Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində Birgə Komitə təsis ediləcək

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində Birgə Komitə təsis ediləcək
  • Clock-gray 13:49
  • calendar-gray 21 May 2020

Azərbaycan və Türkiyə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” çərçivəsində Birgə Komitə təsis ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin  növbəti plenar iclasında tövsiyə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ndə əksini tapıb.

Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Razılığa gələn tərəflərdən hər hansı biri digər razılığa gələn tərəfə bildiriş verməklə növbədənkənar görüş keçirilməsini tələb edə bilər.

Birgə Sazişin müddəalarına uyğun olaraq ona verilən funksiyalardan hər hansı birini həyata keçirə bilər. Razılığa gələn tərəflərdən birinin tələbi və digər razılığa gələn tərəfin təsdiqi əsasında Birgə Komitə bu sazişin icrasına təsir göstərən digər hər hansı bir məsələni araşdıra bilər. Birgə komitə həm də bu sazişə aid olan məsələlərə dair tövsiyələr verə bilər.

Birgə komitə fəaliyyəti ilə əlaqədar prosedur qaydalarını ilk iclasında müəyyənləşdirəcək.

Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” bu il fevralın 25-də imzalanıb.

Saziş hər bir razılığa gələn tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün Milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minəcək.

Saziş müddətsiz bağlanıb. Saziş razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

Firuzə Vahid

Digər xəbərlər