Azərbaycanda 140 minədək uşaq məcburi köçkün kimi yaşayır

Azərbaycanda 140 minədək uşaq məcburi köçkün kimi yaşayır
  • Clock-gray 12:52
  • calendar-gray 01 İyun 2020

“1 iyun dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Bəyannaməsi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası hər bir uşağın irq, din və milli mənsubiyyət baxımından ayrı-seçkilik edilmədən bərabər hüquqlara malik olduğunu vurğulayır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əməkdaşı Samir Məmmədov deyib.

“Təəssüf hissi ilə bildiririk ki, hazırda Azərbaycan Respublikasında 140 minədək uşaq məcburi köçkün kimi yaşamaqda davam edir. Həmin uşaqların ən təməl hüquqları Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində pozulub. Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 76 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yüz minlərlə azərbaycanlı uşaq heç vaxt unutmayacaqları psixoloji travmaya məruz qalıb.

2017-ci ildə Ermənistan ordusunun mina və qumbaratanlardan açdığı atəş nəticəsində 2 yaşlı Zəhra Quliyeva qətlə yetirilib.

Mən Kəlbəcər rayonundan məcburi köçkün kimi uşaqlığımı Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar böhranın doğurduğu çətinliklərlə keçirmişəm. Evsizlik, kasıblıq və çətinliklər mənə o qədər normal gəlirdi ki, elə bilirdim elə bütün dünya belə yaşayır – heç kimin evi yoxdur, hamının evini ermənilər dağıdıb. Amma zamanla anladım ki, mən və mənim kimi minlərlə uşaq vətənimizə qarşı başladılmış ədalətsiz müharibənin qurbanları olmuşuq. Bizi sırf etnik mənsubiyyətimizə - azərbaycanlı olduğumuza görə öz yurdumuzdan qovublar, evlərimizi dağıdıblar.

Azərbaycan dövləti məcburi köçkünlərin problemlərinin həlli və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi üçün çox böyük işlər görüb. Lakin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində və bir çox digər beynəlxalq sənədlərdə yer almış çağırışlara baxmayaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən biz öz doğma yurdlarımıza qayıda bilmirik.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün uşaqlarının bayramını təbrik edirik! Bütün uşaqlara müharibələrsiz, aclığın olmadığı, etnik təmizləmələrin baş vermədiyi gözəl həyat arzulayırıq. Dünyanı və regionumuzu özümüz və gələcək nəsillər üçün daha təhlükəsiz bir yerə çevirmək üçün, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasını sülhə və dialoqa dəvət edirik. Əminik ki, azərbaycanlı və erməni uşaqlar yenidən Qarabağda birgə bağçalara, məktəblərə gedəcək, idman yarışlarında iştirak edəcəklər.

Bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan – Azərbaycan münaqişəsinin dinc yolla həllini dəstəkləyir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda aktiv fəaliyyətini davam etdirir”, - deyə S. Məmmədov vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər