlı, həyat dolu insan idi. Yeni doğulan övladından da danışdı. Ondan soruşdum ki, bəs deyirlər övladda nəvə, dövlətdə dəvə, bu fikirlə razısınızmı? Mənə cavab verdi ki, bu sözü mənim kimi 70 yaşında ata olmayanlar deyiblər, bu yaşda ata olmağın ləzzətini bilsəydilər belə deməzdilər.

Müsahibədən sonra məni buraxmadı. Restoranın zalına keçib, əvvəl adama bir “pors” göbələk şorbası, sonra da pizza sifariş verdi. Birlikdə yedik. Hacı Əbdülü pizza yeyən yerdə təsəvvür etmək ağlıma sığmırdı, nə yalan deyim.

Bundan sonra onunla bir daha görüşdük. APA TV-də bir verilişə qonaq çağırmışdılar. Onu mən qarşılayıb ofisə gətirdim. Maşının arxasında iki məktəbli uşaq oturmuşdu, biri qız, biri oğlan. Açığı heç vaxt qoca bir adamın yanında azyaşlı uşaq görüb “Uşağınızdır?” deyə soruşmadığım üçün ona da eyni sualı verməyə utandım. Halbuki Hacının körpə uşaqlarının olduğunu bilirdim. Soruşdum: “Nəvələrinizdir?” Cavab verdi ki, yox, uşaqlarımdır, adlarını dedi. Məktəbdən götürüb, gecikməmək üçün birbaşa bura gəlib. Həmin gün uşaqlar ataları verilişdən çıxıb gələnə kimi redaksiyada gözlədilər...

Ondan sonra Hacı ilə daha görüşmədik.

Bu gün səhəri isə Hacının ölüm xəbəri ilə açdım. Bu karantin günlərində onun ölüm xəbərini eşitmək məni yaman təsirləndirdi. Yəqin adət-ənənələrə sərt bağlı bir insan kimi özü istəməzdi belə olsun, ölümü karantin rejiminə düşsün, üç-beş nəfərlə dəfn edilsin, çadır qurulmasın, yas mərasimi keçirilməsin. Ya da nə bilim... Gözlənilməz adam idi. Bəlkə də necə ölməyin onun üçün xüsusi əhəmiyyəti olmayıb. Təki o dünyası arzuladığı kimi alınsın istəyib.

Biz də bunu arzulayırıq Hacıya.

Allah rəhmət eləsin.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev