Rusiyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirib

Rusiyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirib
  • Clock-gray 13:14
  • calendar-gray 20 Yanvar 2020

Rusiyadakı Azərbaycan diasporu 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Moskvada tədbir keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovun təşəbbüsü ilə keçirilən tədbirdə yerli icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Fazil Qurbanov 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına başsağlığı verib: "Mən həmin tarixi yenidən danışmaq istəmirəm. Çünki siz hamınız bu tarixi yaxşı bilirsiniz. Günahsız, dinc insanlara açılan atəşləri yaxşı xatırlayırsınız. Bu gün Azərbaycan inkişaf edir, Azərbaycan bütün dünya ölkələrinin hesablaşdığı suveren dövlətdir. Bu faktın özü Azərbaycan xalqına əl qaldıranlara ən yaxşı cavabdır".

Akademik qanlı yanvar faciəsinin müstəqil Azərbaycanın dövlətçilik tarixinə xalqımızın qəhrəmanlıq, milli birlik və həmrəylik nümunəsi səhifəsi kimi yazıldığını vurğulayıb.

Tədbirdə çıxış edən professor Kamran Rüstəmov 30 il öncə baş verən qanlı hadisələr barədə iştirakçıları məlumatlandırıb.

Tarix elmləri namizədi Manaf Ağayev isə 1990-cı il yanvarın 21-də Azərbaycanın dahi siyasətçisi Heydər Əliyevin ailəsi ilə birlikdə Moskvadakı daimi nümayəndəliyə gələrək baş verən hadisələrə etiraz etməsinin şahidi olduğunu söyləyib: "Heydər Əliyev ümummilli lider kimi hələ o zaman müstəqilliyini elan etməmiş Azərbaycanın ilk tarixi səhifəsini yazmışdı, baş verən hadisələrə ilk siyasi qiymət verilmişdi. Bununla da bu faciə SSRİ-nin Azərbaycan xalqına qarşı törətdiyi aqressiya aktı kimi qiymətləndirilmişdi".

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə dualar oxunub, ehsan verilib.

Fərid Əkbərov

Digər xəbərlər