Virusun yeni dalğası

Virusun yeni dalğası

Hazırda proqnozlar onu deməyə əsas verir ki, Azərbaycanda yoluxma halları ilə bağlı qeydə alınan say artacaq. Bu, qaçılmazdır. Sadəcə olaraq, qaydalara əməl etməklə xəstəliyə yoluxanların iki həftə sonrakı sayını azaltmağa və risk qrupunda olanları virusdan qorumağa nail oluna bilər. Buna görə də ölkə ərazisində virusun yayılmasının qarşısının alınması üçün yeni qadağaların tətbiq edilməsi gözləniləndir. Ona görə yeni qadağalar deyirəm ki, ilkin mərhələdən fərqli olaraq artıq hansı tədbirlərin virusa yoluxmaya neçə faiz təsir edəcəyi elmi əsaslarla müəyyən olunub. İndi isə sadəcə ölkənin iqtisadi və sosial durumu da nəzərə alınmaqla bunları müvafiq formada icra etmək lazımdır. Amma bu qərarları vermək heç də sadə deyil və yüz faiz düzgün qərar deyə bir standart qərar da yoxdur. Məqsədə nail olmaq üçün qadağalarla bəzi sektorlarda və xidmət sahələrində müəyyən qurbanlar verilməlidir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

Test strategiyaları və seroloji testlərlə müəyyən mənada vəziyyəti ələ almaq mümkündür. Düşünürəm ki, böyük şəhər və rayonlarda virusun yayılma tendensiyasında artım gözlənildiyi kimi, bu, kiçik kəndlərə də sirayət edə bilər. Ona görə də, indidən buna hazırlıqlı olmaq lazımdır. Təbii ki, kiçik yaşayış məntəqələrində yoluxma halları aşkarlanan zaman ora giriş-çıxış məhdudiyyətinin tətbiq edilməsi düzgün qərardır.

Əvvəlki aylarda heç bir müsbət nəticəsi olmayan tədbirlərin yenidən həyata keçirilməsi məqsədəuyğun deyil. Virusla mübarizədə bütün zəruri tədbirlərlə yanaşı, insanlar arasında maarifləndirici işlər də səngiməməlidir. Təəssüf ki, hamı kafe, restorana və insanların sıx toplaşdığı digər ictimai məkanlara getmək istəyir. Amma biz artıq bundan öncəki dalğada etdiyimiz səhvlərdən həm tibbi baxımdan, həm də xalq olaraq nəticə çıxarmalıyıq. Xəstəxanaların reanimasiyalarına baxın, hələ ki, boşdur və bu, o deməkdir ki, fürsətimiz var, amma zamanımız yoxdur. Reanimasiyalar bir də dolmayacaq deyənlərə isə bu gün İspaniyanı nümunə gətirmək istəyirəm. Çünki hazırda İspaniyada reanimasiyalar yenidən xəstələrlə dolub.

Artıq bu müddət ərzində bir daha sübut olundu ki, virus təkcə yaşlı insanları öldürmür. Bu, həm də gənclərə və uşaqlara da təsir edir. Xüsusən, gənclər arasında risk qrupuna aid olanlar var və onlar özlərini qorumalıdırlar. Çünki risk qrupuna aid olan gənclər arasında yoluxma olarsa, bu, bütün reanimasiyaların dolmasına səbəb ola biləcək. Ona görə də biz reanimasiyaların dolmasını gözləməməli, bunun qarşısını indidən almalıyıq. Bunun üçün hər bir kəs fərd olaraq virusla mübarizə aparmalı, bütün qaydalara riayət etməlidir.

Həmçinin klasterlərin tapılması və onların harada baş verməsinə ciddi baxılmalıdır. Bir insan virusa yoluxduğu zaman ondan mütləq hansı klasterdə bunun baş verməsi soruşulub araşdırılmalıdır. Bundan sonra orada olan virusa yoluxa biləcək digər insanlar tez bir zamanda müəyyən edilməli, onlar evdə karantinə alınmalı və ya izolyasiya olunmalıdırlar. Çünki viruslu xəstə adətən bundan öncəki dalğada müəyyən olunanda artıq onun kifayət qədər adamı yoluxdurduğu dəqiq müəyyən olunub. Klasterlərin harada olması məsələsinə də ciddi yanaşılmalıdır, yəni yoluxma halları restoran və ev şəraitində ad günləri tədbirlərində və ya övladlarını əsgərliyə yola salan zaman hərbi komissarlığın önündə baş veribsə, belə toplanmaları qəti şəkildə qadağan etmək vacibdir.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Nuran Abdullayev
Tibbi ekspert

Nuran Abdullayev

Zaur Adıgözəlov
Fəlsəfə doktoru

Zaur Adıgözəlov