Millət vəkili: ““Qobu Park-3” yaşayış kompleksi məcburi köçkünlərə qayğının növbəti təzahürüdür"

Millət vəkili:  ““Qobu Park-3” yaşayış kompleksi məcburi köçkünlərə qayğının növbəti təzahürüdür"
  • Clock-gray 11:25
  • calendar-gray 29 May 2020

“Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksi bu kateqoriyadan olan  vətəndaşlarımıza diqqət və qayğının növbəti təzahürüdür”.

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi bu kompleks ölkədə bu günə qədər həyata keçirilən sosial siyasətin davamı kimi qiymətləndirilməlidir: “Hazırda koronavirus pandemiyasının iqtisadiyyata böyük zərbə vurduğu bir vaxtda Azərbaycanda bu tipli sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin bir daha istənilən şərtlərdə öz vətəndaşının yanında olmasının göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə sosial sahədə həyata keçirilən tədbirlər, Heydər Əliyev Fondunun  bu istiqamətdə reallaşdırdığı böyük layihələr aztəminatlı təbəqənin sosial problemlərinin həllinə yönəlmiş mühüm addımlardır. Açılışda çıxış edən Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir, torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağıdıllmış şəhərlərimizi yenidən quracağıq. Pezident İlham Əliyev bu tip layihələri icra edən özəl şirkətlərin fəaliyyətini qiymətləndirərkən qeyd etdi ki, bu qəsəbənin xüsusiyyəti burada bütün işlərin özəl sektor tərəfindən görülməsindədir".

H. Babaoğlu dövlət başçısının bir neçə il əvvəlki çağırışından sonra özəl sektorun önəmli sosial layihələrə də qoşulmasının sevindirici hal olduğunu vurğulayıb: "Bu istiqamətdə xüsusi ilə “Paşa Holdinq” şirkətinin fəaliyyəti diqqət çəkir. Bu gün koronavirus şəraitində “Paşa Holdinq” şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar və bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Koronovirus pandemiyası mərhələsində ölkəmizdə olan sosial yardımlaşma əhval-ruhiyyəsi Heydər Əliyev Fondu  və bir sıra  özəl şirkətlərin də fəal iştirakı ilə kifayət qədər geniş miqyas almaqdadır. Bu da cəmiyyətdaxili həmrəyliyi daha da möhkəmləndirir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev açılış mərasimində bir daha Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini bəyan edib: “Əlbəttə, beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq. Ordu quruculuğu Prezidentin fəaliyyətində həmişə ön plandadır. Ordumuzun gücünün xüsusi vurğulanması Azərbaycanın  müəyyən  mərhələdə qətiyyətli addımlar atacağına işarə olmaqla, həm də Ali Baş Komandanın öz ordusuna güvənməsinin göstəricisi hesab edilə bilər. Hazırda danışıqlar masasında məhz mərhələli həll variantının olmasına baxmayaraq, Ermənistan rəhbərliyinin bunu inkar etməyə çalışması əslində siyasi riyakarlıq və  öz xalqını aldatmasıdır. Mərhələli həll isə birinci mərhələdə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması deməkdir. Danışıqların uzadılacağı təqdirdə isə Azərbaycan daha qətiyyətli addımlar ata bilər ki, bu da sadəcə,  vaxt və geosiyasi vəziyyətin düzgün qiymətləndirlməsi ilə mümkün ola bilər. Əslində bu cür yanaşma mövcud beynəlxalq və geostrateji şərtlər çərçivəsində ən optimal vaxtda ən doğru qərarı qəbul edə bilmək deməkdir. Bu qərarı da Ali Baş komandanın ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur. Çünki 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt döyüşləri artıq belə bir təcrübəni yaşadığımızın göstəricisidir və yenə şərtlər uyğun olan kimi belə əməliyyatların daha geniş miqyasda təkrarlanması üçün yaxşı bir nümunədir”.

Firuzə Vahid

Digər xəbərlər