Azərbaycan və Qazaxıstan muzeyləri arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan və Qazaxıstan muzeyləri arasında əməkdaşlığa dair memorandum imzalanıb
  • Clock-gray 11:07
  • calendar-gray 03 Dekabr 2019

Azərbaycan Milli İncəsənət Muzeyi ilə Qazaxıstan Respublikasının A.Kasteyev adına Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın məlumatına görə, tədbir MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda keçirilən “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində baş tutub.

Hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında öz üzərilərinə öhdəlik götürüblər.

Sazişə əsasən, birgə elmi-tədqiqat işinin aparılması, mədəni-maarifləndirici layihələrinin hazırlanması və realizasiyası, birgə elmi proqramların keçirilməsi, işgüzar görüşlərin təşkil edilməsi, elmi informasiyanın, sənədlərin, ədəbiyyat və biblioqrafik nəşrlərin, eləcə də alim və mütəxəssislərin mübadiləsi və s. həyata keçiriləcək. Tərəflər əməkdaşlıq, mədəni irsin öyrənilməsi və geniş vüsət alması, o cümlədən elmi və mədəni əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı maraqların olduğunu vurğulayıblar.

Memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və Qazaxıstan Respublikasının A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin direktoru, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimi Gülmira Şalabayeva imzalayıblar.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date