Xarici araşdırmaçıların tariximizə ikili yanaşması; Persiya, yoxsa Azərbaycan?

Xarici araşdırmaçıların tariximizə ikili yanaşması; Persiya, yoxsa Azərbaycan?

Azərbaycanla bağlı məlumat verən xarici tarixşünaslıq bir çox məsələlər qeyri-obyektiv formada əks olunmuşdur. Bəzi yerli tarixçilər və xarici tarixçilərin əksəriyyəti, bu dövrü araşdırarkən “Azərbaycan” adını bir coğrafi vahid kimi görməzdən gələrək bu əraziləri “İran” ərazisi kimi, yaxud ən yaxşı halda köhnəlmiş bir tarixi termin olan “Persiya” kimi göstərmiş, Azərbaycana məxsus olan mədəniyyət nümunələrinin və tarixi şəxsiyyətlərin fars və ya ərəb, bəzən də kürd və ya erməni mədəniyyətinin bir parçası kimi təqdim etmişdilər. Xarici tarixçilərin Azərbaycana məxsus maddi-mədəniyyət irsinin, tarixi şəxsiyyətlərin,  şəhərlərin belə müxtəlif adlarla göstərməsi iki yanaşmadan irəli gəlir.

Tarixi qaynaqlar “Azərbaycan”, “İran” və “Persiya” haqqında nə deyir?

Tarixi faktları təsdiq edən qaynaqlara nəzər saldıqda isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşırıq. Azərbaycan tarixinin X-XII əsrlər tarixini öyrənmək üçün ən çox istifadə olunan qaynaq “Səlcuqnamə”lərdir. “Səlcuqnamə”lər Böyük Səlcuqlu imperiyası və sonrakı Səlcuqlu dövlətlərinin tarixi haqqında yazılmış tarixi əsərlərdir. Əhməd bin Mahmudun müəllifi olduğu “Səlcuqnamə”də İran kəlməsinə heç bir yerdə rast gəlinmədiyi halda, Azərbaycan adına, eləcə də Şəki və digər şəhərlərin adına dəfələrlə rast gəlinir. Müəllif İranı təsvir etmək üçün ərəb tarixçiliyində daha geniş yayılmış əcəm terminindən istifadə edir. “Səlcuqnamə”də antik müəlliflərin, onların davamçılarının Persiya adlandırdıqları ərazi, hissələrə bölünərək dövrün coğrafi bölgüsünə uyğun formada, aşağıdakı kimi göstərilir: “Sultan Səncər bir çox məmləkətin Sultanı idi. Nihavənd, İraq, Səmərqənd, Xorasan, Təbəristan, Kirman, Sistan, İsfahan, Həmədan, Rey, Azərbaycan, Ərməniyyə, Arran...” Əsərin bir çox yerində işlədilən Azərbaycan kəlməsi həm ərazi kimi, həm bölgə kimi, həm də əmirlik kimi verilmişdir. XI-XIV əsrləri əhatə edən İbn Bibinin “Səlcuqnamə” əsərinə diqqət yetirdikdə görmək mümkündür ki, İraqın adı coğrafi termin kimi bir neçə dəfə çəkildiyi halda İranın adı heç bir formada çəkilmir. Həmin əsərdə Azərbaycan kəlməsi coğrafi ərazini təsvir etmək üçün dəfələrlə istifadə olunmuşdur. İran adı heç Nizamülmülkün “Siyasətnamə” əsərində də çəkilmir. Lakin Azərbaycan adı əsərdə həm coğrafi mənada, həm də əmirlik kimi dəfələrlə çəkilməkdədir. Müəllif Məzdəkilər hərəkatından söhbət açarkən Azərbaycanın bu hərəkatın əsas mərkəzlərindən biri olduğu fikrinin yaranmasına səbəb olan məlumatlar verir. Belə qənaətə gəlmək olar ki, X-XI əsrlərdə Səlcuqlular Azərbaycan ərazisindən Anadoluya keçdiyi zaman İran məfhumu yox idi. Belə bir hal mümkün olsaydı, müəlliflər bu addan mütləq hər hansı formada istifadə edərdilər. Bütün bunlara rəğmən əsərlərin müasir çaplarında ön söz və şərhlərdə İran məfhumu varmış kimi fikirlər yer almaqdadır. Məsələn, XIII-XV əsr farsdilli unikal mənbələrdən biri olan Ata Məlik Cüveyninin “Tarixi-cahanquşa” əsərinin heç bir yerində İran kəlməsi keçmədiyi halda, əsəri Türk dilinə çevirən M. Öztürk ön sözdə, əsər və onun müəllifi haqqında məlumat verərkən və şərhlərdə dəfələrlə İran kəlməsindən istifadə edərək, məsələyə müasir sərhədlər çərçivəsindən yanaşdığını göstərməkdədir. Tərcüməçi əsərin daxilində heç keçməyən İran kəlməsinə geniş yer ayırarkən, əsərin içində dəfələrlə istifadə olunan və coğrafi ərazi mənasını ifadə edən Azərbaycan kəlməsini istifadə etməkdən çəkinmişdir. Halbuki, əsərin ingiliscə nəşrində obyektiv davranılmış və müxtəlif mənaları ifadə etmək üçün Azərbaycan adı 16 yerdə işlədilmişdir. “Tarixi-cahanquşa” əsərinin farsca Məhəmməd Qəzvini nəşrində isə İran kəlməsi (23 dəfə) Azərbaycan kəlməsindən (8 dəfə) daha çox istifadə olunub. Əsərin Məhəmməd Qəzvini nəşri əsasında J. Boyle tərəfindən hazırlanan ingiliscə tərcüməsi daha obyektiv davranaraq nə ön söz və şərhlərdə, nə də əlavə məlumatlar verərkən İran və Persiya sözlərindən istifadə etməmişdir. Buradan belə nəticə çıxartmaq mümkündür ki, ilkin qaynaqların farsca çapa hazırlanan variantlarında bir sıra qeyri-obyektivliklərə rast gəlinir. Ehtimal etmək olar ki, əsərlərin ilkin əlyazmasında istifadədə olunan “Əcəm” və “Fars” sözləri əsərin təshih olunmuş çaplarında “İran” sözü ilə əvəz olunur. M. Öztürkün tərcümə etdiyi və 2000-ci ildə təkrarən nəşr olunan Mahmud Aksarayinin “Müsamərətül-əxbar” əsəri 1941-ci il M. Nuri Gəncosman tərəfindən gerçəkləşdirilən tərcüməsindən xeyli fərqlənir və əsərin ikinci nəşrində bir çox ixtisarlara rast gəlinir. Digər tərəfdən əsərdə Böyük Səlcuqlu Sultanlığı, onun davamı olan Anadolu Səlcuq Sultanlığı kimi tanıdığımız imperiyanın Sultanları İran Sultanları kimi təqdim olunur. Halbuki, əsərin almanca nəşrində 14 Sultan Səlcuqlu sülaləsinin sultanları kimi tərcümə edilmişdir. Bu da əsərin tərcümə variantlarına qarşı inamsızlığın yaranmasına səbəb olur və orijinal əlyazmaya baxma ehtiyacı hiss etdirir ki, bu da hələlik mümkün deyil. Sadəcə, onu deyə bilərik ki, əsərin hər üç nəşrində Elxanilər dövründən bəhs olunan hissələrdə İran adına rast gəlinmir. Dövrün əsas qaynaqlarından biri olan İbnül İbrinin “Əl-müxtəsər fid-düvəl” əsərinin türk dilindəki tərcüməsində də 5-ci və 6-cı xanədanlıqlar iranlıların yaratdığı xanədanlıqlar kimi göstərilmişdir. Halbuki, əsərin ingiliscə çapında bu xanədanlıqlar orijinalına uyğun şəkildə Midiya və Fars xanədanlığı kimi verilmişdir. Lakin əsərin istənilən tərcüməsində 9-cu və 10-cu xanədanlıq kimi təsvir olunan Ərəb Xilafəti və Moğollardan məlumat verilərkən İran coğrafi adına rast gəlinmir.

Moğol dövrünün ən böyük əsəri, ilk ümumdünya tarixi hesab olunan “Cameüt-təvarix” əsərində də demək olar ki, “Azərbaycan” adı yüz dəfələrlə keçməkdədir. Eyni zamanda əsərdə Fars kəlməsi ilə bərabər İran kəlməsi bir neçə dəfə istifadə olunmuşdur. Fəzlullah Rəşidəddin “Cameüt-təvarix” əsərinin “Tarixi-mübarəki-Qazan” cildində Hülakü xanın beşinci oğlu olan Tugay haqqında məlumat verərkən bildirir ki, o, İran səfəri zamanı ildırım vurmasından dünyasını dəyişmişdir. Və ya Münkə xaqan Hülakü xanı İrana başçı təyin edir və ora göndərir. Əsərin farsca iki mühüm nəşrləri olan Behman Kərimi və Məhəmməd Rövşən-Mustafa Musavi nəşrlərinin heç biri tam və kamil deyil, eyni zamanda hər iki nəşrdə çatışmazlıqlar var. Lakin əsərin ingiliscə V. Takston və rusca  A. Arends nəşrlərinə nəzər yetirdikdə burada da “İran” kəlməsinin işlədildiyini görmək mümkündür. Əsərin I hissəsinin birinci fəslinin 1968-ci il Ə. Əlizadə nəşrində isə “İran” sözünün “Arran” kimi yazılmış olduğu da göstərilməkdədir ki, əsəri çapa hazırlayanların çoxu bu faktı görməzdən gəlirlər. Təəssüf ki, əsərin ilkin əlyazmasına baxma imkanımız yoxdur və beləcə, “İran” adının ilkin əlyazmada necə işləndiyi haqqında fikir irəli sürmək mümkün deyil. Ola bilsin ki, fars formasında işlədilmişdir. İran haqqında bəhs edilən məlumatları nəzərdən keçirərkən bir məqam diqqəti çəkməyə bilmir. Abaqa xanın zamanında keçmiş İsmayillilərin əraziləri Fars məmləkəti kimi işlədilməyə başlayır. Əsərdə deyilir ki, “Abaqa xan Fars əyalətlərini Atabəy Əbu Bəkirin övladlarına bağışladı”. Əsərin elə həmin yerində İraq, Rum, Azərbaycan, Arran və s. ərazilər də məmləkət kimi göstərilir və Azərbaycanın mərkəz olduğu vurğulanır. Azərbaycanın Elxanilər dövlətinin metropoliyası olması fikrinin bir çox əsasları mövcuddur. Bunlardan birincisi ölkənin paytaxtının Təbriz şəhəri olmasıdır və “Darül-mülk” adlanan bu şəhərin Azərbaycanda yerləşdiyinə dair heç bir şübhə yoxdur. Əgər Təbriz fars coğrafiyasına aid olsaydı, adı Azərbaycandan bəhs edilərək xatırlanmazdı. Digər məsələ, Elxanilərin xəzinəsi də Azərbaycanda yerləşirdi. Əhməd xan başda olmaqla bir çox Elxani xanı zamanlarının çoxunu Muğanda və Qarabağda keçirərdilər. Həmçinin Rum, Şam və başqa ərazilərdə qırğın və yağmalar həyata keçirən Elxani hökmdarları Azərbaycan və ətrafında belə bir addım atmadılar. Başqa bir diqqət çəkici məqam ondan ibarətdir ki, Elxani dövləti yaranmamışdan öncə moğollarla Ərəb Xilafəti arasında İsmayillilər adlı fars dövləti mövcud idi. Ola bilsin ki, Fəzlullah Rəşidəddin əsərdə bu dövləti ifadə etmək üçün İran ifadəsindən istifadə etmişdir. Həqiqətən də əsərdə sadəcə İsmayillilər dövlətinə işarə edərkən “İran məmləkəti” və ya “İran torpağı” ifadəsindən istifadə olunub. Məmləkət isə o dövrdə ölkə mənasını ifadə etmirdi, sadəcə əyalət və ya vilayət mənasında işlədilirdi. Behman Kərimi nəşrində əksər hallarda vilayət ifadəsi işlədilir. Belə nəticəyə gəlmək olar ki, Elxanilər zadəganları etnik baxımdan moğol olsalar da, onların ordularında çoxlu Türk əsgər vardı və çox güman ki, Azərbaycana gəlmiş moğolların xeyli hissəsi Türk idi. Moğol ordusunda bir çox Türk əsgəri komandirlik edirdi ki, bunlardan biri də Fəzlullah Rəşidəddinin təbirincə desək, “Moğolların başı Əmir Böri idi”. Böri və ya Börü qədim Türkcədə qurdu ifadə etmək üçün istifadə olunur. Mahmud Kaşqarlının “Divani-lüğət it-Türk” əsərində bildirilir ki, Türklərə qadın doğumunu tamamlayarkən həkimə belə bir sual verirlər “tilkü mü togdı azu böri mü?”, yəni “tülkümü doğdu, yoxsa qurdmu?” Doğulmuş körpənin oğlan (qurd) yoxsa qız (tülkü) olduğunu öyrənmək üçün istifadə olunan Türk deyimidir. “Cameüt-təvarix” əsərinin əvvəlində F. Rəşidəddin Türk və Moğol tayfalarının təsnifatını verir və hətta müəllif Türklər haqqında məlumatı öz əsərinə moğollardan öncə daxil etmişdir. Böyük təbibin Türklər haqqındakı məlumatı, moğollar haqqındakı məlumatdan daha öncə daxil etməsi Türklərin Moğollar arasında daha yüksək mövqedə dayandığını söyləməyə imkan verir. Əgər Moğollar farslara yaxın olsaydılar və “İran Moğolları” deyə bir dövlət mövcud olsaydı, Qazan xanın birbaşa nəzarətində yazılan “Cameüt-təvarix” əsərində fars tayfalarının təsnifatı da verilərdi. Bundan başqa, Türklərdə mövcud olan yas adətləri eyniliklə Moğollarda da mövcuddur.  Əbülqasım Kaşaninin “Tarixi-Olcaytu” əsəri Türk təqvimi əsasında yazılıb və xeyli sayda türkizmdən istifadə olunub. Belə düşünmək mümkündür ki, Elxanilər təsadüfən Azərbaycanı mərkəz seçməmişdilər. Onları bu torpağa etnik əlaqələr bağlayırdı. Onu da dəqiqliklə demək olar ki, bir Moğol ulusu olan Elxanilər dövləti İran dövləti və ya sülaləsi deyildi, Azərbaycan ərazisində yaranmışdı.

Əmir Teymurun fəthləri haqqında ən unikal qaynaq olan Nizaməddin Şaminin “Zəfərnamə” əsərində Azərbaycan və “İran məmləkətləri” olaraq ayrıca göstərilmişdir. Əsərə diqqət yetirərkən tarixi coğrafiyanı dəqiq müəyyən etmək mümkün olmasa da, burada yerləşən şəhərlərin adlarına diqqət yetirərək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan elə öz tarixi ərazilərini, İran isə farsların yaşadığı əraziləri göstərmək üçün istifadə olunub. Müəllif əraziləri olduqca dəqiq verərək bəzən “İran vilayətləri” yerinə “Fars vilayəti” ifadəsindən də istifadə etmişdir. Ağqoyunlu tarixinin öyrənilməsi üçün ən əsas tarixi qaynaq hesab olunan Əbu Bəkr Tihraninin “Kitabi-Diyarbəkriyyə” əsərində də İran coğrafi ərazi kimi və ya siyasi mənada işlədilmir. Lakin əsəri Türk dilinə çevirən M. Öztürk bütün şərh və izahlarda fars yerinə də, İran İslam Respublikası yerinə də İran kəlməsindən istifadə etməyi üstün tutmuşdur. Zənnimizcə ən çox təhriflərə məruz qalan əsər Həmdullah Mustoufi Qəzvininin “Tarixi-qozide” əsəridir. Əsərin həm farsca Əbdülhəsən Nəvahi nəşri, həmdə Türk dilinə tərcümə olunan Mürsəl Öztürk nəşrində  xeyli sayda təhrifə yol verilmişdir. Əsərdə göstərilir ki, Abaqa xan zamanında Bərkay xan intiqam üçün İrana yönəldi, Kür çayı qırağında xanın qardaşı Yəşmuta çatdı. Əminik ki, Həmdullah Mustoufi Qəzvini Kür çayı ətrafını İran adlandırsın. Çünki irəlidə bəhs edəcəyimiz və Həmdullah Mustoufi Qəzviniyə məxsus olan “Nüzhətül-qülub” əsərində Kür çayının Azərbaycan ərazisində yerləşməsi haqqında məlumat mövcuddur. Demək ki, əsərin təshihində yol verilən xətalar əsərin sonrakı ingiliscə qısa tərcüməsi daxil olmaqla bütün tərcümələrinə də sirayət edir.

Səfəvilər İmperiyası tarixinə dair ilkin qaynaqlarda onların Türk əsilli olması və Azərbaycanda dövlət yaratması haqqında məlumatlar kifayət qədərdir. Görkəmli səfəvişünas Azərbaycan alimi Zabil Bayramlı Şeyx Hüseyn bin Şeyx Abdal Zahidinin “Silsilətün-nəsəbi Səfəviyyə” əsərinin tədqiqinə həsr etdiyi monoqrafiyada Təvəkkül bin Bəzzaz əl-Ərdəbilinin “Səfvətüs-səfa” əsəri daxil olmaqla bir çox ilkin qaynaqlardan istifadə edərək Səfəvilərin etnik kimliyinə aydınlıq gətirmişdir. O bildirmişdir ki, indiyə qədər tarixşünaslıqda Səfəvilərin fars, kürd və ya ərəb mənşəli olması haqqındakı fikirləri tamamilə əsassızdır (13).  Müəllif “Azərbaycan  Səfəvi  dövlətinin  quruluşu və idarə olunmasında  türk qızılbaş əyanlarının rolu” adlı digər bir əsərində Məhəmməd Yusif Qəzviniyə istinadən yazır: “Şərur döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azərbaycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm zərb edildi”. Əlavə şərhə ehtiyac olmayan bu parçadan aydın olur ki, Səfəvilər hansı coğrafi ərazidə yaranmışdır və nə dərəcədə doğrudur ki, bu dövləti İran dövləti kimi göstərilsin.

Orta əsrlərdə “Azərbaycan” və “Fars” coğrafi məfhum kimi...

Öncə vurğulamaq zəruridir ki, Azərbaycanın tarixi ərazisi haqqında məlumat verərkən yeganə istəyimiz Azərbaycanın tarixi-coğrafi ərazisi haqqında doğru, dürüst fikir formalaşdırmaqdan ibarətdir. Tədqiqatda istifadə olunan “İran” “Fars” və “Azərbaycan” tarixi-coğrafi anlayışları tarixi səciyyə daşıyır. Problemin daha aydın anlaşılması üçün sözügedən ifadələrin, ilkin qaynaqlara əsasən hansı coğrafi əraziləri əhatə etməsi və onların xüsusiyyətləri haqqında məlumatlara yer ayırmağın vacib və əhəmiyyətli olduğunun qənaətindəyik.

Xarici tarixçilərin əsərlərində bəzən “İran”, bəzən də "Persiya" kimi işlədilən ifadələrdən orta əsrlər tarix-coğrafi ədəbiyyatlarında "əcəm" (عجم) formasında istifadə edildiyini müşahidə etmək mümkündür. Xarici tarixşünaslar ərəb və fars dilindən tərcümə etdikləri zaman orijinalda "əcəm" kimi işlədilən tarixi-coğrafi termini "Persiya" və ya "İran" olaraq tərcümə etmişlər. Elə isə, "əcəm" sözü nə anlamı ifadə edir? Azərbaycan dilinin izahlı lüğətində göstərilir ki, "əcəm" sözü ərəb dilində ərəb olmayan xalqlarını adlandırmaq üçün istifadə edilirdi. Ayrıca bu sözün "xarici" və "ərəb dilini anlamayan" mənaları da vardır. XV-XVI əsrlərdə isə bu söz yalnız İran və Azərbaycan ərazilərini ifadə etmirdi, eyni zamanda Xorasan və Türküstan bölgələrini də ifadə etmək üçün bu söz istifadə edilirdi. X əsr ərəb coğrafiyaçısı Əl-Müqəddəsi özünün “Əhsənüt-təqsim” əsərini iki böyük hissəyə ayırır. Birinci hissə ərəb coğrafiyasına, ikinci hissə isə qeyri-ərəb coğrafiyasının təsvirinə həsr olunmuşdur. İkinci hissə “Əcəm torpaqları” adlandırılır. Bu ərazilər aşağıdakı bölgələrə ayrılır: Məşriq, Deyləm, Rəhab, Cibal, Xuzistan, Fars, Kirman. Göründüyü kimi. “əcəm” sözünü bəzi ədəbiyyatlardakı kimi “İran” formasında deyil və “Persiya” kimi tərcümə etmək də yolverilməzdir. Bu kimi misallar ərəb qaynaqlarında çoxdur və bəzilərinə yeri gəldikcə araşdırmada müraciət olunub.

Əl-İstəxri “Məsalükül-məmalik” əsərində İran adını çəkməyərək sadəcə Fars əyalətinin sərhədini göstərmişdir. Əsərə görə söyləmək mümkündür ki, Fars əyalətinin şərqində Kirman, qərbində isə Xuzistan və İsfahan yerləşir. Mərkəzi Şiraz olan bu əyalətin cənub sərhədi Fars (Fars körfəzi) dənizidir. Bundan başqa, əsərdə Fars əyalətinə məxsus Siraf və İstəxr şəhərləri də göstərilmişdir. “Hüdudül-aləm”də Fars əyalətinin sərhədləri və şəhərləri daha dəqiq verilmişdir. Əl-İstəxridən  fərqli olaraq bu əsərdə bu vilayətin şimal sərhədi haqqında dəqiq məlumat var və bura Fars səhrasıdır. Bu əsərdə də Şiraz və İstəxr şəhərləri Fars əyalətinin ən iri şəhərləri hesab olunur. Əbül-Fida “Təqvimül-buldən” adlı əsərində digərləri kimi Xuzistan, Xorasan, İsfahan və Həmədanı Fars əyalətinə daxil etmir. Fars əyalətinin ən şimal şəhərinin Rey olduğu haqqında məlumat verən müəllif buranın mərkəzi şəhərinin Şiraz olduğunu xatırladır. Fars əyaləti haqqında məlumatlara diqqət yetirdikdə aydın olur ki, ərəb qaynaqlarında bu əyalət haqqında ziddiyyətli heç bir məlumat mövcud deyil. Onu da anlamaq mümkündür ki, Fars əyalətinin ərazisi, xarici tarixşünaslığın göstərdiyi İran və ya Persiya sərhədlərini əhatə etmir. Həmçinin “əcəm” adlanan coğrafi anlayış nə İranı (Persiyanı), nə də Fars əyalətini əhatə etmir.

“Azərbaycan” ifadəsi coğrafi ərazi kimi ilk dəfə Dərbənd səddinin divarlarında işlədilmişdir. Sasani dövrünə aid olan pəhləvi dilində yazılmış kitabədə deyilir ki; “Bura və burdan aşağılar Adurbadaqan/Azərbaycandır.” (Dərbənd divarlar. Daş plitə. № 182-183)  Bu kitabənin Sasani dövlətinin məşhur hökmdarı Xosrov Ənuşiravan zamanına aid olduğunu söyləmək mümkündür. 

Daha sonra bu coğrafi ada ərəb qaynaqlarında daha çox rast gəlinir. Əl-Müqəddəsi Azərbaycan və Ərməniyyə ərazilərinə ortaq bir ad tapmadığı üçün buranı bolluq və bərəkət mənasını ifadə edən “Rəhab” adlandırır. Müəllif “Rəhab” bölgəsini üç əraziyə ayırır. Azərbaycan, Arran və Ərməniyyə. Ərəb mənbələrinin bir çoxunda Azərbaycan və Arran ayrı-ayrı göstərilsə də, xüsusilə tarixi əsərlər yazan müəlliflərin əksəriyyəti Arranı Azərbaycanın bir hissəsi kimi öz əsərinə daxil etmişdir. Əl-Müqəddəsiyə görə Arran iki çayın - Samur və Araz çaylarının arasındakı əraziləri əhatə edir. Mərkəzi Bərdə olan Arrana Tiflis, Hunan (indiki Qazax), Şəmkir, Gəncə, Beric(?), Şamaxı, Şirvan, Bak, Şabran, Babül-əbvab (Dərbənd), Abxaz, Qəbələ, Şəki, Malazqırd şəhərləri daxil idi. Əl-Müqəddəsi Azərbaycan ərazilərini birbaşa özü görmədiyinə görə əsərində yanlışlığa yol vermişdir. Məsələn Tiflisi və Abxazı Arran şəhəri adlandıran müəllif Dəbil, Xoy, Salmas, Urmiya kimi şəhərləri erməni şəhəri adlandırmışdır. “Əhsənüt-təqsim” əsərinin məlumatlarında daha bir ziddiyyətli məqam mövcuddur. Əsərdə Dəbilin erməni şəhəri olduğu göstərilsə də burada müsəlmanların yaşadığı və böyük bir məscidin var olduğu da göstərilir. Bilindiyi kimi Azərbaycanın şimal hissəsi xristian idi və təbii olaraq İslamı gec qəbul etdi. Azərbaycanın ən qərbində, Bizans ilə qonşuluqda yerləşən bir şəhərdə iri bir məscid varsa, bu şəhər erməni şəhəri ola bilməz. Bu fikrin doğru olduğunu fərz etsək, ermənilərin yaşadığı şəhərdə müsəlmanlar azlıq təşkil etməlidir və müsəlmanların azlıq təşkil etdiyi bir şəhərdə iri bir məscid mövcud ola bilməz. Müəllifi bəlli olmayan “Hüdudül-aləm” əsərində də Ərməniyyə, Arran və Azərbaycan fərqli vilayət kimi göstərilir və bu əsərdə də Əl-Müqəddəsinin məlumatlarına bənzər məlumatlar verilir. Əsərdə Ərdəbil, Əsna, Miyanə, Xinə, Caburqan, Təbriz, Marağa Bərzənd, Muğan, Vərtan Azərbaycan şəhərləri kimi, Dvin, Daxarraqan, Urmiya, Səlmas, Xoy, Malazgird, Qalqala, Mayafariqin, Mərənd, Mimad, Əhər, Qaban, Bərdə, Beyləqan, Bazgah, Gəncə, Xunan, Qala, Tiflis, Şəki, Mübarəki, Süqəlcabal, Sunabatman, Sanar, Qəbələ, Bərdic, Şirvan, Xirdivan, Şabran, Dərbənd və Bakı şəhərlərini Arran və Ərməniyyə şəhərləri kimi göstərsə də Ərməniyyə və Arran arasındakı sərhəd haqqında heç bir məlumata rast gəlinmir. Əsəri ingilis dilinə çevirən V. Minorski aidiyyəti olmasa da əsərin adının aşağısına “Fars/İran Coğrafiyası” ifadəsini daxil etməyi lazım bilmişdir. Əl-Müqəddəsidən bir əsr öncə yaşamış İbn Xordadbeh özünün “Əl-məsalik vəl-məmalik” əsərində Azərbaycan şəhərlərini daha dəqiq göstərərək Salmas və Urmiyanı Azərbaycan şəhəri kimi xatırlayır. Əsərə nəzər yetirərsək Zəncan, Marağa, Miyanə, Ərdəbil, Vərsan, Sisər, Bərzə, Saburxas, Təbriz, Mərənd, Kulüsrax, Muğan, Leşkərə, Bərzənd, Cəbzə, Cabrevan, Nəriz, Urmiya, Salmas kimi Azərbaycan şəhərlərinin adını görə bilərik. İbn Xordadbeh isə Azərbaycanın şimal şəhərləri haqqında yanlış məlumat verir. O, Tiflis, Bərdə və Əl-bab (Dərbənd) kimi şəhərləri Ərməniyyə şəhərləri kimi təsvir edir. Bu əraziləri Ərməniyyə. Arran və Azərbaycan olaraq üç yerə bölən müəlliflərdən bir də Əl-İstəxridir. O, “Məsalükül-məmalik” əsərində Ərməniyyə, Arran və Azərbaycandan tək bir bölgə kimi söhbət açır və Əl-Müqəddəsidən fərqli olaraq hansı şəhərin hansı bölgəyə (Azərbaycanmı, Arranmı yoxsa Ərməniyyəmi) aid olduğu haqqında məlumat vermir. Əl-İstəxri ümumilikdə bu üç əyalətin Ərdəbil, Marağa, Məyanic, Hünəc, Ucan, Daharrakan, Hüvəyyə, Salmas, Mərənd, Təbriz, Muğan, Vərsan, Cabrəvan, Babül-Əvbab (Dərbənd), Bərdə, Beyləqan, Bərzənc, Şamaxı, Şirvan, Abxaz, Qəbələ, Şəki, Şabran, Gəncə, Şəmkir və Hünan şəhərlərinin adını çəkir. Digər ərəb coğrafiya əsərlərində olduğu kimi, “Məsalükül-məmalik”də Dəbil şəhəri Ərməniyyənin əsas şəhəri kimi göstərilir. Əl-Yaqubi isə “Kitabül-büldən” adlı əsərində Qəzvini Azərbaycan yaxınlığındakı şəhər, Beyləqanı isə Azərbaycan şəhəri kimi təqdim etsə də Dərbənd daxil olmaqla bir çox şimaldakı şəhərlər haqqında məlumat vermir. Ehtimal ki, Əl-Yaqubinin yaşadığı dövrdə ərəblər hələ Azərbaycanın şimal hissəsini bir o qədər də yaxşı tanımırdılar, ya da ki, müəllifə bu ərazilər haqqında məlumat verilməmişdir. Daha bir X əsr müəllifi İbn Havqəlin “Surətül-ərz” adlı əsərində isə məlumatlar xeyli fərqlənir. Düzdü müəllif digər coğrafiyaçılar kimi Azərbaycan, Arran və Ərməniyyəni bir əyalət kimi göstərsə də, digərlərindən fərqli olaraq şəhərlərin hansı vilayətə aid olması haqqında bir az dəqiq məlumat verir. Məsələn, digərlərindən fərqli olaraq Xoy, Salmas, Urmiya, Miyanə və s. kimi şəhərlərinin Azərbaycan şəhəri olduğunu yazır. Digər məlumatlar daha öncə vurğuladığımız məlumatlar ilə eyniyyətlilik təşkil edir. Öz səyahətnaməsində çox güman ki, Xristian dininə sitayiş etməsi səbəbi ilə Tiflisi (müəllif buranı İslamın girmədiyi şəhər adlandırır – B.Q) bir erməni şəhəri kimi göstərən Əbu Düləf Ərməniyyə ilə Azərbaycan arasındakı sərhədin Van gölü olduğunu vurğulamaqdadır. O Muğan, Bakı, Ərdəbil, Bərdə, Urmiya, Salmas kimi Azərbaycan şəhərləri haqqında məlumat verir. Diqqət çəkici məqam ondan ibarətdir ki, səyyah Kur və Araz çaylarını təsvir edərkən, bu çayların Ərməniyyə ərazisində axması haqqında məlumat vermir ki, bu da əvvəlki ərəb müəlliflərinin söylədikləri fikirlərdə qeyri-dəqiqliyin mövcud olduğunu bir daha göstərmiş olur. Əsərdə bir dəfə də İran kəlməsinin keçməməsinə rəğmən, səyahətnaməni tərcümə edən S. Gündoğdu kitaba “İran səyahətnaməsi” adını vermişdir ki, bu da reallıqla ziddiyyət təşkil edir. XIV əsr ərəb coğrafiyaçısı Əbül Fidanın “Təqvimül-buldən” əsəri də digər əsərlər kimi eyni məlumat verməkdədir və ona görə də, bu haqda təkrar-təkrar danışmamağı üstün tutduq. Lakin, əsərdə bu qarışıqlığın səbəblərinə aydınlıq gətirən müəllif bildirir ki, Arran, Azərbaycan və Ərməniyyə sərhədləri bir-birinə elə qarışmışdır ki, hansı şəhərin hansı bölgəyə aid olduğunu müəyyən etmək çətindir.  Belə bir nəticəyə gəlmək olar ki, ərəb coğrafiyaçılarının bir şəhəri müxtəlif bölgələrə aid etməsi, Azərbaycan şəhərinin, bəzən Arran, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, Arran şəhərinin bəzən Azərbaycan, bəzən də Ərməniyyə şəhəri kimi göstərilməsi, bu bölgələr arasındakı sərhədlərin tam aydın olmaması və bir birinə çox qarışması ilə əlaqədardır. Məhz ona görə də ərəb coğrafiyaçılar üç bölgəni bir iqlim kimi təqdim etmişlər. Azərbaycan əyaləti və ona daxil olan şəhərlər haqında ən dəqiq məlumat Həmdullah Mustoufi Qəzvininin “Nüzhətül-qülub” əsərində verilmişdir. Müəllif Azərbaycanı üç vilayətə bölür. Mərkəz Azərbaycan, Muğan və Arran. Azərbaycanın ən böyük şəhəri kimi Təbriz göstərilir. Əsərin iki tərcüməsində çoxlu sayda xətalar mövcuddur.

Ərəb dilli tarixçilərinin əsərlərini nəzərdən keçirdikdə tamamilə digər fərqli bir coğrafi mənzərəni müşahidə etmək mümkündür. Bu tarixçilər mövcud ərazini Ərməniyyə, Arran və Azərbaycan olmaqla üç yerə deyil, Ərməniyyə və Azərbaycan olmaqla iki yerə bölürlər. Əl-Bələzuri “Fütuhül-büldən”  əsərində yazır ki, Ömər bin Xəttab, əl-Hörmüzan ilə məsləhətləşərək ondan soruşdu ki, “İsfahanımı birinci fəth edək, yoxsa Azərbaycanımı?”. O da cavab verdi ki, “İsfahan başdırsa, Azərbaycan qanaddır”.  Həmçinin Azərbaycanın fəthi haqqında məlumat verən müəllif Bərdə, Beyləqan, Muğan, Cilan, Şabran kimi şəhərlərin adını çəkir və Azərbaycanın mərkəzi şəhərinin Ərdəbil olduğunu vurğulayır. Əsərdə Azərbaycanın fəthi ilə bağlı məlumat verilərkən Arran adı çəkilmir və ərəb dilli coğrafiyaçılarının Arran şəhərləri kimi göstərdiyi şəhərlər Azərbaycana adi edilir. Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri özünün “Tarixi-Təbəri” əsərində Azərbaycan haqqında daha dəqiq məlumat verir: “Əcəmin Atəşgahları orda (Azərbaycanda) idi. Pəhləvi dilində atəşə “ezer” deyirlər. Ona görə əcəm xalqı bura Azərbaycan adını vermişlər. Ən böyük atəş məbədi ordadır. (Ərazisi) Həmədan tərəflərdən başlayıb, Zəncan və Əhərdən davam edib, ta Dərbəndi-Xəzərə qədər uzanır. ... Ərəbcədə ora (Dərbəndə) əl-Bab deyirlər”. Hz. Səmak Bəkirin Xəlifə Hz. Ömər bin Xəttaba yazdığı məktub da diqqətdən kənarda qalmamalıdır. “İsfəndiyarı məhbus etdim. (Hələlik) Azərbaycanda müharibə aparmıram. Dərbəndə çatında orda dərbəndlilərlə savaşıb oranı fəth edəcəm”. Tarixçi aydın formada Azərbaycanın şimal sərhədinin Dərbənd olduğunu göstərmişdir. İbn Kəsr “Əl-bidəyə vən-nihayə” adlı əsərində Azərbaycan haqqında məlumat verərkən yazır: ”Bu ildə (H.89) Küteybə bin Müslim Türk bölgələrinə hərəkət etdi. Azərbaycan tərəflərdəki Babül-Əbvab şəhərinə çatdı. Çoxlu sayda qala və şəhərləri fəth etdi”.  İbn Kəsr həmçinin rusların Azərbaycan qarətli yürüşlərindən bəhs edərkən Bərdə şəhərinin buranın əsas şəhərlərindən biri olduğunu yazır. Görkəmli İslam tarixçisi İbnül-Əsirin “Əl-kamil fit-tarix” əsərində də bu fakt bir daha öz təsdiqini tapmışdır. Daha bir böyük İslam tarixçisi İmam Zəhəbi “Tarixül-İslam” adlı əsərində sözü gedən coğrafiyanın tarixi haqqında məlumat verərkən sadəcə Ərməniyyə və Azərbaycanın adını çəkir.  Həmçinin, müəllif “Azərbaycan xalqı” ifadəsini işlədərək, onları farslardan ayırır.

Azərbaycan ərazisində yaşayan xalqların hansı dildə danışması haqqında da müxtəlif və ziddiyyətli məlumatlar mövcuddur. Əl-Müqəddəsi məlumat verir ki, “Rəhab” adlanan ərazidə daha çox ərəbcə və farsca danışırlar, lakin, Ərməniyyədə ermənicə, Arranda arran dilində danışırlar. Onların dilləri farscaya, əsasən də Xorasanda yaşayan insanların danışdığı farscaya yaxındır.  Eyni məlumata Əl-İstəxrinin əsərində də rast gəlinir. Sadəcə olaraq əlavə məlumat verir ki, bu dillərdən başqa dağlıq bölgədə müxtəlif dillərdə danışan tayfalar yaşayır. Bu fikir İbn Havqəlin əsərində də mövcuddur. Lakin, müəllif Ərməniyyədə və Arranda ərəb dilində danışıldığı haqqında məlumat verir.  Bu ziddiyyətli məlumatlar ərəb müəlliflərinin Azərbaycanda yaşayan insanların dilləri haqqında məlumatların yetərsiz olması fikrinin yaranmasına səbəb olur. İlk öncə qeyd edək ki, Azərbaycanda, həmçinin Arranda ərəb dili yerli əhali arasında heç bir zaman danışıq dili kimi istifadə olunmayıb. Elədirsə Arran dili hansı mənşəli bir dil idi. Əgər bu dil Qafqaz mənşəli bir dil olsaydı, müəlliflər bunu ayrıca vurğulamaz, dağlıq bölgədə yaşayan xalqların dillərindən biri hesab edərdilər. Əgər bu fars dilinin bir ləhcəsi olsaydı, müəlliflər mütləq bunu xüsusi vurğulayar, arran dilini ayrıca göstərməzdilər. Əl-Müqəddəsi qeyd etdiyi kimi bu dil Xorasanda yaşayan insanların farscasına uyğundur. Xorasan və Arran atasındakı kilometrlərlə məsafəni nəzərə alsaq bu iki region arasındakı dil fərqi olmamalıdır. Əksinə müəlliflərin təbiri ilə desək Arran farscası İsfahan və ya Şiraz farscasına daha çox bənzəməli idi, nəinki, uzaq Xorasan farscasına. Oda məlumdur ki, Xorasanda Qaşqay Türkləri yaşayır və bu Türklərin dili Aranda yaşayan Türklərin dilidir. Sadəcə olaraq müəllif qeyri-dəqiq məlumat əsasında Xorasanda yaşayan Türklərin varlığından xəbərsiz olduğuna görə bu dili farsca kimi qiymətləndirmişdir. Azərbaycanda və Arranda Türklərin mövcud olması haqqında görkəmli tarixçi Ət-Təbəri yazır: “Və həmin il (H. 89) Məsləmə bin Əbdülməlik Azərbaycan bölgəsində Türk qəzasına (məntəqəsinə) çatdı. Ta Dərbəndə qədər irəlilədi. Bir çox qala və şəhər ələ keçirdi.”. Eyni faktı ərəbdilli tarixçi İbn Kəsr də təsdiqləyərək yazır: ”Hicrətin 99-cu ilin yayında Məsləmə bin Əbdülməlik səfərə çıxdı. Məsləmə bin Əbdülməlik Türk bölgələrinə səfər etdi. Nəhayət Azərbaycan tərəflərdəki Əl-Baba çatdı, orda çoxlu qala və şəhərlər fəth etdi.”  Əl-Məsudinin “Mürucüz-zəhəb” əsərində Xəzər dənizi ətrafında Türk qəbilələrini yaşadığı haqqında məlumat verir. O yazır: “...Bu dənizin müxtəlif sahillərində insanlar yaşamaqdadırlar. Bu dəniz Babül-əbvab, Xəzər, Gil, Deyləm, Cürcan, Təbəristan dənizi adı ilə də tanınır. Ətrafında müxtəlif Türk qəbilələri yaşayırlar. Bir tərəfi Xorasandan Xarəzmə birləşir.”.  Bu faktlar göstərir ki, Azərbaycanda ən şimalda yerləşən Dərbənddən Xorasan şəhərinə qədər Türklər yaşayırdı. Daha öncə vurğuladığımız Xorasanda yaşayan Türklərin dili Arrandakı Türklərin dilinə bənzər olması fikrini Əl-Məsudinin fikirləri bir daha təsdiq etmiş olur. Maraqlıdır ki, İmam Zəhəbi özünün “Tarixül-İslam” əsərində, hicrətin 15-ci ilində baş vermiş (637-ci il) Cəlula savaşı haqqında məlumat verərkən azərbaycanlıları və parsları (farslar) ayrı-ayrı göstərir.  Əgər bu xalq tamamən farslardan ibarət olsaydı və farsca danışsaydı müəllif buradakı əhalini vahid xalq kimi göstərərdi. Zəkəriyyə Qəzvini “Əsəarül-bələd” əsərində məlumat verir ki, Muğan, Azərbaycanda Ərdəbildən Təbrizə gedərkən yolun sağında qalan kəndləri və otlaqları olan geniş bir vilayətdir. Daha sonra müəllif əlavə edir ki, bura istidir, amma Azərbaycan soyuqdur və torpaqları münbitdir. Ona görə də, bura Türkmənlərin qışlağı idi. İndi buranı Tatarlar qışlaq edib.  Bu haqda onlarla faktlar söyləmək mümkündür. Lakin, bütün məlumatlar bir-birinə bənzədiyi üçün digər əsərlərin daxil edilməsinin zəruri olmadığı qənaətindəyik.

Sonuc

İndiyə qədər incəlmiş olduğumuz tarixi-coğrafi əsərlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan kəlməsi VI əsrdən artıq coğrafi-ərazi bildirmək üçün istifadə edilirdi. Təxmini Qəzvin və Zəncan tərəflərdən başlayıb Dərbənddə bitən Azərbaycanda kiçik xalqlarla birlikdə dominant olaraq Türklər yaşayırdılar. Orta əsrlər dövrü haqqında təsəvvür yaratmaq üçün ərəb dilli qaynaqlar nə qədər əhəmiyyətli olsa da onlarda ziddiyyətli məqamlar çoxdur. Əl-İstəxrinin bu üç bölgə arasında konkret sərhəd göstərməməsi bu fikrin yunan coğrafiyasından keçdiyi fikrinin yaranmasını göstərir. Məlumdur ki, İslamda elmi biliklərin formalaşmasında yunan elmi-fəlsəfi düşüncəsinin təsiri olmuşdur.  Ərməniyyə coğrafi adı IX-XI əsrdə heç bir məna kəsb etməsə də ərəb dilli coğrafiyaçılar da Avropalı səyyahlar kimi insanlarda müvafiq təsəvvür yaratmaq üçün yunan coğrafiyasında istifadə olunmuş “Armeniya” ifadəsini işlətmişlər. Heç şübhəsiz ki, Arran adı da yunan qaynaqlarında tez-tez adı çəkilən “Alban adının şəkil dəyişmiş formasıdır.  Əl-İstəxri fars haqqında məlumat verərkən onları bir etnik qrup kimi göstərir. Lakin, müəllif öz əsərində erməni xalqının çoxunun Xristianlardan ibarət olduğunu yazır. Bu, az öncə söyləmiş olduğumuz fikri bir daha təsdiqləyir. Ərməniyyə adlandırdığımız ərazi Ermənistan deyil, sadəcə yunan coğrafiyaçılarının verdiyi bir ərazi adıdır və burda bizim indiki dövrdə adlandırdığımız ermənilər (onlar özlərini “hay” adlandırır) deyil, müxtəlif dinlərə və etnik qruplara məxsus insanlar yaşayırdı. Bu fikri İbn Havqəl də təsdiqləyir. O, yazır ki, Ərməniyyə daxili və xarici olmaqla iki hissəyə bölünür. Xarici Ərməniyyədə bir çox müsəlman şəhərləri mövcuddur. Onu da görmək mümkündür ki, ərəb dilli coğrafi əsərlərə nəzərən ərəbdilli tarixi əsərlər daha dəqiq məlumatlar verməkdədir. Bütün bu həqiqətlər və ilkin qaynaqlardakı məlumatlara baxmayaraq xarici tarixçilər öz əsərlərində yenə də “İran” və “Persiya” kəlmələrindən istifadə etməyi üstün tutur.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Samir Əfətli
PR və Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Samir Əfətli

Ellada Əliyeva
Media-marketinq mütəxəssisi

Ellada Əliyeva