Əli Əhmədov: “Müxalifətin radikal qanadı koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır”

Əli Əhmədov: “Müxalifətin radikal qanadı koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır”
  • Clock-gray 12:53
  • calendar-gray 16 Sentyabr 2020

“Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır".

APA-nın məlumatına görə, bu, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun “Facebook” səhifəsində müxalifətin həbsdə olan Tofiq Yaqublunun səhhətindən siyasi divident qazanmağa cəhdlərindən bəhs edən paylaşımında yer alıb.

Ə. Əhmədov  bildirib ki, törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib: "Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”.

Ə. Əhmədov qeyd edib ki, insanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir: “Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasını həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər