QMİ sədrinin ISESCO-nun baş katibi ilə videokonfrans formatında görüşü olub

QMİ sədrinin ISESCO-nun baş katibi ilə videokonfrans formatında görüşü olub
  • Clock-gray 19:37
  • calendar-gray 04 İyun 2020

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin İSESCO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Maliklə videokonfrans formatında görüşü olub. 

QMİ-dən APA-ya verilən məlumata görə, görüşdə QMİ sədri İSESCO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malikə İslam dünyasının nüfuzlu təşkilatının rəhbəri vəzifəsində fəaliyyətinə xeyir-dualarını bildirib və Azərbaycanla İSESCO arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qalxması yönündə birgə səmərəli əməkdaşlığa ümidvar olduğunu vurğulayıb.

Şeyxülislam A. Paşazadə İSESCO müstəvisində Azərbaycanın işğal altında olan ərazilərinin mədəni, dini-mənəvi irsinə münasibətdə, habelə qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinə hər zaman diqqət və dəstək nümayişini islam həmrəyliyi nümunəsi kimi təqdir etdiyini bildirib.

Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin və ölkəmizin Birinci vitse-prezidentinin İSESCO ilə əlaqələrə böyük önəm verdiyini vurğulayıb. QMİ sədri İSESCO ilə bərabər elm, mədəniyyət, din, ictimai xadimlərinin birgə konfranslarının keçirilməsinin böyük əhəmiyyətini qeyd edib.

İSESCO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malik Şeyxülislam A. Paşazadəni İslam dünyasının dəyərli şəxsiyyəti kimi səciyyələndirib və onunla görüşdən, rəhbərlik etdiyi qurumun ehtiva etdiyi sahələr üzrə yaxın gələcəkdə sıx əməkdaşlıq perspektivindən məmnunluğunu ifadə edib. QMİ sədrinin KAICIID Beynəlxalq dinlər və mədəniyyətlər arası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini yüksək dəyərləndirən İSESCO-nun baş katibi rəhbərlik etdiyi qurumun nizamnaməsində edilmiş dəyişikliklər barədə QMİ sədrini geniş məlumatlandırıb.

Bildirib ki, İSESCO qeyri-İslam dinləri ilə əməkdaşlıqda maraqlıdır və bu baxımdan, Şeyxülislam A. Paşazadənin beynəlxalq müstəvidə, o cümlədən, regionda dinlərarası dialoq və konfessiyalararası əməkdaşlıq sahəsində böyük nüfuz və təcrübəsinə, habelə təşkilatçılıq qabiliyyəti və geniş əlaqələrinə böyük önəm verir. Pandemiya səbəbindən videoformatda görüşdüklərini bildirən QMİ sədri A. Paşazadə xəstəlik təhlükəsi sovuşduqdan sonra İSESCO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Maliki Azərbaycana səfərə dəvət edəcəyini deyib və rəhbərlik etdikləri qurumlar arasında qarşılıqlı faydalı işbirliyi, dini-mənəvi dəyərlərə istinadən birgə layihələrin həyata keçirilməsinin zəruriliyinə diqqəti çəkib.

Görüşdə Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iştirak edib.

Günay Elşadqızı

Digər xəbərlər