Çilili futbolçu: "Neftçi"yə transferim mənə çox qapı açdı"

Çilili futbolçu: "Neftçi"yə transferim mənə çox qapı açdı"
  • Clock-gray 09:28
  • calendar-gray 17 Yanvar 2020

"Neftçi"yə keçməzdən əvvəl həyatımın hər mənasında bir dəyişiklik lazım olduğunu hiss edirdim".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq çilili futbolçusu İqnasio Errera deyib.

"Palestino"dan Ekvador klubu "Muşuk Runa"ya transfer olunan 32 yaşlı yarımmüdafiəçi yerli mətbuata geniş müsahibə verib. O, "Neftçi"dəki dönəmi də xatırlayıb. Errera 2017-ci ildə Azərbaycan təmsilçisinə keçməsinin səbəbini də açıqlayıb: "Həmin vaxt Rusiya, Qazaxıstan və Azərbaycan çempionatları ilə əlaqəli olan bir nümayəndə ilə söhbət etdim, mənə təklifini bildirdi. Maddi cəhətdən sərfəli təklif idi. Ailəmlə bunu müzakirə etdim. Yekunda "Neftçi"yə keçməyi qərara aldım. Bu da mənim üçün çox qapı açdı".

Hücumameyilli oyunçu ilk vaxtlar uyğunlaşma problemi yaşadığını etiraf edib: "İlk vaxtlar bir az çətinlik çəkdim. Köhnə və zəngin tarixi olan Sovet ölkəsi idi. Çox yaxşı kollektiv qurmuşduq və Avropa Liqasının təsnifat mərhələsində iştirak edirdik. Onlar məni komandanın ən yaxşı futbolçusu seçdilər. Bununla da Azərbaycan qapısı üzümə açıldı. "Neftçi" Çilidə çox tanınmasa da, böyük klub idi".

Errera "Neftçi" və Bakı şəhəri haqda da ağızdolusu danışıb: "Neftçi" keçmiş SSRİ çempionatında iştirak etmiş, çoxsaylı azarkeşi, izləyicisi olan bir klubdur. Bakı getdikcə dünyaya açılan möhtəşəm bir şəhərdir. Orada iki fantastik il keçirdim, Avropa Liqasında oynamaq imkanım oldu".

Qeyd edək ki, "Neftçi"yə 2017-ci ilin yanvarında "İrtış"dan keçən İqnasio Errera 2018-ci ilin iyulunda "ağ-qaralar"ı Cənubi Koreya təmsilçisi "Seul E-Land"a dəyişib.

ApaSport

Digər xəbərlər

Arxiv

date