Keçmişini unutmamaq üçün müalicədən imtina edən futbolçu - “Ulduzlar”

Keçmişini unutmamaq üçün müalicədən imtina edən futbolçu - “Ulduzlar”
  • Clock-gray 13:31
  • calendar-gray 25 Fevral 2020

Həyat insanlara qarşı heç də eyni cür olmur. Var-dövlət içində böyüyüb, hər şeyi əlinin tərsi ilə itələyənlər də var, kasıb ailədə anadan olub, zəhmətlə, fədakarlıqla yüksələn şəxsiyyətlər də.

Ancaq həm yoxsul, həm də cinayətlərin tüğyan, narkotikanın diktə etdiyi bir bölgədən təmiz çıxmaq və dünyanın ən tanınmış simalarından birinə çevrilmək əsl xarakter tələb edir. “Ulduzlar” rubrikasının budəfəki qonağı Karlos Tevezin həyat hekayəsi də möcüzəni gerçəkləşdirməyə bənzəyir.

Keçmişini unutmamaq üçün müalicə olunmadı
Argentinanın yoxsul məhlələrinin birində dünyaya gələn Karlos hələ ana bətnində olarkən atasını itirib. Atası mafiya qrupları arasında yaşanmış atışma zamanı 23 güllə yarası alaraq ölüb. Bunu heç cür qəbul edə bilməyən anası isə ağlını itirib. Karlosu “anam və atam” dediyi xalası ilə onun yoldaşı böyüdüb. Ancaq problemlər yaxasından heç vaxt düşməyib.

Hələ 10 aylıq olarkən üzərinə qaynar su töküldüyü üçün iki ay reanimasiyada qalıb. Çənəsi, boynu və sinəsindəki izlər həmin günlərdən qalıb. “Boka Xuniors”da oynadığı dönəmdə klubu müalicə xərclərini qarşılamağı təklif etsə də, futbolçu bunu qəbul etməyib. Çünki müalicə olunmaq istəmirdi. Həmin izlərin ona haradan gəldiyini, hansı çətinlikləri yaşadığını daim xatırlatmasını istəyirdi.

Ən yaxın dostu özünü öldürdü
Karlosun uşaqlıq dövrü çox ağır keçib. Argentinanın Kuidadela şəhərində cinayətlərin mərkəzi sayılan bir yerdə - Fuerte Apaçedə böyüyüb. Bu küçədə daim silahlı hücumlar olur, kiçik dəstələr arasında atışmalar səngimir. Əksər gənclər narkotika aludəçisinə çevrilir, cinayətkar dəstələrə qatılaraq həyatlarını məhv edirlər. Tevez həmin günləri belə xatırlayır: “Ora çox çətin yer idi. Qaranlıqda qorxulu məhləyə çevrilirdi. Müəyyən saatdan sonra heç kim küçəyə çıxmazdı. Hətta pəncərədən belə baxa bilmirdik. Çünki görəcəyin hadisələr sizi qorxudan öldürə bilərdi. Narkotika və cinayət günlük həyatın bir parçası idi”.

Karlos bütün bu çətinliklərin içində özünə doğru yol seçməyi bacarıb. Onun fikrincə, bunun bəxtlə əlaqəsi yoxdur, hər kəsin öz seçimi var. Bu sözlər əsasən vaxtilə komanda yoldaşı olmuş Dario Koronellə əlaqəli idi. Dario və Karlos həmin dönəmdə Argentinanın ən istedadlı gəncləri sayılırdılar. Hətta çoxları Darionu əsl ulduz, Karlosdan da bacarıqlı hesab edirdilər. Ancaq Dario futbolu ikinci plana atdı, mafiyaya qoşularaq cinayətkar dəstənin bir parçasına çevrildi. Nəticədə 17 yaşında polisə təslim olmamaq üçün intihar etdi. Onun ən yaxın dostu olan Karlos bu hadisədən sarsılsa da, aşiq olduğu futbol topunun arxasınca qaçdı.

Xəyalların İngiltərəyə qədər apardığı yol
Hələ “Oll Boyz”un akademiyasında olarkən “Argentinos” Tevezi transfer etmək istəyib. Hətta onu “Maradona da bizim klubda yetişib” deyərək aldatmağa çalışıblar. Futbolçu da “Boka Xuniors” xəyalları ilə böyüdüyü üçün təklifi rədd edib. Bir neçə ildən sonra “Boka”da baxışdan uğurla keçərək, xayallarını gerçəkləşdirdi. Əfsanəvi skaut Ramon Maddoninin kəşf etdiyi və 12 yaşında “Boka Xuniors”a apardığı Tevez 16 yaşında əsas komanda ilə məşqlərə çıxıb. 2001-2005-ci illərdə bu klubun formasını geyinən Karlosa “Maradonanın 10 nömrəsinin varisi” gözü ilə baxıblar. Ancaq gözlənilməz qərarla Braziliyaya, “Korintians”a yollandı. İlk ilində komandanı çempion edib, ən yaxşı futbolçu seçildi. Lakin mövsümün sonunda oradan ayrıldı. Tevez ayrılıq səbəbini belə əsaslandırmışdı: “Klub mənə çox şey vəd etdi, amma gerçəkləşdirmədi. Mən də Braziliyanı tərk etmək qərarına gəldim. Çünki ailəm çox əziyyət çəkirdi”.

Tevez 2005-ci ildə mübahisəli şəkildə “Vest Hem”ə transfer olundu. London klubunun eyni vaxtda həm onu, həm də Xavyer Maskeranonu heyətinə qatması söz-söhbətə yol açmışdı. Futbolçuların qərar haqqının 3-cü şəxslərdə olması FIFA qanunlarına zidd idi. Tevez mövsümü “Vest Hem”də tamamladı, özü də komandanı elitada saxlayan qolun müəllifi olaraq. Ardından “Mançester Yunayted”ə icarəyə verildi. “Vest Hem” də tezliklə transferdə qanunsuzluğa yol verdiyi üçün cərimələndi.

“Mançester Yunayted”də sanki özünü tapdı. “Vest Hem”də olarkən 7 qol, 5 assistlə kifayətlənən argentinalı “qırmızı şeytan”ların forması altında ilk mövsümündə iştirak etdiyi 48 görüşdə 19 qol vurmağı bacardı. Növbəti mövsüm isə 51 matçda qol sayı 15 oldu. Hər iki mövsümdə Premyer Liqa çempionluğunu qazandı, ilk ilində Çempionlar Liqasının qalibi oldu.

Getdiyi yerləri zirvədə tərk etdi
İcarə müddəti bitən Karlosun “Mançester Yunayted”ə birdəfəlik transferi gözlənilirdi. Bəli, Mançesterə qayıtdı, ancaq şəhərin digər komandası olan “Mançester Siti” üçün. “Apaçe” ləqəbli hücumçu “şəhərlilər”in heyətindəki ilk mövsümündə 29 qol vuraraq İngiltərədə rekordunu yenilədi. Addım-addım zirvəyə çıxan “Mançester Siti”nin liderinə çevrilirdi. İkinci mövsümündə 23 qol, 10 assistlə yadda qaldı. Çempion olduqları mövsümə isə damğasını vurdu. Ancaq oyunu ilə yox, baş məşqçi Roberto Mançini ilə dalaşaraq. Ehtiyatda başladığı “Bavariya” ilə qarşılaşmada sonradan meydana çıxmağı rədd etdiyindən, Mançini tərəfindən heyətdən çıxarıldı. Bir də çempionatın 29-cu turunda komandaya döndü. Serxio Aqueronun son dəqiqə qolu ilə gələn tarixi çempionluğun bir parçası oldu.

Həmin mövsümün sonunda İngiltərəni tərk edərək İtaliyaya yollandı, “Yuventus”a qoşuldu. İki mövsümdə 56 qol vurdu, 2 çempionluq qazandı, 2015-ci ilin ən yaxşı futbolçusu seçildi. Ancaq yenə zirvədə ikən gözlənilməz qərarla “Boka Xuniors”a keçdi. Bir mövsüm Çində oynayaraq astronomik məbləğdə pul qazandı. 2018-ci ildə yenidən “Boka Xuniors”a transfer olundu. Bu ay 36 yaşı tamam olan forvard hazırda da məhz bu klubun formasını geyinir və Fuerte Apaçe küçələrində tez-tez gəzir.

Bütün divarları onun şəkilləri ilə bəzədilən Fuerte Apaçedə cinayətlər bitməyib. Ancaq uşaqlar üçün Tevez örnəyi var. Çünki o, argentinalıların “cəhənnəm” adlandırdıqları yerdə dünyaya gəlib, öz cənnətini qurmağı bacarıb. Karlitosun bu hekayəsi yeni nəslin həmin məhlədən təmiz çıxa biləcəklərinə sübutdur.

ApaSport

Digər xəbərlər

Arxiv

date