"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
  • Clock-gray 15:05
  • calendar-gray 02 Dekabr 2019

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il həm İmadəddin Nəsiminin 650 illiyi, həm də "Nəsimi ili" qeyd olunur: "Bununla əlaqədar olaraq il ərzində bir sıra əlamətdar tədbirlər həyata keçirilib. Mən bu tədbirlərin içində 2018 və 2019-cu illərdə Azərbaycanda keçirilən "Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı"nı xüsusi vurğulamaq istərdim. Bu festivallar çərçivəsində konfranslar da təşkil olundu və Nəsiminin Azərbaycan mütəfəkkiri, Azərbaycan şairi olması bir daha dünyaya bəyan edildi. Ötən il Rusiyada Nəsimiyə büst, bu il isə heykəl qoyuldu. Bu, bizim üçün çox böyük əhəmiyyətə malik olan hadisələrdir. Mən bu hadisələrin içərisində hazırda Hələb şəhərində yaşayan Nəsimi nəslinin nümayəndəsi Əhməd Cövdət Nəsiminin Bakıya dəvət olunmasını da vurğulamaq istəyirəm. O, ulu babasının vətənində oldu, Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət etdi. Nəsiminin doğum yeri haqqında müxtəlif fikirlər səsləndirilsə də Nəsimi nəslinin nümayəndəsi Əhməd Cövdət Nəsiminin bura gəlişi onu burada doğulduğunu təsdiq edir və bütün şübhələrə son qoyur".

Akademik Nəsimi haqqında ilk araşdırmanın 1926-cı ildə Salman Mümtaz tərəfindən yazıldığını da diqqətə çatdırıb: "Lakin şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Məhz onun təşəbbüsü ilə Nəsimi irsi araşdırılaraq istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə təqdim olunub. Hazırda isə bu işlər ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir. Nəsimi əsərlərinin dünya dillərində tərcüməsində böyük işlər görülüb. Nəsiminin əsərləri Milli Elmlər Akademiyasının birbaşa və yaxından iştirakı ilə bir sıra ölkələrdə çap olunub. Bu il ərzində təkcə Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən 11 kitab çap edilib. Akademiyanın demək olar ki, bütün bölmələri Nəsimi ilə bağlı konfranslar keçiriblər. Belə konfransdan biri də Memarlıq və İncəsənət İnstitutunun hazırda keçirdiyi konfrnasdır. Məncə, bu konfrans da Nəsimi irsinin öyrənilməsinə böyük töhfə verəcək".

Sonra Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev, Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, fəlsəfə elmləri doktoru, professor Nikolay Denisov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Nəsiminin Şərq mədəniyyətində xüsusi yeri olduğunu nəzərə çatdırıblar.

Daha sonra Özbəkistanın Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Konfrans məruzələrlə davam edib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Qazaxıstan təsviri sənətində Abay obrazı", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" və digər mövzularda məruzələr dinləniləcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date