ANİMAFİLM festivalı yeni mükafat təsis edib

ANİMAFİLM festivalı yeni mükafat təsis edib
  • Clock-gray 12:03
  • calendar-gray 16 İyun 2020

ANİMAFİLM festivalı "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, mükafat Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə təsis olunub. 

Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək. 

ANİMAFİLM festivalı "Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi" kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. 

Ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq. Ssenari aşağıdakı mövzulardan biri ilə əlaqələndirilməlidir: müxtəliflik, tolerantlıq, multikulturalizm, insan haqları, qadın haqları və iqlim dəyişikliyi.

Müraciət etmək üçün son tarix iyunun 30-dur. Əlavə məlumat www.animafilm.az saytından əldə etmək olar.

Xatırladaq ki, III ANİMAFİLM festivalı oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunub. Festival Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, Barat Abdullayev və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər