İqtisadiyyat naziri: "24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib"

İqtisadiyyat naziri: "24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib"
  • Clock-gray 03:18
  • calendar-gray 16 İyul 2020

“Pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqların icrası istiqamətində məruzə edim. İqtisadi artıma və sahibkarlığa dəstək Tədbirlər Planının mühüm istiqamətlərindən biridir. Burada da pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur. Tədbirlər Planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir: “Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində görülən işlərdən də danışıb: “Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

Mikayıl Cabbarov daha sonra kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışb, əldə edilən uğurlu nəticələri diqqətə çatdırıb: “İlk növbədə, biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artmışdır. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olmuşdur: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə. Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir.

2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1 faiz artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6 faiz olmuş və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələmişdir.

Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlamışdır. Ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq”.

apa-logo-mini

Digər xəbərlər