Bakı-Astara yolunda yanacaqdaşıyan maşın aşaraq yanıb, bir nəfər ölüb - YENİLƏNİB - VİDEO

Bakı-Astara yolunda yanacaqdaşıyan maşın aşaraq yanıb, bir nəfər ölüb - YENİLƏNİB - VİDEO
  • Clock-gray 10:19
  • calendar-gray 22 Noyabr 2019

Noyabrın 22-də saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. Hadisə yerindən DYMX-nın əməkdaşı verilən ünvanda yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.

Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.

Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton “Aİ-92” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

***

08.02

Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb. 

APA-nın məlumatına görə, yanacaq daşıyan maşın aşdıqdan sonra alışıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda  yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 

Hafiz Heydərov

Digər xəbərlər

Arxiv

date