İlham Zəkiyev AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib

İlham Zəkiyev AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib
  • Clock-gray 15:40
  • calendar-gray 12 Avqust 2020

AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçkiləri keçirilib.

AMADA-nın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda qurumun direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak ediblər. 

Yığıncaqda çıxış edən Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançılar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir. 

Sonra komissiya üzvləri tərəfindən sədrlik üçün komissiyanın üzvü, cüdoçu ikiqat paralimpiya çempionu İlham Zəkiyevin namizədliyi irəli sürülüb. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib. Ona göstərilən etimada görə İ.Zəkiyev təşəkkürünü bildirib, sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb. Keçirilən səsvermədə bu təklif də yekdilliklə dəstəklənib və Hacı Əliyev İdmançılar Məsləhətçi Komissiyasının sədr müavini seçilib. 

İclasda çıxış edən idmançılar bildirib ki, təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların öz hüquq və vəzifələrini bilməsi, habelə maarifləndirmə işlərində idmançıların aktiv iştirak etməsi vacibdir. Ona görə də İdmançılar Məsləhətçi Komissiyası məhz bu istiqamətdə fəal işləməli və AMADA-da idmançıları layiqincə təmsil etməlidir. 

Qeyd edək ki, İdmançılar Məsləhətçi Komissiyası 21 yanvar 2020-ci il tarixində təsis olunub. 12 üzv idmançıdan ibarət komissiyanın missiyası AMADA daxilində idmançıları təmsil etmək və idmançıların hüquqlarının müdafiəsi və təmiz idmanın təşviqi ilə bağlı AMADA-ya tövsiyələr verməkdir. 

ApaSport

Digər xəbərlər