Azərbaycan XİN başçısı: “Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi sülh prosesinə zərbədir”

Azərbaycan XİN başçısı: “Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi sülh prosesinə zərbədir”
  • Clock-gray 18:33
  • calendar-gray 05 Dekabr 2019

“Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”.

XİN-dən APA-ya verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında deyib.

Nazirin sözlərinə görə, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan Memorandumda əksini tapıb.

“Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır. İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, bununla da ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün regionda bütün kommunikasiyaların açılması təmin olunmalıdır.

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcəkdir. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməli və hər kəsə bərabərhüquqlu və ayrı-seçkilik edilmədən insan hüquqlarının və əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməlidir.

Statusun müəyyən edilməsi hüquqi proses çərçivəsində dinc şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

E. Məmmədyarov qeyd edib ki, Ermənistanın status məsələsini ön plana çıxarmaq üçün səy göstərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qəbul edilmiş ATƏT-in qərarlarına ziddir və əslində sülh prosesinə və Minsk Qrupu həmsədrlərinin mandatına zərbədir: “Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date