Həbs qətimkan tədbiri nədir?

Həbs qətimkan tədbiri nədir?

Mediada və sosial şəbəkələrdə tez-tez oxuyuruq. “Filankəs tutuldu”, “Filankəs həbs olundu” və s.

Yalnız sadə insanlar yox, media mənsubları da əksərən şəxsin barəsində inzibati həbs, həbs qətimkan tədbiri və ya azadlıqdan məhrumetmə cəzasının verilməsini düzgün qeyd etmirlər.

Bəs bu anlayışların mənası nədir?

“Azadlıqdan məhrumetmə” cəzadır, məhkəmənin hökmü ilə verilir. Şəxs məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada cəzasını çəkir.

Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz hesab edilir.

Yəni, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bu, ona “cinayətkar və ya qatil” deməyə imkan vermir. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs hələ cinayətkar deyil, təqsirləndiriləndir. O, sadəcə, istintaq tərəfindən cinayət edilməkdə təqsirləndirilir, amma bu, hələ sübut edilməyib. Məhkəmənin hökmü olmadan kimsə cinayətdə təqsirli sayıla bilməz.

Nəzərə almaq lazımdır ki, barəsində həbs qətimkan tədbiri seçilmiş hər şəxsə azadlıqdan məhrumetmə cəzası verilmir. Eyni zamanda hər azadlıqdan məhrum edilmə cəzası alan şəxsin də qətimkan tədbiri kimi barəsində həbs seçilmir.

Həbs qətimkan tədbiridir. Qətimkan tədbiri - şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Qətimkan tədbirinin seçilməsinə səbəb şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla istintaqın normal gedişini təmin etməkdir.

İndiki reallıqda istintaq orqanı hər cinayət işi üzrə şəxslər barəsində qətimkan tədbiri seçir. Lakin Cinayət Prosessual Məcəlləsində (CPM) təqsirləndirilən və ya şübhəli şəxs barəsində qətimkan tədbiri seçmədən də istintaq aparmağın mümkünlüyü qeyd edilib. Hazırda bu, istintaq orqanları tərəfindən, demək olar ki, istifadə edilmir.

Qətimkan tədbirinin bir çox növü var. Bunlara həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.

Həbs, ev dustaqlığı və girov yalnız məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilə bilər.

Cəmiyyətdə ən çox rezonans doğuran və zərərçəkmiş şəxslərin də ən çox tələb etdiyi həbs qətimkan tədbiridir. Cəmiyyət, zərərçəkmiş, hətta hüquq-mühafizə orqanı əməkdaşları da şəxsin qətimkan tədbiri qismində olsa belə həbs edilməsinə cəza kimi baxırlar. Lakin hüquqa görə, qətimkan qismində həbs seçilməsi cəza məqsədli deyil.

Çünki həbs təqsirləndirilən şəxsin azadlığının müvəqqəti məhdudlaşdırmaqla saxlanılmasıdır. Həbsin seçilməsinə zəmin olaraq, cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaqdır. Eyni zamanda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək kimi səbəblər də ola bilər.

Həbs qətimkan tədbiri seçilərkən İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin tələblərinə əməl edilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən, həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olur.(məs. Letelye Fransaya qarşı iş)

Həbs qətimkan tədbiri seçilərkən, bunun səbəbi əsaslandırılmalı və faktlarla sübut edilməlidir. Bəzi hallarda istintaq orqanı həbs seçilməsi üçün olan əsasları formal sadalamaqla, ehtimal etdiklərini yazır.

Avropa İnsan Haqları Məhkəməsinin müxtəlif qərarlarında isə şəxs barəsində qətimkan tədbiri kimi həbs seçilərkən ehtimallara deyil, faktlarla sübut edilməsinin zəruriliyi göstərilir.

Həbsin seçilməsinə əsaslar olsa belə, CPM-nin tələbinə əsasən həbs yalnız iki ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə, həmçinin, cinayət prosesini həyata keçirən orqandan gizlənmənin qarşısını almaq məqsədi ilə edilə bilər. Eyni zamanda əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilənə də tətbiq oluna bilər.

Təəssüflə qeyd etmək lazımdır ki, istintaq orqanları istənilən ağır və  xüsusi ağır cinayət hadisələri ilə bağlı cinayət işlərində ancaq həbs qətimkan tədbiri seçilməsini təmin edirlər. Məhkəmə isə prokurorların təqdim etdiyi təqdimatların çox böyük əksəriyyətini  təmin edir.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamından sonra böyük ictimai təhlükə törətməyən və az ağır qeyri-zorakı cinayətlərdə həbs qətimkan tədbirinin seçilməsi məhkəmələr tərəfindən azaldılıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin vaxtı uzadılarkən, ilkin həbslə eyni əsaslar olmamalıdır. Bu, AİHM-nin 5-ci maddəsinin tələblərinin pozulmasıdır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov