“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır
  • Clock-gray 18:29
  • calendar-gray 03 İyun 2020

"Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin yaz sessiyasının İş Planına daxil edilmiişdi: "Lakin COVİD-19 pandemiyasına görə son 2 ay içərisində Milli Məclisdə aktuallıq baxımından daha vacib olan məsələlər ön plana salınıb. “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin son müzakirələri gedir. Sabah Milli Məclisin Səhiyyə komitəsində bu qanun layihəsinin müzakirəsi həyata keçiriləcək və uyğun görülərsə, növbədənkənar sessiyanın plenar iclasına tövsiyə olunacaq.

Ümumiyyətlə, Milli Məclisdə plenar iclasa çıxarılan qanun layihələrinin müzakirəsi növbəlilik, aktuallıq və vaciblik prinsipi nəzərə alınır. Ona görə də bu yaz sessiyasında “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi çatdırılacaq. Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ilə bağlı isə bunu demək çətindir. Ancaq ehtimal var ki, bu qanun layihəsi Milli Məclisin payız sessiyasının İş Planına salınsın. Yəni bu qanun layihəsinin payız sessiyasında müzakirə olunma ehtimalı yüksəkdir”.

Firuzə Vahid

Digər xəbərlər