“Biz türklərik! Çadırımız göy qübbəsi” kitabı təqdim olunub

“Biz türklərik! Çadırımız göy qübbəsi” kitabı təqdim olunub
  • Clock-gray 15:56
  • calendar-gray 15 Sentyabr 2020

“Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitab təqdim olunub.

APA-nın məlumatına görə, “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitab Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə nəşr edilib.

Kitabın təqdimatı Zoom onlayn platforması üzərindən video-konfrans formatında keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, İstanbulda, Türkiyə türkcəsində nəşr olunan kitabı müəllifi Nəriman Qocatürkdür: “Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözləri ilə başlayır”.

N.Cəfərov “Biz türklərik! Çadırımız göy qübbəsi” kitabında türk tarixinin mif, dastanlar, xaqanlar dönəmi və ən axırda müasir dönəmindən bəhs olunduğunu və türk dövlətçilik ənənəsinin tarixçəsinin araşdırıldığını vurğulayıb.

Sonra Türk Şurasının baş katibi Bağdad Əmriyev, Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev çıxış edərək türk tarixinin öyrənilməsinin əhəmiyyətdən bəhs ediblər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə gələn ildən başlayaraq, Azərbaycanın bütün məktəblərində ortaq türk tarixinin tədris olunacağını vurğulayıb: “İnanıram ki, digər türk dövlətlərində də ortaq türk tarixinin tədrisi aparılacaq. Türk tarixinin öyrənilməsi sahəsində də bu kitab böyük əhəmiyyət daşıyır, inanıram ki, gənclərimiz bu kitabı böyük maraqla oxuyacaqlar”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 sentyabr – Bakının azad edilməsinin əhəmiyyətindən danışıb: “Tarix milləti  hər zaman tarixi başdan yazmağı başarıb. 15 sentyabr da bu önəmli günlərdən biridir. 1918-ci ildə Nuru Paşanın rəhbərliyindəki Qafqaz Türki-İslam ordusu türk dünyasının qəlbi Bakını işğaldan azad elədi. Baxmayaraq ki, Osmanlı dövləti o zaman özünün ən zəif dövrünü yaşayırdı, bununla belə qardaşımız Azərbaycana öz yardımını göstərdi. Bu həqiqətən türk xalqının yeni bir Ergenekondan çıxmaq əfsanəsidir”.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və başqaları çıxış ediblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər