Prezident İlham Əliyev: "Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi"

Prezident İlham Əliyev: "Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi"
  • Clock-gray 22:26
  • calendar-gray 28 May 2020

"Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi".

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılışında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi: "Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.

Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi.

Budur səbəbkarlar, budur tarixi həqiqətlər. Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".

apa-logo-mini

Digər xəbərlər