Xeyirxahlıq çərçivəsi...

Xeyirxahlıq çərçivəsi...

(Sosial yardım layihələri ilə bağlı subyektiv baxışım)

Bütün dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmiz xüsusi karantin rejimində yaşayır. Hökumət xalqın sağlamlığı və Dövlətçiliyin qorunması naminə ciddi qərarlar verərək yerində lazım olan bütün addımları atır və bununla həm Azərbaycan xalqını ciddi təhlükələrdən qoruyur, həm də Azərbaycan Dövlətçiliyinin varlığı və bacarığını hər kəsə nümayiş etdirir.

Dövlətimiz indiyədək 600 min nəfər işsiz və aztəminatlı ailələrə yardım paketi ayırsa da, bu arada ölkəmizin imkanlı insanlarının üzərinə də xüsusi və insani məsuliyyətlər düşür. Bu çətin günlərdə Dövlət nə qədər xeyirxah addımlar atsa belə imkanlı insanların da öz insani və xeyirxah əməlləri ilə Dövlətə dəstək olması zəruridir. Sevindirici haldır ki, bu gün ölkəmizin imkanlı şəxsləri istər paytaxt Bakı və onun ətraf yerlərində, istərsə də regionlar və rayonlarda öz xeyirxah əməlləri ilə insanlıq, mərdlik və xeyirxahlıq salnaməsini yazırlar. Əlbəttə, onların böyük əksəriyyəti öz xeyirxah əməllərini kamera qarşısında deyil, Ulu Tanrının müşahidəsi altında həyata keçirməyi daha üstün tuturlar ki, bu da təqdirəlayiqdir.

Bu günlərdə ölkənin müxtəlif telekanalları və eləcə də KİV-də müxtəlif tanınmış və imkanlı şəxslər (incəsənət adamları, vəzifəli məmurlar və s.) və bəzi tanınmış qurumların aztəminatlı insanlara yardım göstərməsi ilə bağlı bir sıra aksiyalar keçirməsinin şahidi oluruq.

Dini inanclara görə, bütün bu kimi xeyirxah və humanist əməllər saf və səmimi niyyətlə həyata keçdiyi təqdirdə həm bu dünya həyatında, həm də axirətdə cavabsız və mükafatsız qalmayacaq. Ümumiyyətlə, dini, irqi və sosial durumundan asılı olmayaraq bu həyatda yaxşı iş görən insanlar onun mükafatını hər şeydən öncə elə bu dünya həyatında müşahidə edirlər. Məncə, belə bir yaxşılıq üçün axirətdə mükafat verilməsə belə, yaşadığımız bu dünyada çətin durumda olan bir insanın, bir uşağın və bir ailənin sevinməsinə səbəb olmağın özü ən böyük və ən möhtəşəm ilahi mükafat sayılır. Görən, o sevinci və o şadlığı müşahidə və ya təsəvvür etməkdən gözəl nə var bu dünyada?

Bütün bunlara rəğmən, efirə gedən həmin aksiyalarda iki mənfi addımla üzləşirik. Bunları görüncə sözün həqiqi mənasında ürəkdən narahat olur və əzab çəkirəm. Onlar aşağıdakılardan ibarətdir:

1. Hansısa bir telekanalda tanınmış bir ekspert məsələn müğənniləri aztəminatlı ailələrə yardım etməyə səsləyir və belə etməyəcəkləri təqdirdə onların adlarını bir-bir televiziya kanalından canlı şəkildə efirə gedən verilişdə çəkəcəyi ilə hədələyir...

Əslində, belə bir addım absurd olmaqla yanaşı, həm də Qanuna ziddir. Xeyirxahlıq hər bir insanın fərdi işidir və kimsə başqasını məcburiyyət qarşısında qoyub xeyirxah addım atmağa məcbur etməməlidir. Unutmayaq ki, bir çox halda bu tərzdə həyata keçən yaxşılığın nəticəsi riyakarlıq, özünü xalqa göstərmək və xalqa sevdirməkdən başqa bir şey olmur...

Digər tərəfdən, bir çoxu öz yaxşı əməllərini kameralardan kənarda və adsız-sansız şəkildə həyata keçirməyi üstün tutur. Belə olan halda onları bu qəbil təhdidlərlə incitmək əsla düzgün iş deyil.

2. İndiyədək efir vasitəsilə müşahidə etdiyim sosial yardım aksiyalarının demək olar ki, hamısında insanın ürəyini titrədən və sözün həqiqi mənasında insana əzab verən daha önəmli yanlışlıq yardım paketini (pul, ərzaq və s.) alan yoxsul və aztəminatlı ailə başçıları və onların övladlarının üzlərinin açıq-aydın şəkildə efirə getməsi, kamera vasitəsilə hər kəsə nümayiş etdirilməsindən ibarətdir...

Doğrudur, bu günlərdə imkanlı insanlar fədakarlıq edərək aztəminatlı və yoxsul ailələrə yardım əli uzadır və onları çətin gündə sevindirirlər. Amma nəyin bahasına? Hər halda bu yardım paketini alan insanların da övladları, yaxınları və dostları ilə yanaşı, bədxahları var və ola bilər. Bu gün müxtəlif telekanallarda efirə gedən həmin səhnələr həm "Youtube" İctimai Şəbəkəsində, həm də həmin telekanalların arxivində qalır. Sonra həmin ailənin övladları bu səhnələri görüncə hansı hisləri keçirə bilər? Və ya hansısa mənfi niyyətli bir şəxs və ya şəxslər bu görüntülərdən ayrı-ayrı hədəflər üçün istifadə etməyə çalışarsa, bunun qarşısı necə alınacaq? Biz ki, hansı əsrdə yaşadığımızı və telekanallarımızın istər dost, istərsə də düşmənlər tərəfindən canlı olaraq izləndiyini unutmamışıq...

Ola bilər ki, hansısa xeyirxah insan öz yardımlarını lentə alıb paylaşmağı üstün tutur. Bu, onun öz fərdi işi və şəxsi məsələsidir. Lakin yardım alan insanların hörməti, şərəf və ləyaqəti xeyirxah insanların fərdi və şəxsi məsələsi sayılmır.

Telekanallar bu gün əllərində olan müasir texnologiyalar vasitəsilə bu aksiyanı yardım alan insanların üzünü göstərmədən də nümayiş etdirə bilərlər.

Mənə görə, yuxarıda təqdim etdiyim hər iki məqam xeyirxahlıq çərçivəsindən xaric olmaq anlamındadır.

Əziz və dəyərli xeyirxah insanlar! Biz qaş düzəldən yerdə gözü kor etməməliyik. Çünki göz qaşdan daha önəmlidir. İnsanların da şərəf və ləyaqəti onların aclığı və maddi çətinliklərindən daha önəmli sayılır. Bu baxımdan hər insanın şərəf və ləyaqətini əsas saymalı və yaxşılıq, xeyirxahlıq aksiyalarında kimsənin bu günü və sabahı üçün hər hansı xoşagəlməz duruma şərait yaratmamalıyıq. Təbii ki, hər sahədə olduğu kimi, xeyirxahlığın də öz çərçivəsi, öz əndazəsi var. Gəlin, bu müqəddəs və gözəl işdə həmin çərçivə və həmin əndazəni qoruyaq! Hər kəsə dərin sayğı və sevgilərlə!

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Almaz Mahmud
Media eksperti

Almaz Mahmud

Vasif İsmayıl
Uzman həkim

Vasif İsmayıl

Şamil Paşayev
Hüquqşünas

Şamil Paşayev