İspan taxt örtüyü, bir cüt balış üzlüyü

İspan taxt örtüyü, bir cüt balış üzlüyü

Geyim dolabına baxırdım, rəflərdə özümə lazım olanları seçib kənara qoydum. Bir başqa rəfdə isə bir bükülü diqqətimi çəkdi - bu, 1980-ci illərə aid taxt örtüyü və bir cüt balış üzlüyüdür, İspaniya istehsalıdır. Çıxarıb qatını açdım-rəngləri, uyumu gözəl, yüksək zövqlə hazırlanmış bu örtük elə bil ki, bu il hazırlanıb, bu ilin dəbidir . Təptəzə qalıb, keyfiyyətinə də söz ola bilməz. Ağlımdan istər-istəməz bir fikir keçdi-necə ola bilər ki, bir çox istiqamətdə yüksək keyfiyyətli istehsalı ilə alıcıları özünə cəlb edən İspaniya indi virusun öndə gedən qurbanına çevrilib? Nə baş verdi, nə oldu və kim bunu istədi ki, dünyada milyonlarla alıcısı, sifarişçisi olan, müştəri sayı bitib-tükənməyən İspaniya, İtaliya kimi dövlətlər bir anda hər işi, fəaliyyəti dayandırdı?

İstər köhnə, istərsə də yeni evimizdə istifadə etdiyimiz geyimləri və digər buna bənzərləri bir müddətdən sonra istifadə etmədiyimizdən başqalarına vermişik. Necə olub ki, bu örtük hələ də evimizdə qalır? Bu qarşılaşma mənə maraqlı təsadüfləri xatırladır.  Bir sıra xırda-para alacaqlarım vardı və təxminən 2019-cu ilin sonlarından bunu tez-tez ağlımdan keçirirdim. Qəribədir ki, almaq istədiklərimin arasında onların İspaniyadan olmasını istəmişdim. Neçə ay fikrimdə daşıdığım vacib məsələdən biri bu olmuşdu,  2020-ci ilin mart ayından İspaniyanın hər cür yolları isə üzümüzə bağlandı. Bu arada elə hamı mənə oxşadı - hərənin bir növ istəyi, planı öz yerində təxirə düşüb, kimisi bununla razılaşır, kimisi də dar macalda vəziyyətdən çıxış yolu axtarır. Vaxtın nəyə və hara işlədiyindən asılı olmayaraq, eyni vəziyyətdəyik - bir-birimizə oxşayırıq. Tibbi, gigiyenik qaydaların, karantin şərtlərinin gücləndirilməsi digərindən bizə, bizdən də digərlərinə keçib. Bu cür ötürmələrdən də bəlli olur ki, biz avropalaşmışıq, Avropa, Amerika da asiyalaşıb, bir az da qafqazlaşıb. Qaydalar sərhəd tanımır, virus hamını eyni tərəzidə çəkir, ağırlı-yüngüllü çəkilərdə görəsən bu müsibətə nə qədər üstün gələ bilərik? Dili, dini, irqi fərqli hər insanı öz mövzusu ilə məşğul edən virus mövzusu həm də ev modeli yaradıb. Evdə tapılmayanlar, evdə otura bilməyənlər, evinin yolunu tanımayanlar da artıq evindədir.

Yenə yadıma düşdü, dünyada özünə nüfuz qazanan İtaliya, İspaniya, Fransa, Almaniya istehsalı olan geyimlər, aksesuarlar, məişət əşyaları, avtomobillər, müxtəlif texniki avadanlıqlar dünyəvi bazarından kənar qalıb, necə deyərlər, bir növ bazarı bağlanıb. Nə istehsalı, nə də əvvəlki kimi alıcı qüvvəsi var - elə öz daxilində  nə bacarırsa, o qədərinə gücü çatır. İndi hamı hansı ölkənin geyimi, avtomobili, qab-qacağını gedib elə oralardan alıbsa və ya gətizdiribsə, onları bir anlıq yadına salır. Çin, Yaponiya, Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə və digər ölkələrdə istehsal olunan nə alınıbsa, indi hamı təkrar onları xatırlayır.

Bir tərəfdən əlimə keçən  keçmiş SSRİ dövründən qalan ispan taxt örtüyü və bir cüt balış üzlüyü dəstini açıram, digər tərəfdən İspaniyada genişlənən virus axınına dair xəbərləri dinləyirəm. Onillikləri arxada qoyan, vaxtilə istifadə etdiyimiz və hələ də şux, göz oxşayan taxt örtüyü, cüt balış üzlüyü, deyəsən, bu evimizdə də qalacaq. Belə bir vaxtda ispan rəqslərini izləyirəm, italyan musiqilərini dinləyirəm, bir növ bu üsulla öz dəstəyimi bu cür nümayiş etdirirəm. Bu üsulla hər ölkədəki virus probleminə  münasibətimi həmin ölkənin musiqilərini dinləməklə bildirirəm.

Gəlin, aradabir ispan rəqslərini izləyək, italyan musiqilərini dinləyək. Sonra başqa ölkələrin musiqilərinə baş vuraq. Azərbaycan musiqilərini də dost-tanışlar vasitəsilə paylaşaq, musiqilərimizi dinləməyi başqa xalqlara da çatdıraq. Dinlədikcə, biz də öz günümüzə baxaq. Beləcə, biz də  bacardığımız kimi bir az da belə dəstək olaq.

İspan küçə rəqsləri musiqi alətlərinin müşayiəti ilə davam edir - mən ekrandan onları izləyirəm. Yarımçıq qalan işimi də axıra çatdırıram, əlimdəkini rəfdəki yerinə qoyuram.  İspan taxt örtüyü hələ bir müddət evimizdə qalmalı olacaq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev