Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şuşa şəhərciyində qeyd edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şuşa şəhərciyində qeyd edilib
  • Clock-gray 11:15
  • calendar-gray 02 İyun 2020

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşəbbüsü ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yeni Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindəki uşaqlarla birgə qeyd edilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından APA-ya verilən məlumata görə, Şuşa şəhərciyində yaşayan məcburi köçkün icmasının uşaqları ilə təşkil edilən bayram görüşündə “ADA” Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın müəllifi olduğu “Kirpi və Zəncirotu” kitabının təqdimatı keçirilib.

Qeyd olunub ki, Şuşadakı Topxana meşəsində yaşayan Kirpi balasından bəhs edən uşaq kitabı ilk olaraq 2011-ci ildə ABŞ-da nəşr edilib. İllüstrasiyalar ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevə məxsusdur.

Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması adından hədiyyələr təqdim edən icmanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova  bildirib ki, icmanın əhalisinin 140 min üzvü uşaqlardır: “Onların hüquqlarını qorumaq bizim ən ümdə vəzifələrimizdəndir. Qarabağı görmək, orada ailələri ilə birgə sülh şəraitində yaşamaq bu uşaqların hüququdur. Onlar bizim icmanın gələcəyi, Qarabağ irsinin daşıyıcılarıdır.

Dünyadakı hər bir uşağın xoşbəxt böyümək haqqı var. Hər bir uşağın sağlam, tox, valideyn qayğısını hiss edərək, təhsil alaraq böyümək, dostlarının, doğmalarının yanında böyümək haqqı var. Bir də, dünyadakı bütün  uşaqların öz vətənlərində böyümək, yaşamaq, öz vətənlərində xoşbəxt olmaq haqqı var.

30 il əvvəl ölkəmizdə bu təməl haqq böyük bir nəslin əlindən alındı.  Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi. Yüz minlərlə uşaq üstündə “köçkün” adı gəzdirərək, çadır düşərgələrində, vaqonlarda, qapı-pəncərəsiz yataqxana, məktəb, bağça otaqlarında böyüməyə məhkum oldu. Yüz minlərlə uşaq normal yaşayış tərzindən, doyunca yeməkdən, oyuncaqlardan məhrum bir uşaqlıq keçirdi. O köçkün uşaqlar çadır məktəblərdə təhsil almalı, uşaqlıq illərini məhrumiyyətlər və vətən nisgili ilə keçirməli oldular. Şəraitsizlik, qaçqınlıq, kasıblıq onların çoxuna sağlam böyüməyə, normal təhsil almağa, özlərini təsdiqləməyə imkan vermədi.

Biz inanırıq ki, o gün mütləq gələcək. O uşaqlar öz ataları, babaları ilə birlikdə öz tarixi vətənlərinə qayıdacaq. Onların ata-baba yurdu Qarabağda yenə azərbaycanlı və erməni uşaqlar birlikdə, sülh və dostluq içində, sağlam və xoşbəxt yaşayacaq”.

apa-logo-mini

Digər xəbərlər