ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
  • Clock-gray 11:04
  • calendar-gray 17 Yanvar 2020

Bu gün ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, xarici ölkələrin səfirləri, universitetin müəllim və tələbə heyəti iştirak edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxışında 20 Yanvarın Azərbaycan xalqının həm də qəhrəmanlıq tarixi olduğunu vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq səhifəsidir”.

ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı bu günü həm qəmginliklə, həm qürurla qeyd edir: “Çünki 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb”.

H. Paşayev 20 Yanvar faciəsi ilə bağlı ABŞ-da dərc edilən məqalələrdən, kitablardan söz açıb: “”Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumat var idi”.

Xarici İşlər naziri Elmar Məmmədyarov ki, 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən ən qanlı hadisələrdən biri adlandırıb: “20 Yanvar faciəsinin baş verməsinin müxtəlif səbəbləri var idi. Nazir bildirib ki, 20 Yanvar faciəsi ilə yanaşı, azərbaycanlılar azərbaycanlı olduqlarına görə Ermənistandan kütləvi şəkildə qovuldular. Bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı. Guya sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan bildirmişdi ki, onların əsas məqsədi sovet idarəçiliyi qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar eyni zamanda bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər”.

Nazir qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyinin sona çatmasına səbəb oldu.

Xarici İşlər naziri Sumqayıt hadisələrinin baş verməsi səbəblərinə də toxunub. O qeyd edib ki, bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı: “Bir faktı deyim ki, həmin vaxt Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyindəki rolundan və müstəqillik tarixindəki əhəmiyyətindən söz açıb: “Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Tədbir çıxışlarla davam edib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date