Koronavirus pandemiyası, Azərbaycanda təhsil və onun gələcəyi

Koronavirus pandemiyası, Azərbaycanda təhsil və onun gələcəyi

Hələ XX əsrin 30-cu illərindən məlum olan koronoviruslar əsasən orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinfinə aiddirlər. “Günəş tacı” mənasını ifadə edən bu viruslar 2019-cu ilə qədər dünya üçün təhlükə yaratmırdı. Bu virusların COVİD-19 da daxil olmaqla insana bulaşan yeddi növü mövcuddur. Bunlara misal olaraq HCoV-229E, SARS-CoV, MERS-CoV və digərlərini göstərmək mümkündür. Yeni növ mutasiyaya uğramış, həndəsi silsilə ilə yoluxan koronoviruslar 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm kimi meydana çıxsa da daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bu virusu  COVID-19 adlandırdı. 18 fevral 2020-ci ildə COVID-19 xəstəliyinə yoluxanların sayı 75 mini ötmüşdü. 11 mart 2020-ci ildə ÜST bu virusu pandemiya adlandırdı. 5 may 2020-ci il statistikasına nəzər saldıqda COVID-19`a yoluxan xəstələrin sayı 3 milyon 500 mini keçmiş, bu xəstəlikdən ölənlərin sayı isə 250 mindən artıqdır.

Xəstəliyinin qonşu İranda yayılması, Azərbaycan dövlətini ilkin önləm almağa yönləndirdi. Hətta hazırda Azərbaycan bu istiqamətdə ən yaxşı önləm alan ölkələr arasında birincilərdəndir və Azərbaycanın bu təcrübəsi digər dövlətlər tərəfindən öyrənilməyə və tətbiq olunmağa başlamışdır. Məsələn, qonşu ölkələrdə bizdə olduğu qədər keyfiyyətli önləmin alınmadığını müşahidə edirik ki, bu da oralarda yoluxma hallarının genişlənməsinə səbəb olur. Azərbaycanda ilk COVID-19 xəstəliyi 15 mart 2020-ci ildə görüldü və 5 may 2020-ci il tarixinə görə burada 1984 nəfər bu virusa yoluxub, onun 1480 nəfəri sağalıb, 26 nəfəri isə dünyasını dəyişib. Bu göstərici dünya dövlətləri içərisində azsaylı itkilərin olması baxımında ən yaxşı göstəricilərdən biridir. Bu da dövlətin uğurlu önləm siyasətinin bariz göstəricisidir. Bütün bunlar və belə bir vəziyyət fonunda təhsil sistemində baş verənlər haqqında danışmazdan öncə Tarix boyu Azərbaycanda baş vermiş kütləvi yoluxucu xəstəliklər və pandemiyalar haqqında qısa şərhin zəruriliyinin qənaətindəyik.

Pandemiyalar tarixi

Dünyanın bir parçası olan, eləcə də İpək yolu üzərində yerləşən Azərbaycanda da tarix boyu bir çox yoluxucu xəstəliklər müşahidə olunmuşdur. Ən qədim zamanlarda və antik çağda Azərbaycanda yayılmış hər hansı bir xəstəliyin adı tarixi qaynaqlarda çəkilmir. Lakin, Yunan coğrafiyaşünası Strabon öz əsərində hörümçək sancmasının başqa heç bir yerdə müşahidə olunmayan iki xəstəlik haqqında məlumat vermişdir: “Hörümçəklərin bir növü var ki, onlar insanı sancarsa, insan ağlamağa başlayır və ağlamaqdan ölür. Digər növ hörümçəklərin sancması isə insanı güldürür və insan gülməkdən ölür.”

Bizə məlum olan pandemiya 541-750-ci illəri əhatə edən Yustinian (Bizans imperatoru) vəbasıdır. Avropa mənbələri bu vəbanın Sasanilər ərazisində yayıldığın söyləsələr də yerli qaynaqlarda bu haqda heç bir məlumata rast gəlinmir. Ehtimal etmək olar ki, Sasanilər işğalında olan Azərbaycanın cənub torpaqlarında bu xəstəlik yayılmışdır. Lakin, Azərbaycan tarixçisi Musa Kalankatuklu özünün “Alan tarixi” əsərində başqa bir xəstəliyin epidemiya halında yayıldığın söyləməkdədir: “aclığın sonunda bütün ölkəni heç bir başqa xəstəliklərə bənzəməyən xəstəlik bürüdü. Bu xəstəliyə düşənlər bir – iki ay ərzində dəli olurdular. Onlar yerə oturub dişlərini qıcıdır, gözləri pər-pər qalıb anlamırdılar ki, onlar xəstədirlər və heç su istəməyi də bacarmırdılar. Bəziləri özlərindən çıxmış dəlilər kimi öz yataqlarından lüt və eybəcər halda qalxaraq əlləri ilə hava ilə vuruşurdular, bəziləri isə xəstələrə baxanlarla çox kobud rəftar edirdilər. Amma xəstəliyin çox amansız olmasına baxmayaraq, onu dəlilik də adlandırırdılar, heç bir ölüm hadisəsinə təsadüf edilmədi. Xəstəliyin qurbanları qaralıb cılızlaşır, onların bədənləri zəifləyir, əzaları iflic olur, tükləri və saçları isə tökülürdü”.

İslamın yayılmasından sonra Azərbaycanda bir neçə dövr ərzində vəba pandemiyası yayılmışdı. Qəribə hal bundan ibarətdir ki, pandemiyaların yaranma ocağı tarix boyu Çin olmuşdur. Azərbaycan da Çin ilə Avropa arasında İpək yolu üzərində körpü rolunu oynadığına görə bu xəstəliklərin yayıldığı il mərkəzlərdən birinə çevrilmişdir. Vəbanın ilk kütləvi hal aldığı dövr Azərbaycanda Sacilər sülaləsinin dövrünə düşür. Qaynaqlar məlumat verir ki, “bəzən bir qəbirə yeddi meyit qoyulurdu, bəzən də onlar yandırıldı. Ölülər İslam qaydalarına uyğun olaraq kəfənlənmirdi.” Hətta Saci hökmdarı Məhəmməd bin Əbu Sac 901-ci ildə vəbadan dünyasını dəyişmişdi. Daha sonra vəbanın ikinci dalğası XII əsrdə - Azərbaycan Atabəylikləri dövründə də baş verdi. Vəba 1174-cü ildə pik həddinə çatmış və Atabəyin ordusuna böyük ziyan vurmuşdu. Hər yüz döyüşçüdən, demək olar ki, hamısı ölürdü.

Bu cür epidemiyalar XIV-XV yüzilliklərdə (Baharlı və Bayandurlu sülalələri zamanında) də baş vermiş və bu da çoxsaylı insan itkisi ilə nəticələnmişdir. 1347-ci ildə Təbrizdə üç şey məşhur idi. Aclıq, bahalıq və vəba. 1369-cu ildə Təbrizdə yayılmış vəba xəstəliyi nəticəsində 300 min adam həlak olmuşdur. 1487-1490-cı illərdə isə Təbrizdə üç dəfə vəba xəstəliyi yayılmış və xeyli insan tələf olmuşdu. Heç şübhəsiz ki, müharibələrin baş verməsi sə yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Osmanlı Sultanı I Süleymanın məqsədsiz və mənasız dörd dəfə Azərbaycan – Səfəvilər dövlətinə hücum etməsi bu zaman vəbanın daha geniş yayılmasına səbəb olmuşdur. 1538-1549-cu illərdə Azərbaycanda kütləvi surətdə yayılan vəbanın ikinci dalğası yenə Səfəvi-Osmanlı müharibəsi zamanı baş qaldırdı. Təkcə 1580-1581-ci illərdə Təbrizdə vəba xəstəliyindən gündə 200-300 nəfər insan ölürdü. Həmin ildə yayılmış xəstəlik nəticəsində adı çəkilən şəhər və  onun ətraf mahalında 6 min adam tələf olmuşdur. Bu da öncəki fikrimizi bir daha təsdiqləyir. Bu xəstəliyin geniş vüsət almasını Osmanlı əsgərləri tərəfindən gətirilmə ehtimalını da göz ardı etmək olmaz. XVII əsrin sonu – XVIII əsrin əvvəli Dağıstandan başlana vəba Şirvan ərazisinə, oradan da bütün ölkəyə yayılmışdı. Səfəvilərin zəifləməsinin əsas səbəblərindən biri yeddi illik quraqlıq idisə digər bir səbəbi vəba xəstəliyinin geniş yayılması idi.

XIX əsrin sonu XX əsrin əvvəllərinə (1873, 1892-1903, 1906-1907, 1916-1919-cu illər) kimi minlərlə insan həyatını məhv edən epidemiyalara rast gəlinirdi. Azərbaycanda tüğyan edən vəba, taun epidemiyaları əhali arasında böyük tələfata səbəb olurdu.  Buna görə 1914-1917-ci illərdə Azərbaycanda vəba barakaları (sığnaqları) yaradılmışdır. Dünyada insanların ölümünə səbəb olan yoluxucu xəstəliklərdən biri də poliomielitdir. 1938-ci ildən 1953-cü ilədək isə 32 ölkədə kütləvi yoluxmaya səbəb olan polimelit 1954-cü ildən etibarən artıq dünyanın 61 ölkəsinə yayılmışdır. Sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən bu xəstəlik Azərbaycanda da qeydə alınmışdır. Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1946-cı ildən 1965-ci ilədək poliomielitdən sonra qalan qüsurlarla 684 xəstə daxil edilmişdir (onlardan 581 nəfəri birincili, 103 nəfəri isə ikincili xəstəliklə daxil olanlardan ibarət olmuşdur) ki, bu da digər ortopedik xəstəliklər içərisində əsas yeri tutmuşdur. Qeyd etmək lazımdır ki, xəstələrin daha çoxunu 11 yaşdan 16 yaşadək uşaqlar (276 xəstə) təşkil etmişdir (40,3%).

Müharibələrin kütləvi yoluxucu xəstəliklərə səbəb olması faktını 1991-1994-cü illər Birinci Qarabağ müharibəsi zamanı da müşahidə etmək mümkündür. Müharibə zaman və post-müharibə dövründə Azərbaycanda qotur (bu xəstəlik orta əsrlərdə də kütləvi olaraq yayılmışdır) və malyariya xəstəlikləri kütləvi olaraq yayıldı. Bundan başqa insanların başında bit və sirkələrin olması hallı adiləşərək, kütləvi hal aldı.

Koronavirus, həkimlər, müəllimlər, polislər və əsgərlər

Azərbaycanda hələ pandemiya özünü göstərməmiş Azərbaycan ilkin önləmləri almağa başladı, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və həmin Qərargahın üzvləri hər gün mətbuat vasitəsi ilə ictimaiyyəti məlumatlandırırlar. Bununla belə, prezidentimizin təşkilatçılığı ilə (bunu dünya örnək götürməlidir) hər şey koordinəli bir şəkildə nizamlandı. Ölkədə maska fabriki açıldı və Bakıda və regionlarda gerçəkləşməsi nəzərdə tutulan 6 modul tipli xəstəxanalardan birinin tikintisi başa çatmaq üzrədir. Azərbaycan digər ölkələr kimi çarpayı yoxluğu çəkmədi məsələn və ya başqa ölkələrin başçıları özlərini adada və ya hər hansı bir məkanda təcrid edərkən Azərbaycan Prezidenti xalqın arasında idi. Bütün bunlar göz ardı edilməməlidir. Bəzi ölkələr xalqını fikirləşməyərək bir çox tədbirləri görməzkən Azərbaycanda mərhələli şəkildə karantin rejimi tətbiq edildi. Bu səbəbdəndir ki, biz ən az itki ilə bu pandemiyanı başa vuracağıq. Bu istiqamətdə ən çox xoşuma gələn xalqımızın birlik-bərabərlik içində olması oldu, yardımlaşmalar edildi, təbii kaş ki, yardım verilən insanların fotoları çəkilməsəydi. Heç şübhəsiz ki, yoluxucu xəstəliklərin yayılmasının ən həssas olduğu tədris müəssisələri idi və vaxtında, doğru bir qərar verilərək onlar bağlanıldı. Beləliklə Azərbaycanda təhsildə fərqli bir istiqamət daha geniş tətbiq olunma zərurəti ilə qarşılaşdı. Bu uzaqdan təhsil idi. Bakı Dövlət Universiteti, Tarix fakültəsi müəllimi olaraq mən də bu tədbirlərin bir parçası idim və bununla qurur duyuram. Məhz ona görə də bu istiqamətdəki müşahidələrim, təcrübələrim haqqında məlumat verib, ümumi mənzərə yaratmaq istədim.

Lakin bu mövzuya keçməmişdən öncə bir neçə məqamı vurğulamaq istərdim. Bunlardan birincisi odur ki, istər dünyada, istərsə də Azərbaycanda ən çox pul qazanan şou-biznes məşhurları, idmançılar, aktyorlar və digərləridir. Hətta dəyəri milyonlarla ölçülən idmançılar belə mövcuddur. Fəxri adlar mədəniyyət xadimlərinə verilir. Gəlin bir düşünək bu pandemiyada onlar bu millətə nə verdi? Fikrim kəskin ola bilər, amma realist davranmağa borcluyam. Milyonluq idmançıların çarəsiz xəstələrə və ölümdən qurtara bilməyən insanlara, yaxud evdə təhsilsiz qalan uşaqlara nə xeyri oldu. Yaxud da ölkə asayişinimi qorudular, gecə-gündüz küçələrdə keşiyimizi çəkən polislərimiz və hərbiçilərimiz kimi. Zənnimcə, dünyada bir o qədər də qiyməti bilinməyən, həkimlər, müəllimlər, polislər və hərbiçilərə lazımi diqqət göstərilməlidir. Bu çətin günlərdə ən ağır yük həkimlərimizin üzərinə düşdü və onlar xəstəliklə qarşı-qarşıya idilər. Eyni zamanda bu yükü çiyinlərində daşıyanlardan biri də müəllimlər idi. Müxtəlif vasitələrdən (bu haqda irəlidə məlumat olacaq) istifadə edib Azərbaycanımızın övladlarını maarifləndirmə ilə məşğul oldular. Və polis-əsgərlərimiz, onların fəaliyyətini təsvir etməyə cümlə tapmadım. Yaxşı ki, vardılar.

Azərbaycan təhsili COVID-19 pandemiyası dövründə

Daha öncə vurğuladığım ki, təkrar bütün səmimiyyətimlə söyləyirəm ki, bu çətin günlərdə həkimlərimizin haqqı ödənməz. Lakin ən azı onlar qədər biz müəllimlərin də işi heç də asan olmadı. Pandemiyanın ilk günlərindi aradakı boşluqları doldurmaq üçün müxtəlif tədbirlər görməyə cəhd etdik. Məsələn, mən Votsap mesajlaşma tətbiqindən istifadə edib öz qruplarımın adına yeni qruplar yaratdım. Daha sonra zəruri materialları ora yüklədim və 24 saat ərzində tələbələrin suallarını cavablandırmaq imkanı yaratdım. Hətta, Votsap viktorinalar təşkil edərək qiymətləndirməmə həmin qeydləri də əlavə etdim. Bundan başqa digər müəllimlərin dərsləri videolara çəkib və ya səsli formada həmin tətbiqdə paylaşdıqları  haqqında məlumatlarım mövcuddur. Əminəm ki, bunu bizim Bakı Dövlət Universiteti müəllimləri deyil bütün universitetlərimiz ediblər. Daha sonra ZOOM adlanan digər bir proqramdan istifadə etdik ki, istər Votsap, istərsə də bu proqram lazımı effekti vermirdi.

Belə bir zamanda Azərbaycan Təhsil Nazirliyi doğru və gözəl bir addım atdı və Bakı Dövlət universiteti ilə birlikdə (bəlkə başqa universitetlər də vardı) təhsil proqramlarından pulsuz istifadə etmək imkanını verən e-maillər açdırdı. Bu e-maillər vasitəsi ilə həm biz müəllimlər, həm də tələbələr Microsoft Office 365 paketinə daxil olan proqramlardan, xüsusi ilə virtual dərs keçməkdə ən gözəl proqram olan Microsoft Teams proqramından pulsuz istifadə etmiş olduq. Vurğulayım ki, bu versiya proqramlar daha sürətli və çox funksiyalıdır. Bir daha xatırladım ki, bu digər insanlar üçün pulludur. Doğrudur auditoriyada mühazirə oxumağın gözəlliyini heç nə əvəz edə bilməz, lakin, bütün otaqlar texniki təminatlı olmadığı üçün Ms. Teams ilə rahatlıqla bütün slaydları nümayiş etdirmək mümkündür. Eyni zamanda tələbə səninlə 24 saat əlaqədədir və dilədiyi zaman sual vermə imkanına malikdir. Bundan başqa bu paketə daxil olan Microsoft OneNote proqramı ilə bütün qeydiyyatlarımı bir mərkəzdən idarə etdim. Təbii ki, bu Outlook-dan da pulsuz istifadə imkanı verirdi. Həmçinin Microsoft OneDrive ilə bulud texnologiyasından da yaralanmış oldu ki, bu bizə vahid mərkəzdən həm telefonla, həm kompüterlə, həm də planşetlə işləmə imkanı yaradır və yanında xüsusi daşıyıcı aparmaq məcburiyyətində qalmırsan. Heç şübhəsiz ki, bütün bunlar dövlətimizin atdığı ən yaxşı addımlardan biri idi. Lakin bir təəssüf doğuran məqamı da gözardı etmədən keçmək olmaz. Bilindiyi kimi, ölkənin hər yerində sürətli internet mövcud deyil və tələbələrin hamısı internet əldə edə bilmir. Düzdü indi bu boşluğu Votsap qruplarla tamamlamağa çalışırıq, Ms Teams dərsləri videoya almaq imkanı yaradır ki bu videoları həmin qruplarda yenidən paylaşırıq, lakin, sadəcə tələbələr üçün istər dövlət internet provayderləri, istərsə də mobil operatorlar (xüsusən də bütün Azərbaycanı əhatə edən) müəyyən güzəştlər edə bilərdi. Zənnimcə, Azərbaycanın gələcəyi olan övladlarımız üçün bunu etmək əlavə yük və ya xərc deyil, gələcəyə yatırımdır.

Uzaqdan təhsil repetitorluğa da müsbət təsir edə bilər. Məsələn əvvəllər abituriyentlər bir necə müəllim yanına bir gündə gedərkən yolda vaxt itkisinə səbəb olurdularsa, indi evdə müəllimə qoşularaq əlavə vaxt qazana bilər. Bu o halda effektli olar ki, Azərbaycanda da şagirdlər, Avropadakı kimi köçürməyi özlərinə təhqir hesab edələr, bu istiqamətdə təfəkkürün dəyişməsi zəruridir. Avropada şagird və ya tələbələr nəzarətsiz olduqda belə kitaba baxaraq tapşırıq həll etməyi özlərinə təhqir hesab edirlər.  Bundan başqa Lerik və ya Qusar, yaxud Tovuz kimi uzaq rayondakı bir şagird Bakıdakı bir müəllimdən rahatlıqla dərs almaq imkanı da əldə edə bilər.

Azərbaycan elmi və COVID-19 pandemiyası

Uzaqdan əlaqələrin geniş vüsət alması elm sahəsinə də öz müsbət təsirini göstərdi. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olaraq mən maliyyə ucbatından qatıla bilmədiyim beynəlxalq konfranslar virtual formada qatıla bildim. Bundan başqa Təhsil nazirliyinin Microsoft Office proqramlarından pulsuz istifadə etməyə imkan verən BDU domenli e-maili ilə dünyanın ən məşhur və indeksləşmə əsasında reytinqi müəyyən edən Research Gates  internet saytında problemsiz qeydiyyat olunma imkanı əldə etdim. Beləliklə həm dünyadakı elmi yeniliklərə tanış olmaq, həm də öz məqaləmi dünya ictimaiyyətinə çatdırmaq daha rahat oldu. Bu vəziyyətin tək mənfi cəhəti arxiv və kitabxanalardan istifadə məhdudiyyəti oldu. Kaş ki, dünya kitabxanaları ilə müvəqqəti icazəli razılıqlar əldə olunaydı və biz də bundan yaralanaydıq. Onu da vurğulamaq istərdim ki, tələbələr verilən e-maillərlə də saymış olduğum imkanlardan yararlana bilərlər.

Məqaləni yazarkən çalışdıq ki, pessimistlikdən uzaq olaq və hadisələrə pozitiv yanaşaraq nikbinliyi aradan qaldıraq. Çünki, mütləq hər pis görünən hadisənin mütləq müsbət tərəfləri vardır və onu görmək lazımdır. Xatırladım ki, bu mənim müşahidə və təcrübələrimdən istifadə edilərək yazılmışdır. Reallıqla tamamilə uyğundur.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev