Koronavirus, yoxsa panikavirus?

Koronavirus, yoxsa panikavirus?

Koronavirus - son günlərin ən çox müzakirə olunan mövzusu. Həm də iki deyil, üç deyil, dörd deyil, əlli yerə parçalanmış, fərqli məzhəblərə, ideyalara tapınmış, fərqli dünyagörüşlərinə malik, bir qisminin Rusiyanı, bir qisminin İranı, digər qisminin də Türkiyəni qardaş kimi qəbul etdiyi Azərbaycan cəmiyyətini bir daha iki yerə ayırmış koronavirus.

Əvvəlcədən deyim ki, bu məsələdə çox küyə gedirik. Sadəcə bir qədər təmkinli olmaq, araşdırmaq, öyrənmək lazımdır və hər deyilənə də bu qədər inanıb təşvişə düşmək olmaz.

Əksəriyyətimiz bilmirik, yaxud da yadımızdan çıxıb, amma koronavirus (o vaxt biz bunu "tac virusu" kimi tərcümə etmişdik və düz də etmişdik) 2014-cü ildə baş qaldırmışdı - Səudiyyə Ərəbistanında. "Google"-da istənilən dildə tapa bilərsiniz. Həmin ilin yanvarında qurbanların sayı 59, iyunda isə 189 nəfərə çatmışdı.

Ümumiyyətlə, yeni təhlükəli virus ilk dəfə 2012-ci ilin sentyabrında məhz Səudiyyə Ərəbistanında aşkar edilmişdi. Yoluxanlarda atipik pnevmoniyanı xatırladan simptomlar müşahidə olunurdu. Həmin il virusa yoluxma halları Fransa, Almaniya, İordaniya, Britaniya və Türkiyədə də qeydə alındı. Bütün bunlar rəsmi məlumatlardır.

Sonradan hər şey yaddan çıxdı, mətbuat da unutdu.

Xatırladım ki, ilk dəfə yeni virusun geni Erazm adına Niderland Tibb Mərkəzində kəşf edilib. Orada bu virusa hCoV-EMC (human Corona Virus-Erasmus Medical Centre) indeksi verilib. "Tac" ailəsinə aid olan viruslar (bu ad onlara səthi Günəş tacını xatırlatdığına görə verilib) soyuqdəymədən atipik pnevmoniyaya (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olurlar.

Heç kəsə sirr deyil ki, koronavirusdan ən müxtəlif qüvvələr öz maraqları naminə istifadə edir. İnformasiya məqsədli şəkildə şişirdilir, bu virusun son dərəcə ölümcül olduğu bildirilir, küçədə gəzdikləri bir vaxtda qəflətən yıxılması və digər görüntülər yayılaraq insanların guya virusdan xəstəlik düşmüş cücələr kimi qırıldığı iddia olunur. Amma indiyədək dünyada koronavirusa yoluxanların sayının 90 minə yaxın olduğu, bunlardan 45 mindən çoxunun sağaldığını və yalnız 3 mindən bir qədər çox insanın öldüyünü qeyd etməkdə maraqlı deyillər.

Ən böyük zərbə isə Çin və İran iqtisadiyyatına dəyir. Təkcə Çin və İranamı? Xeyr! Uzağa qaçmayaq. Qarşıdan gələn Novruz bayramı günlərində Azərbaycan təkcə İrandan xeyli sayda turist itirdi. Sərhədlər davamlı olaraq bağlı qalarsa, maliyyə itkiləri daha da artacaq.

İşbazlar da ənənəvi əməllərindən qalmadılar. Ölkəmizdə sarımsağın 1 kq-nın qiyməti 9-15 manat arasında dəyişir. Maraqlıdır, kim deyib ki, sarımsaq koronavirusu öldürür? Bəzi fırıldaqçı - bu, yüngül sözdür - xalqın düşməni olan iş adamları tibbi maskaların qiymətini kefləri istədikləri qədər qaldırdı. Bu möhtəkirlərin cəzalandırılacağı bildirilsə də, sizi əmin edirəm ki, yenə də bəzi aptek sahibləri öz işlərindədir. Bu hal əczaxanalardakı spirt satışına da aiddir. Bu gedişlə spirtli içkilər də bahalaşar. Çünki özümüzü aldatmışıq ki, məhz belə məqamda “daxili dezinfeksiya” vacib şərtdir.

Cəmiyyətimizdə isə koronavirusla bağlı əsasən iki fikir formalaşıb. Birinci fikrin sahibləri bu virusun elə də qorxulu olmadığını hesab edir, ümumi xəbərdarlıqlara məhəl qoymur, yəni həyatına əvvəlki ssenari ilə davam edir, bu virusun da bir vaxtlar “dəbdə” olan quş və donuz qripləri kimi bir mərəz olduğunu, “vaxtı çatanda” aradan qalxacağını düşünür. Belələrinin içində koronavirusun tamamilə ABŞ istehsalı olduğunu güman edənlər, yox, buna hətta əmin olanlar da var. Aşağıdakı dialoqa isə özüm qulaq şahidi olmuşam.

- ...ciyəriyanmışlar (çinliləri nəzərdə tutur – B.H.) nə gəldi yeyirdilər: it, pişik, tısbağa...

- Qurbanolduğum verdi də bəlalarını!

- Bəli!

- Bəs İranda niyə tapıldı o zəhrimardan?

- Boş şeydir! Şayiədir! Qəsdən edirlər ki, İrana ziyan versinlər.

- Ağaya qurban olum!

- Bəs özləri dedi axı, var bizdə. Prezidentləri dedi, Ruhani.

- O da onların, amerikalıların adamıdır. Başda İran olmaqla, dağıtmaq istəyirlər müsəlman dövlətlərini, çaxnaşma salmaq istəyirlər, əllərinə fürsət düşüb...

Belə düşünən o qədər insan var ki.

İkinci fikrin sahibləri isə artıq virusa yoluxublar – panikavirusa! Bütün günü tibbi maskalarda gəzir, imkan daxilində küçədə heç nəyə əl vurmur, heç kimə əl uzadıb görüşmür, əllərini 15-20 dəqiqədən bir həşirlə yuyur. Belələrinin arasında gözlərindən təşviş yağan, hətta ictimai nəqliyyatda, Allah eləməsin, asqıran insanlara nifrətlə baxanlar da var. Cem Yılmazın sözü olmasın, ictimai nəqliyyatda qorxumuzdan içimizə doğru asqırırıq.

Bu, artıq təşviş, panika xəstəliyinə düçar olmaq deməkdir. Təşviş və qorxudan isə daha pis xəstəliklər törəyə bilər.

Bu mərəzin adının tələffüzü ilə bağlı da acınacaqlı mənzərə yaranıb. Bir qismi bir vurğu altında “karanavirus”, bir qismi “o” hərfini gah uzatmaqla, gah da qısa deməklə “karonavirus”, digər qismi də bir az da irəli gedərək bir vurğu altında “koronavirus” kimi tələffüz edir. Yeni sözlər yaranarkən (məsələn, “selfi”ni xatırlayın) adətən gözləmə, susma mövqeyində dayanan AMEA Dilçilik İnstitutu bu dəfə operativ reaksiya verdi. Əvvəlcə bəyan etdi ki, bu söz Azərbaycan dilində “koronavirus” yazılmalıdır. Niyəsi çox maraqlıdır. Axı “korona” həm ingilis, həm də rus dilində elə “tac” deməkdir. Bu məntiqlə gərək bütün virusların, xəstəliklərin adlarını elə əcnəbi dildə saxlayaq (yazıda ikitirəlik yaranmasın deyə, biz də “koronavirus” yazırıq). Tələffüz problemi ortaya çıxanda isə İnstitut öz aləmində "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirdi: "Koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır". Dahiyanə!

Daha vacib bir məqam qaldı - Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində tədrisin martın 27-dək dayandırılması barədə qərarı. Müzakirə və mübahisə olunmalı qərardır. Birincisi, Azərbaycanda virus yayılmayıb, tüğyan etmir. Elə isə bu qərara nə ehtiyac var idi? Azərbaycanda koronavirus cəmi 11 nəfərdə aşkarlanıb, onlar da İrandan gələnlərdir. Uşaqları qoruyuruqsa, lap əla! Amma valideynlər virusa işdə yoluxub evdə uşaqlara da keçirə bilərlər. Yenə də bu məntiqlə gərək bir çox iş yerləri də bağlansın (yeri gəlmişkən qeyd edim ki, uşaqlarını bağçaya qoyan bir sıra valideynlər işdən müvəqqəti ayrılaraq evdə oturmağa, övladına baxmağa məcbur olub). Bir sinifdə 20-30 uşağın oturması kütləvilik sayılırsa, konsert, teatr, idman oyunları kimi bir sıra kütləvi tədbirlər təxirə salınıbsa, cənablar, onda zəhmət çəkin, ictimai nəqliyyatdan istifadəni də məhdudlaşdırın. Pik saatlarında metro vaqonlarında, avtobuslarda nə qədər insanın ağız-ağıza girdiyindən xəbəriniz varmı? Orta ölçülü kafedə onlarla insanın bir araya gəldiyini bilmirsinizmi? Kinoteatrların, idman zallarının və s. hələ də fəaliyyət göstərdiyini unutmusunuzmu? İri müəssisələrdə onlarla insanın bir otaqda çalışdığını da bilmirsiniz?

Özünüzü soyuğa verməyin!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov