Mərkəzi Bankın sədri: "Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir"

Mərkəzi Bankın sədri: "Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir"
  • Clock-gray 02:58
  • calendar-gray 16 İyul 2020

“Cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız presedenti olmayan xarici şoklarla üzləşmişdir. Lakin son illərdə Sizin rəhbərliyinizlə ölkədə makroiqtisadi dayanıqlılığın yüksəldilməsi, həyata keçirilən islahatlar və pandemiyadan irəli gələn çağırışlara vaxtında və tam adekvat cavab verilməsi situasiyanı effektli idarəetməyə imkan yaratmışdır. Makroiqtisadi situasiya, maliyyə bazarları da bu çağırışlara məruz qalmışdır. Biz bilirik ki, neftin qiymətində, qeyd olunduğu kimi, əhəmiyyətli düşmə baş verdi. Lakin “OPEC+” razılaşmasından sonra neft bazarlarında əhval-ruhiyyə bir qədər yaxşılaşdı, neftin qiyməti yüksəlməyə başladı. Altı ayın ilkin yekunlarına görə, ölkənin ticarət balansı profisitlidir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, birinci rübdə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətlənib: “Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı. Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşmışdır. Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb. 2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib.

İqtisadiyyat və bank sistemində əhəmiyyətli likvidlik var - təxminən 8 milyard manata qədər. Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb. Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır.

Bütövlükdə banklarda situasiya bir qədər pisləşib, biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.

İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik”.

apa-logo-mini

Digər xəbərlər