Parisdə Avropa Prokurorlarının Məşvərət Şurasının 14-cü plenar iclası keçirilib

Parisdə Avropa Prokurorlarının Məşvərət Şurasının 14-cü plenar iclası keçirilib
  • Clock-gray 18:58
  • calendar-gray 22 Noyabr 2019

Noyabrın 21-22-də Parisdə Avropa Prokurorlarının Məşvərət Şurasının 14-cü plenar iclası keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, iki günlük plenar iclasda ekspert qrupu tərəfindən “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı 14 saylı Rəy geniş müzakirə edilərək qəbul edilib.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən və sənədin hazırlanmasında işçi qrupunun üzvü olan Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov Rəyin müzakirəsi zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə 15 ildən artıqdır ki, uğurlu əməkdaşlıq edir.

Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Anti-Korrupsiya Şəbəkəsi də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin beynəlxalq aləmdə səmərəli anti-korrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edib.

Ölkəmiz tərəfindən Rəyin mətninə verilən təkliflər nəzərə alınaraq yekun sənəddə öz əksini tapıb.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, aktual məsələlər müzakirə olunub.

 Qeyd edək ki, Avropa Prokurorlarının Məşvərət Şurası prokurorların dövlətin cinayət ədliyyə sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyini nəzərə alaraq 2005-ci ilin iyul ayında AŞ Nazirlər Komitəsinin qərarı ilə yaradılıb. Avropa Şurasına üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən qurum hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date