Yaşar Bəşirov: “Desələr ki, çempionat keçirilməsin, buna tabe olacağıq” - MÜSAHİBƏ

Yaşar Bəşirov: “Desələr ki, çempionat keçirilməsin, buna tabe olacağıq” - MÜSAHİBƏ
  • Clock-gray 15:05
  • calendar-gray 11 Mart 2020

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun apasport.az saytına müsahibəsi

- Martın 25-29-da Bakıda təşkil ediləcək Avropa çempionatının koronavirus epidemiyası ilə bağlı azarkeşsiz keçəcəyi bildirilib. Təşkilat Komitəsinin bugünkü iclasında başqa hansı qərar qəbul edildi?
- Açığı, iclas hələ bitməyib, fasilələrlə davam edir. Çempionatın azarkeşsiz keçirilməsi məsələsi də hələ tam təsdiqlənməyib. İclasda bu məsələ müzakirə edildi, ancaq hələlik yekun qərar verilməyib. Azarkeşsiz keçirilməsi bizim üçün mənfi hal olar. Çünki bu, idmançılarımız üçün böyük dəstəkdir. Ancaq azarkeşlərin yarışa gəlişinə icazə verilməsə, biz bu qərara tabe olmalıyıq. 

- Turnirin təxirə salınması necə, müzakirə edilibmi?
- Hər şey ümumi vəziyyətlə əlaqədardır. Hələ belə bir söhbət yoxdur. Nə beynəlxalq təşkilat, nə də dövlətimiz tərəfindən belə qərar verilib.

- Beynəlxalq Karate Federasiyası, həmçinin Gənclər və İdman Nazirliyi ilə bu barədə müzakirə aparmısızmı?
- Əlbəttə, danışıqlarımız olub. Əgər beynəlxalq təşkilat desə ki, çempionat keçirilməsin, buna tabe olacağıq. Amma bizə belə bir qərar bildirilməyib. Ümumi qaydada tam hazırlıq gedir, yığmalar qeydiyyatdan keçirlər. 40-a yaxın komanda artıq gələcəyini rəsmiləşdirib. Doğrudur, komanda sayı az ola bilər, ancaq keçirilməməsi hələ müzakirə mövzusu deyil. Çünki Tokio-2020-yə lisenziya xalı verən çox vacib yarışdır.

- Qeydiyyatdan keçən komandalar arasında koronavirusun geniş yayıldığı İtaliya millisi də var?
- İtaliya yığması Bakıya gəlmək istəyir. Ancaq onların yol problemi var. Ora təyyarələr getmir. Türk Hava Yollarına bilet almışdılar. Ancaq hazırda Türkiyə ilə gəliş-gedişi dayandırıblar. Əgər ayrı yol tapsalar, gələcəklər. Yəni İtaliya Karate Federasiyası “gəlmirik” demir. Sadəcə, gəlmək üçün alternativ yol axtarırlar.

- İtaliya millisi Bakıya gəlsə, onların idmançılarının yoxlanılması ilə bağlı hansısa xüsusi tədbir görüləcəkmi?
- Bütün komandalar ümumi qaydada yoxlanılacaq. Aeroportda qarşılanacaq, tibbi yoxlamadan keçiriləcəklər.

- Koronavirusla bağlı Bakıya gəlməkdən imtina edən hansısa komanda və ya federasiya nümayəndəsi varmı?
- Bilirsiniz ki, İrandan bura heç kimi buraxmırlar. Həmin ölkədən federasiya prezidenti qonaq şəklində gəlməli idi. Həmçinin Hakimlər Kollegiyasından da bir nəfərin gəlişi nəzərdə tutulurdu. Ancaq onların ölkəmizə səfəri baş tutmayacaq. Çünki karantin vəziyyəti olduğundan, hazırda İrandan çıxış çətindir.

- Avropa çempionatının startına artıq iki həftədən də az vaxt qalıb. Millimizi yarışa tam hazır saymaq olar?
- Yığmamız hazırda təlim-məşq toplanışını davam etdirir. Dünən gecə yarısına kimi iclas keçirdik. Komanda heyəti ilə görüşdük. Komanda şəklində iştirak edəcək idmançıların tam təyin olunması kimi qərarlaşdırılmayan 1-2 məsələ qalıb. Yəqin ki, bu həftə həmin məsələ də həllini tapacaq. Məqsədimiz həm komanda, həm də fərdi şəkildə Avropa çempionatında birinci olaq. Düşünürəm ki, uşaqlar buna hazırdırlar.

- Bakıya daha tez gələcək hansısa yığma il birlikdə toplanış keçirmək planınız yoxdur?
- Birgə toplanış keçirmək istəmədik, özümüz hazırlaşırıq. Xaricə gedə bilərdik, ancaq vaxt da az idi. Üstəlik, hər ay liqa yarışlarımız olur. Ayın əvvəlində Rafael Ağayevin 35 illiyinə həsr olunmuş "Baku Open" Beynəlxalq Karate Turnirində bir neçə komanda iştirak etmişdi. Həmin yarış üçün gələn Malayziya komandası ilə karateçilərimiz bir neçə gün birgə məşq etdilər. Rafaelin əsas rəqibi olan yaponiyalı idmançı, həmçinin Kanadadan 65 kq çəkidə mübarizə aparan qadın karateçi bizim uşaqlarla hazırlıqda oldular. Həmçinin Küveytin gənclərdən ibarət yığması da burada 10 gün məşqə qatıldı.

- Əgər təxirə salınmasa, Avropa çempionatında hədəf neçə medal qazanmaqdır?
- Bilirsiniz ki, bu yarışda idmançılar lisenziya xalları toplayacaqlar. Komandamızın ən azı 5 medal qazanacağına ümid edirik. Fərdi yarışlarda 2 qızıl medal, kişilərdən komanda şəklində də birincilik gözləyirəm.

- Tokio-2020 Yay Olimpiya Oyunlarına indidən neçə lisenziya qazanacağımızı demək olar?
- Hələlik iki lisenziya var, daha ikisi ola bilər. Mayın 8-10-da Parisdə axırıncı yarış keçiriləcək. Orada lisenziya xalı olmayacaq, ilk 3 yeri tutanlar birbaşa Olimpiadaya vəsiqə əldə edəcəklər.

ApaSport

Digər xəbərlər

Arxiv

date