Beynəlxalq Türk Akademiyası elmi nəşrlərini pulsuz oxumaq imkanı yaradıb

Beynəlxalq Türk Akademiyası elmi nəşrlərini pulsuz oxumaq imkanı yaradıb
  • Clock-gray 14:10
  • calendar-gray 18 Aprel 2020

Beynəlxalq Türk Akademiyası Azərbaycanla bağlı nəşr etdiyi bəzi kitablar da daxil olmaqla, elmi nəşrlərini onlayn şəkildə pulsuz oxumaq imkanı təqdim edir.

APA-nın məlumatına görə, bu məqsədlə Akademiyanın rəsmi səhifəsinin “Kitablar” (http://twesco.org/kitap) bölməsinə yüzdən çox əsər yerləşdirilib. Kitabların yüklənməsi prosesi qarşıdakı dövrlərdə də davam etdiriləcək.

Saytda yer alan kitablar Azərbaycan, qazax, türk, ingilis, qırğız, rus, monqol və digər dillərdə nəşr olunmuş əsərlərdir.

Kitablarda türk dünyasının qədim tarixi, zəngin ədəbi irsi, türk dilləri, etnoqrafiya, folklor, türk xalqlarının adət və ənənələri araşdırılır.

Bundan əlavə, http://twesco.org səhifəsinin "Jurnallar" bölməsində dərc olunan həftəlik "Turkic Weekly" elektron bülletenini, "GLOBAL-Türk" və "Altayistika, Türkologiya, Monqolistika" jurnallarını da oxumaq mümkündür.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Sammitində “Naxçıvan Sazişi” ilə yaradılıb, 2010-cu ildə Nur-Sultan şəhərində fəaliyyətə başlayıb. Türk dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığının əlaqələndirilməsi istiqamətində layihələr həyata keçirən Akademiya 2014-cü ildə beynəlxalq status alıb.

Bu il Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 ili tamam olur.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər