Millət vəkili: “Ayrılan 1 milyard manat vəsait əhəmiyyətli təsir gücünə malik olacaq”

Millət vəkili: “Ayrılan 1 milyard manat vəsait əhəmiyyətli təsir gücünə malik olacaq”
  • Clock-gray 19:49
  • calendar-gray 21 Mart 2020

“Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının icrası sayəsində iqtisadiyyatımızın inkişafının davamlılığı təmin ediləcək”. 

Bunu  APA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib. 

Millət vəkili deyib ki, Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir, ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resurslar səfərbər edilir. Sərəncama əsasən,  2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb: “Sərəncam ölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıyır. Vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir. Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə, əhəmiyyətli təsir gücünə malik olacaq. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldırılması ilə müqayisədə daha ucuz başa gəlir. Ümumiyyətlə, ayrılan vəsait mühüm sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Çünki koronavirus infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artır. Digər tərəfdən, əhalinin sağlamlığını mühafizə etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanda həyata keçirilən  sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər”.

A. Hüseynov qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir: “ Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir, daim xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Lakin bununla bərabər bu sahədə özəl sektorun sosial məsuliyyət təşəbbüsləri də ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. Bu baxımdan son iki gündə bir sıra özəl şirkətlərin təşəbbüsləri təqdir olunmalıdır”.

Millət vəkili nəzərə çatdırıb ki, sərəncama əsasən yaradılacaq işçi qrup zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edəcək. Qrup problemin ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq və ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək: “Mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim edəcək. Zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərmək üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq digər işçi qrup iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dəstəyin göstərilməsi barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, məşğulluq tədbirlərinin gücləndirilməsi, ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacq işçi qrup isə problemin  bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirləri, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirləri müəyyənləşdirəcək. Beləliklə, sərəncam çərçivəsində görüləcək məqsədyönlü işlər nəticəsində makro-iqtisadi dayanıqlıq qorunacaq, əhalinin sosial rifahı və iqtisadi inkişaf təmin ediləcək”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date