Hadrut sakini olan yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verilib

Hadrut sakini olan yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verilib
  • Clock-gray 17:49
  • calendar-gray 29 Oktyabr 2020

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərib.  

BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirilib. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib: “Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verilib. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir”.

Məlumatda həmçinin qeyd olunur ki, cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib: “Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır. BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi”.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərib: “BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək”. 

Qeyd edək ki, Ermənistan hərbçiləri işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçi köməksiz vəziyyətdə qoyaraq qaçıblar.

Hafiz Heydərov

Digər xəbərlər