Fuad Muradov: “Koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar 47 ölkədən 5104 müraciət daxil olub, 1942 nəfərə müxtəlif yardımlar edilib”

Fuad Muradov: “Koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar 47 ölkədən 5104 müraciət daxil olub, 1942 nəfərə müxtəlif yardımlar edilib”
  • Clock-gray 17:35
  • calendar-gray 16 Aprel 2020

"Qlobal pandemiyanın aradan qaldırılması üçün Azərbaycan misilsiz tədbirlər görür".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, həyata keçirilən ciddi tədbirlər öz töhfəsini verir: "Xaricdə olan Azərbaycan vətəndaşlarına da ilk gündən dəstək göstərilib. Daxil olan müraciətlər aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. Onlara olduqları ölkədə fəaliyyət göstərən diplomatik korpuslar vasitəsilə koordinasiyalı şəkildə dəstək göstərilib".

F.Muradov deyib ki, ümumilikdə 47 ölkədən 5104 müraciət daxil olub, 1942 nəfərə müxtəlif yardımlar edilib: "Onlar müalicə, iş dalınca gedənlər, tələbələr və s. olub".

Əksər vətəndaşların karantin rejimini yüksək qiymətləndirdiyini deyən Komitə sədri bildirib ki, ilk dəstək Rusiya, Türkiyə, Polşa Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və digərləri tərəfindən göstərilib: "24 saat ərzində bütün müraciətlər qəbul olunub, gündəlik olaraq Operativ Qərargaha verilib. Yaranmış vəziyyətdən sui-istifadə edən ayrı-ayrı şəxslərin destruktiv fəaliyyətinin qarşısının alınması üçün işlər görülüb. Çətin vəziyyətə düşən, müraciət edən vətəndaşların əksəriyyətinə fəal iş adamlarımız və diplomatik korpuslar vasitəsilə gündəlik iaşə, ərzaq, qalma yeri ilə bağlı yardım göstərilib. Onların elektron formada geri qayıtmasının həyata keçirilməsi üçün bütün dövlət qurumları və ölkələrdəki diaspor fəalları da yüksək şəkildə iştirak edəcək. Xüsusilə, Rusiyada müəyyən dövrdə gərginlik var idi, siyasi rəhbərliyin bu məsələyə dərhal reaksiya verməsi ilə bu istiqamətdə hazırda hər hansı gərginlik yoxdur. Bundan sonra da vətəndaşlar təmkinlə qeydiyyatdan keçərək, ardıcıl şəkildə geri qayıda biləcəklər”.

Günay Elşadqızı

Digər xəbərlər