Aydın Hüseynov: “Məcburi köçkünlər hər zaman dövlətin qayğısını hiss ediblər”

Aydın Hüseynov: “Məcburi köçkünlər hər zaman dövlətin qayğısını hiss ediblər”
  • Clock-gray 11:47
  • calendar-gray 29 May 2020

“Azərbaycan cəmiyyətinin həssas təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlər hər zaman dövlətin qayğısını hiss ediblər. Son on ildə məcburi köçkünlər üçün 90-dan artıq müasir tipli qəsəbə tikilib. “Qobu Park-3” yaşayış kompleksi bunun növbəti təzahürüdür”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili deyib ki, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir. Aparılan uğurlu sosial siyasət nəticəsində bütün çadır şəhərcikləri ləğv olunub: “Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub. 2020-ci ilin dövlət büdcəsində məcburi köçkünlər üçün ayrılmış vəsaitin həcmi 400 milyon manat təşkil edib. Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramları və bu sənədlərə edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır”. 

A. Hüseynov qeyd edib ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, məcburi köçkünlərin yaşayış sahəsi və məşğulluqla təmin olunması üçün  ardıcıl, sistemli tədbirlər  həyata keçirilir. Son illərdə onlar üçün yeni salınan şəhərçik və yaşayış komlekslərinin bütün zəruri infrastrukturlarla, xidmətlərlə - məktəb, mədəniyyət və incəsənət müəssisələri, səhiyyə obyektləri, rabitə və kommunal xidmət sahələri ilə təmin edilib, həmin yaşayış komplekslərinə asfalt yollar, su və elektrik xətləri çəkilib, sosial obyektlər istifadəyə verilib: “Birinci vitse-prezident Mehriban Əliyevanın da məcburi köçkünlərə olan xüsusi qayğısı qeyd edilməlidir. Mehriban Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrinə davamlı dəstək göstərilir, evlər inşa edilir, məktəb və xəstəxanalar, digər zəruri infrastruktur yaradılır. Yeni istifadəyə verilmiş “Qobu-Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlərlə diqqət və qayğının növbəti təzahürüdür”.

 

Firuzə Vahid

Digər xəbərlər