Moskvada türkiyəli tarixçi-alim Məhmət Pərinçəkinin kitabı təqdim olunub - FOTO

Moskvada türkiyəli tarixçi-alim Məhmət Pərinçəkinin kitabı təqdim olunub - FOTO
  • Clock-gray 13:55
  • calendar-gray 29 Fevral 2020

Moskvada türkiyəli tarixçi-alim Məhmət Pərinçəkin “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək” kitabının təqdimatı və arxiv kinosənədlərin nümayişi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Arbatdakı “Moskva Kitab Evi”ndə keçirilən təqdimatda Rusiyanın elm adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Təqdimatda çıxış edən Məhmət Pərinçək kitabda XVI əsrdən XXI əsrədək olan dövrdə Rusiya-Türkiyə münasibətlərinin mühüm dövrlərinin əksini tapdığını söyləyib: “Kitabımda Rusiya-Türkiyə münasibətlərinə dair indiyədək məlum olmayan faktlar, o cümlədən erməni məsələsindən bir sıra dövlətlər tərəfindən Türkiyə və Azərbaycana qarşı istifadə edildiyini, “erməni soyqırımı”nın dünya miqyasında bir yalan olduğunu sübuta yetirən sənədlər əksini tapıb”.

Suriyanın İdlib əyalətində baş verənlər fonunda Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh edən türkiyəli alim Moskva və Ankaranın bir-birinə ehtiyacının olduğunu söyləyib: "Gəldiyim nəticə budur ki, Rusiya və Türkiyə savaşarsa, çox şey itirərlər. Tarixdə də belə olub. İki ölkənin savaşından nə Rusiya qazanıb, nə də Türkiyə... Qazanan hər zaman Qərb, Avropa dövlətləri olub. Götürək I Dünya müharibəsində Rusiya imperiyası ilə Osmanlı müharibəsini, bu müharibəni Rusiya imperiyası udsa da, əslində heç nə qazanmadı. Qazanan İngiltərə başda olmaqla Qərb oldu. Bu gün Rusiya və Türkiyə arasında müharibə baş versə, qazanan bu tərəflərdən heç biri olmayacaq. Fikrimcə, ağıllı məntiq öz işini görəcək. İki ölkənin işbirliyi qurub əməkdaşlıq etməsi yalnız xalqlarımızın rifahına xidmət edir”.

M. Pərinçəkin “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək” kitabının öz sözünün müəllifi tanınmış rusiyalı politoloq Aleksandr Duqindir. O, Məhmət Pərinçəkin kitabının rusların və türklərin tarixində təbii qohumluğu və yaxınlığı nümayiş etdirməyə, bu ölkələr arasında hazırda və gələcəkdə alyans qurmağın nə dərəcədə zəruri olduğunu göstərməyə yönəldiyini yazıb.

Qeyd edək ki, Məhmət Pərinçək tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda dəvət edilmiş professordur. O, son 20 il ərzində Rusiya arxivlərində Rusiya-Türkiyə münasibətlərinin, qondarma “erməni soyqırımı”nın, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair sənədlərlə işləyir. Alimin istər müxtəlif dillərdə 15-dən çox kitabı nəşr olunub. Onun ən məşhur kitablarından biri 2011-ci ildə Moskvada nəşr olunan “Rusiya dövlət arxivlərində erməni məsələsi” kitabıdır.

Fərid Əkbərov

Digər xəbərlər