Millət vəkili: “Ermənistan acınacaqlı duruma düşüb, Paşinyan kataklizmlərin qarşısını ala bilməyəcək”

Millət vəkili: “Ermənistan acınacaqlı duruma düşüb, Paşinyan kataklizmlərin qarşısını ala bilməyəcək”
  • Clock-gray 19:26
  • calendar-gray 27 İyun 2020

“Bu gün artıq Ermənistanın Baş Naziri Nikol Paşinyanın qaçaqmalçılıqla məşğul olması barədə həm Ermənistan, həm də Rusiya mətbuatında kifayət qədər faktlar yer alır. Özü və ailəsi qaçaqmalçılıqla məşğul olan, yaxın qohumları və ətrafı rüşvəxorluq rəmzinə çevrilən Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistan daha acınacaqlı duruma düşüb, koronavirus pandemiyası işğalçı ölkədə narazılıqları daha da artırıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib. 

M. İbrahimqızı deyib ki, N. Paşinyan ölkədə yaranmış acınacaqlı durum fonunda həm siyasi opponentlərini təqib edir, həm də cəmiyyətin diqqətini yayındırmaq üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist bəyanatlar səsləndirir: “İşğalçı ölkədə yaranmış acınacaqlı durum fonunda bir məqama da diqqət çəkmək istərdim. Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib edilir, həbs olunur. O cümlədən Ermənistanda zəngin iş adamlarına qarşı cinayət işləri açılır və sonra da onlar pullarıını xüsusi yaradılmış fonda köçürmək məcburiyyətində qoyulur. Həmin fondlardan da sonra bu pullar mənimsənilir. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevirdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da qeyd etdiyi kimi, Ermənistanda demokratik inqilab olması ilə bağlı iddiaların yalan olduğu artıq hər kəsə bəllidir, hazırda Ermənistanda diktatura hökm sürür. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan Nikol Paşinyan və ətrafının hansı xarici dairələrdən idarə olunduğu sirr deyil. Onların tərcümeyi-halına baxsaq, hansı fondlarda işlədikləri, kimdən pul aldıqlarını görmək olur. Bu ölkədə mətbuat, vicdan azadlığından danışmaq isə ümumiyyətlə, yersizdir. Bir il bundan əvvəl həbsdə olan bir jurnalist aclıq elan etdi və sonda həyatını itirdi. Ancaq beynəlxalq təşkilatların heç biri, o cümlədən Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi buna heç bir reaksiya vermədi. Çünki indiki Ermənistanın rəhbərlərinin kim olduğunu bilirlər. Ancaq nə siyasi opponentlərin təqibi, nə də himayədarlarının dəstəyinə baxmayaraq, Nikol Paşinyan və ətrafı ölkədə siyasi kataklizmlərin qarşısını ala bilməyəcək”.  

Millət vəkili qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən və özünü təcrid vəziyyətinə salan Ermənistanda inkişaf perspektivlərinin olmadığını, bü ölkənin büdcəsinin xarici yardımlardan asılı olduğunu, sərhədlərini özünün qoruya bilmədiyini söyləyib: “Ermənistan öz sərhədlərini özü qoruya bilmədiyi halda Nikol Paşinyanın güya qondarma “Dağlıq Qarabağ Respublikası”nın qarantı olduqları barədə söylədikləri də gülüncdür. O da təsadüfi deyil ki, Ermənistanda demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Ermənistanın real əhalisi 2 milyon nəfərdən də azdır. Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur, onların bir çoxu həbs edilib. Onların generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur. 20 il ərzində bir ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edibsə, əlavə söz deməyə ehtiyac yoxdur. Özü və ailəsi qaçaqmalçılıqla məşğul olan, Ermənistanın zəngin iş adamlarının pulunu mənimsəmək yolunu seçən Paşinyanın da Köçəryan və Sərkisyandan heç bir fərqi yoxdur. Paşinyan da elə onlar kimi bu gün yenə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist bəyanatlar səsləndirir. Ancaq əslində nə Paşinyan, nə ətrafı, nə də erməni xalqı güclü iqtisadiyyata və orduya malik Azərbaycanın istənilən an torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dərk etməmiş deyil. 2016-cı ili aprel döyüşləri, daha sonra Naxçıvanda Güngüt əməliyyatı bunu ortaya qoydu. Artıq Azərbaycan ordusu Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Döyüş təyyarələri modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycan onlarla ölkəyə hərbi məhsul ixrac edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, güclü iqtisadiyyata və orduya malik Azərbaycan ərazi bütövlüyünü mütləq bərpa edəcək”.

apa-logo-mini

Digər xəbərlər